Nazim İbrahimov oğlunun `var-dövlətin`dən danışdı

Nazim İbrahimov oğlunun `var-dövlətin`dən danışdı
  18 Fevral 2014    Oxunub:1745
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov mətbuatda onun ailə üzvləri, xüsusilə oğlu Elnur İbrahimovla bağlı yazılanlara münasibət bildirib.
Nazim İbrahimov APA-ya açıqlamasında yazılanları “cəfəngiyyat” adlandırıb: “Mənim belə bir əmlakdan xəbərim yoxdur. Əgər o yazını yazan jurnalist həmin əmlakın ünvanını mənə göstərsə, hamısını ona bağışlayacağam”.

Komitə sədri bildirib ki, yazılanlar cəfəngiyyatdır və yoxlanılmamış məlumatlardır: “Özünü ciddi hesab edən media belə yoxlanılmamış məlumatı verməməlidir”.

N.İbrahimov bu tipli yazıları Azərbaycan iqtidarında olanlara qarşı “şər atmaq, ləkə yaxmaq, dövlət adamlarını nüfuzdan salmaq üçün planlı addım” adlandırıb: “Bir sıra müxalifət mətbuatında dövlət və hökumət adamlarına qarşı bu cür addımlar atılır. Bunların da demək olar ki, tam hissəsi şayiələrdir, həqiqətə uyğun deyil. Bu, sadəcə Azərbaycan iqtidarına sədaqətli olan adamları ləkələmək, onları cəmiyyətə tamam başqa cür təqdim etmək məqsədi daşıyır”.

Qeyd edək ki, bu gün “haqqın.az” saytında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimovun sərvəti barədə yazılıb. Yazıda E.İbrahimovun şəxsi təyyarə ilə səyahət etdiyi, bahalı yaxtalara sahib olduğu barədə məlumatlar yer alıb.

Xatırladaq ki, sayt son günlər bir neçə bu məzmunlu yazılar yayıb.


Teqlər:  





Xəbər lenti