Sərdar Cəlaloğlu Xədicə İsmayılı topa tutdu

Sərdar Cəlaloğlu Xədicə İsmayılı topa tutdu
  14 Fevral 2014    Oxunub:1653
Sərdar Cəlaloğlu: «Bu adam jurnalistdir, onun bu qədər siyasiləşməsi çox gülünc görünür»
Eynulla Fətullayev özünün virtualaz.org saytında heyrət doğuracaq məqalə ilə çıxış edib. “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı...” adlı həmin yazıda ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı Con Zadrozni ilə Daniel Vajdiçin Azərbaycana səfərindən, burada jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçisi Emin Hüseynov və vəkil Rəşid Hacılı ilə keçirdikləri görüşdən söhbət açılır.

Qeyd olunur ki, görüşdə jurnalist X.İsmayıl Amerika xüsusi xidmət və kəşfiyyat orqanları əməkdaşları sayılan bu iki nəfərə xüsusi hesabat təqdim edib. Həmin hesabatda Vaşinqtonun əməkdaşlığı dərhal kəsməli olduğu Azərbaycan ictimai-siyasi xadimlərinin siyahısı yer alıb. X.İsmayılovaya görə, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu, KXCP sədri Mirmahmud Fəttayev, siyasətçilər Arif Hacılı, Həsən Kərimov, Eldar Namazov, hüquq müdafiəçiləri, ReAl hərəkatı İdarə Heyətinin üzvləri, həmçinin digər vətəndaş cəmiyyəti sektorunun, QHT və KİV-lərin ümumilikdə 100-ə yaxın nümayəndəsi iqtidarla əməkdaşlıq edir.

Məqalədə o da qeyd olunub ki, hesabatda əks olunan məlumatlar X.İsmayıl tərəfindən bir qədər əvvəl ABŞ səfirliyinə də ötürülüb. Sözügedən məsələ ilə bağlı adı sözügedən siyahəda yer alan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu «Kaspi»nin suallarını cavablandırır.

- Sərdar bəy, sözügedən məsələyə münasibətiniz necədir?

- Xədicə İsmayıl bu gün mətbuata verdiyi açıqlamasında belə bir hesabatı hazırlamadığını iddia edir. Bildirir ki, buna yalnız “debil”lər inana bilər. Amma, bütünlükdə bunu kimin hazırlamasını, kimin yaymasını kənara qoysaq, hesabat demokratik ictimaiyyəti nüfuzdan salmaq məqsədi daşıyır. Bütün bu adamlar haqqında belə məlumatların yayılması yolverilməzdir. Konkret olaraq bu hesabat, Xədicə İsmayılın əl işidirsə, onun məqsədlərindən biri də bu ola bilər ki, bütün partiyaları qaralamaqla, özünün mənsub olduğu təşkilatı yüksəltsin. Bununla Xədicə İsmayıl Azərbaycan Xalq Cəbhəsi Partiyasından başqa bütün siyasi təşkilatlara qarşı qərəzli mövqe tutmuş olar. Bu, onun “Azadlıq radiosu”nda apardığı debatlarda da açıq şəkildə görünür. Belə çıxır ki, Xədicə xanım Milli Təhlükəsizlik Nazirliyində işləyir. Bu adam jurnalistdir, onun bu qədər siyasiləşməsi çox gülüncdür.

- Amma həmin siyahıda AXCP funksioneri Həsən Kərimovun da adı var...

- Həsən Kərimovla bağlı aşağılayıcı nə yazılıb ki, orada? Hesabata görə Həsən Kərimov MTN-nin Anti-terror Mərkəzi ilə əlaqədə olub. Əgər belə bir fakt həqiqətən də varsa, mən bunu normal sayıram. Elə Amerikanın da, digər mütərəqqi qurumların da istəyi budur ki, hamı anti-terror koalisiyasına dəstək versin. Mən də lazım olsa, MTN-nin Anti-terror Mərkəzi ilə əməkdaşlıq edərəm. Seçki vaxtı şübhəli şəxs bizimlə əlaqəyə girmək istəyirdi. Həmin adamın məqsədi seçkidə təxribat törətmək idi. Biz müvafiq orqanlara müraciət etdik, onu neytrallaşdırdılar. Biz hökumətlə düşmən deyilik ki. Həsən Kərimov da anti-terror mərkəzi ilə əlaqə saxlayırsa, bunu alqışlamaq lazımdır. Yaxşı, Sərdar Cəlaloğlu, İsa Qəmbər hakimiyyətə işləyir, bəs müxalifət kimdir? Hakimiyyətlə müəyyən sahələrdə iş birliyinə getməməyimiz bizə problem yaradır. Ona görə də demokratikləşmə sahəsində heç bir nəticə əldə etməmişik. Əgər Xədicə İsmayılın dedikləri kimi hərəkət etsək, hakimiyyətlə düşmən olmalıyıq.

- Hesabatda sizin də Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbərinin müavini Tahir Süleymanov tərəfindən koordinasiya olunduğunuz və idarə edildiyiniz bildirilir.

- Mən partiya sədri kimi dövlət orqanları ilə əlaqə saxlayıram. Partiyanın bir problemi olanda Əli Həsənovla əlaqə saxlayıram. Çünki siyasi partiyalarla məsələlərə o baxır. Hesabatda deyilən adamın heç adını eşitməmişəm. Deyək, hansısa partiya Prezident Administrasiyasından maliyyələşir. O zaman siz onun fəaliyyətinə baxın. Elə partiyalar var ki, heç yerdən maliyyələşmir. Fəaliyyətinə baxanda görürsən ki, demokratikləşmənin əleyhinə çıxış edir. Fəaliyyətə fikir vermək lazımdır, böhtan atmaq olmaz. ADP-nin fəaliyyəti göz qabağındadır. Bizim ciddi maliyyə imkanlarımız olsaydı, fəaliyyətimizi gücləndirərdik. Biz həddən artıq çətinlik çəkirik. Xədicə İsmayıl bunların hamısını uydurub.

- Bəs belə bir hesabatı hazırlayıb ABŞ senatına ötürməyin məqsədi nədir?

- Məqsəd həmin adamları cəmiyyətdə və ölkədən kənarda nüfuzdan salmaqdır. Bunun da arxasında o dayana bilər ki, beynəlxalq aləm müxalifətə dəstək verməsin, xalq onlara inamsızlıq nümayiş etdirsin. Düzdür, bəziləri deyir ki, bu hesabat AXCP tərəfindən hazırlanıb və digər siyasi təşkilatların cəmiyyətdəki rolunu azaltmağa hesablanıb. Mən buna inanmıram. Yenə də təkrar edirəm ki, bu hesabatı, məlumatı kimin hazırlamasından asılı olmayaraq Azərbaycanda demokratiyanın gələcəyinə böyük zərbə vurmuş olur. Azərbaycanda kiminsə xaricə öz ölkə daxili hadisələrini daşımasının özü yanlışdır. Ola bilsin kimlərsə buradan qrup və fərd şəkildə nə isə uda bilər. Amma bütünlükdə bundan Azərbaycan cəmiyyəti uduzur.(Kaspi.az)


Teqlər:  





Xəbər lenti