Şeyx dünya liderlərinə müraciət

Şeyx dünya liderlərinə müraciət
  18 Fevral 2014    Oxunub:1596
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib.

AzVision.az xəbər verir ki, müraciətdə deyilir: "Milyonlarla azərbaycanlının iradə və hisslərini ifadə edərək, Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın 22-ci ildönümü ərəfəsində dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə müraciət edirik. Əminik ki, ümumbəşəri dəyərlərə zidd olan zorakılıq, təcavüz, qətliam kimi cinayət əməllərinə heç bir cəmiyyət, heç bir din haqq qazandırmır. Tarixi gerçəklik ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakini erməni qəsbkarlarının qəfil və amansız basqınına məruz qalmış, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmamışdır. Nəticə etibarilə, 150 nəfər də itkin düşmüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalmış, şəhid edilmişlərin cəsədləri üzərində ağlasığmaz təhqiramiz hərəkətlər törədilib.

Bu gün geniş vüsət alan “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında, haqqın və tarixi ədalətin bərpasında önəmli rol oynayır. Qafqaz Müsəlmanları İdarəsi dünya ictimaiyyətini erməni ekstremistlərinin məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən təcavüzkar dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını - Xocalı soyqırımı faktını öz adı ilə çağırmağa və pisləməyə səsləyir.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə, düzgünü yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun".




Teqlər:  





Xəbər lenti