`Bu fərman korrupsiyanın qarşısının alınması baxımından mütərəqqi addımdır`

`Bu  fərman korrupsiyanın qarşısının alınması baxımından mütərəqqi addımdır`
  14 Fevral 2014    Oxunub:1642
Azərbaycan prezidenti fevralın 11-də “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinə fərman verib. “Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsinin rəhbəri Rəna Səfərəliyevanın sözlərinə görə, bu fərman ölkədə korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi baxımından mütərəqqi addımdır.

- Təşkilatımız uzun illərdir ki, institusional islahatların həyata keçirilməsi üçün hökumətlə iş aparır. Belə ki, dövlət qurumları ilə birgə keçirilən dəyirmi masalarda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün tövsiyələr verilir və bu tövsiyələrin icra vəziyyəti ilə bağlı hesabatlar hazırlanır. ASAN mərkəzlərinin formalaşdırılması, fəaliyyətinin genişləndirilməsi, göstərilən xidmət növlərinin artırılması ilə bağlı xeyli tövsiyəmiz olub və sevindirici haldır ki, hökumət bu tövsiyələrin bir çoxunu icra etmək istiqamətində işlər görüb,- deyə Səfərəliyeva bildirib.

Onun sözlərinə görə, 11 fevral fərmanı xüsusi önəm kəsb edir. Belə ki, hələ 29 aprel 2013-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsi və digər dövlət qurumlarının iştirakı ilə təşkil olunan dəyirmi masada təqdim etdikləri tövsiyələr paketində əsas məqamlardan biri məhz mənzillərin ilkin və təkrar qeydiyyatının ASAN mərkəzlərində aparılması idi.

“Dövlət qurumlarına tövsiyələrin icra vəziyyətinin monitorinqi ilə bağlı 24 yanvar 2014-cü ildə təqdim etdiyimiz hesabatda da mənzillərin təkrar qeydiyyatı ilə yanaşı, ilkin qeydiyyatının da ASAN mərkəzlərində həyata keçirilməsi tövsiyə olunmuşdu. Əgər əvvəllər “ASAN xidmət” fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqları ilə bağlı heç bir fəaliyyət aparmırdısa, artıq onların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsini həyata keçirəcək.

Tətbiq ediləcək “ASAN ödəniş” isə məmurlarla vətəndaşların təmasını minimuma endirmək və mümkün korrupsiya riskini aradan qaldırmaq istiqamətində uğurlu addımdır. Artıq uzun illərdir ki, vətəndaş cəmiyyətinin üzvləri məmur-vətəndaş təmasının mümkün qədər azaldılması və bu istiqamətdə elmi texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması ilə bağlı dövlətə tövsiyələr verir. Son yeniliklər göstərir ki, dövlət vətəndaş cəmiyyətinin səsləndirdiyi konstruktiv tövsiyələri diqqətə alır və qarşılıqlı əməkdaşlıq imkanları genişləndirilir. Bu, çox sevindirici məqamdır” (MediaForum).


Teqlər:  





Xəbər lenti