İsa Qəmbərin yerinə daha bir namizəd

İsa Qəmbərin yerinə daha bir namizəd
  15 Fevral 2014    Oxunub:1263
Müsavat partiyasının xanım fəalları partiya başqanlığına namizədlikdən danışıb. Partiyanın Divan üzvü Nüşabə Sadıxlı AzVision.az-a açıqlamasında bildirib ki, onun namizədliyinin irəli sürülməsi istisna deyil:

“Əgər mən lazım bilsəm başqanlığa namizəd olacam. Amma bu, başqanlığa namizədliyini verənlərin siyahısından asılı olacaq. Yəni rəsmi şəkildə bilinəndən sonra ki, kimlər başqanlığa namizəd olub, ondan sonra mən qərar verəcəm”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, onun başqanlıq iddiası yoxdur: “Mən başqanlığa namizədliyimi verməyəcəm. Arif bəy namizədliyini verəcək, ondan başqa da kim versə, hamısına uğurlu yol arzu edirəm. Mən başqanlığa namizədliyimi vermərəm, cavanlar versin, onlara dəstək olarıq”.

Kimi dəstəklədiyinə gəlincə isə, hüquq müdafiəçisi bildirib ki, bu barədə namizdələrin hamısı müəyyənləşəndən sonra qərar verəcək: “Kim verəcəksə, hamısı başqan olmağa layiqdir. Amma mən istəyərdim ki, İsa bəy başqan kimi qalsın. Mənim arzum İsa Qəmbərin qalmağıdır. Lakin o, israrla deyir ki, gedəcək”.

Qeyd edək ki, Müsavat Partiyasının VIII qurultayının may 24-də keçirilməsi planlaşdırılır. Partiya bununla bağlı yer ayırılması üçün fevralın 11-i Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti