Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirildi

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirildi
  14 Fevral 2014    Oxunub:3167
Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin adı dəyişdirilib, idarənin işçilərinin statusu isə artırılıb.
AzVision.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Prokurorluq haqqında" qanunlara müvafiq əlavə və dəyişikliklər edilib.

Qanunlara edilən müvafiq dəyişikliklərə əsasən, Korrupsiyaya qarşı mübarizə idarəsi bundan sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi adlanacaq, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə isə baş prokurorun müavini hesab edilən Baş İdarənin rəisi rəhbərlik edəcək.

Bundan əlavə, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi vəzifəsi ikinci təsnifata, İdarə rəisinin müavinləri və idarə rəisləri üçüncü təsnifata, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin idarə rəislərinin müavinləri və şöbə rəisləri üçüncü təsnifata aid ediləcək.

Beşinci təsnifata dair maddədə "korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları" sözləri isə "Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin idarə və şöbələrinin böyük prokurorları, prokurorları, prokuror-kriminalistləri, mühüm işlər üzrə müstəntiqləri, mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları" sözləri ilə əvəz edilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin işçilərinə rütbələr İdarənin rəisinin təqdimatı əsasında veriləcək.
İdarə rəisi əməkdaşların vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimatlar vermək səlahiyyətinə malik olacaq.




Teqlər:  





Xəbər lenti