Prezident və xanımı gimnastların məşqini izlədi

Prezident və xanımı gimnastların məşqini izlədi
  17 Fevral 2014    Oxunub:1468
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 17-də Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Gənclər və idman naziri Azad Rəhimov arenada görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, kompleksin fasadı xüsusi formada işlənmişdir. Burada maraqlı illüminasiya elementlərini təqdim edən ekranlar quraşdırılmışdır. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının keçirilməsi üçün uyğunlaşdırılmasıdır. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 9 min 600-ə qədər artırmaq mümkündür.

Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Avropada ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılıb.
Diqqətə çatdırıldı ki, Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, 2015-ci ildə birinci Avropa Oyunları çərçivəsində 6 gimnastika fənni üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılır.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrıca inşa edilmiş məşq zalında yaradılan şəraitlə tanış oldular. Dövlətimizin başçısı və xanımı burada gimnastların məşq prosesini izlədilər. Məşq zalında idmançılar üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısına və xanımına milli yığmanın forması təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.

AzVision.az


Teqlər:  





Xəbər lenti