Monako Knyazı “Bakı Ağ şəhər”lə tanış olub -FOTOLAR

Monako Knyazı “Bakı Ağ şəhər”lə tanış olub -FOTOLAR
  19 Fevral 2014    Oxunub:1690
Azərbaycanda səfərdə olan Monakonun Knyazı II Albert fevralın 19-da “Bakı Ağ şəhər” layihəsi ilə tanış olub. Qonağa “Bakı Ağ şəhər” layihəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu şəhərsalma layihəsi Prezident İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı” çərçivəsində həyata keçirilir. “Bakı Ağ şəhər”in təməl daşı 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Diqqətə çatdırılıb ki, Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən, vaxtilə “Qara şəhər” kimi tanınan bu ərazidə yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir və böyük yaşayış mərkəzi yaradılacaqdır. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaqdır. Eyni zamanda, layihə çərçivəsində köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, neft və neft tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi və abadlaşdırılması nəzərdə tutulub.

Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak etmişlər. Yeni layihənin icrasına başlanılması xarici və yerli sərmayədarlar üçün də geniş imkanlar açır. İnvestisiyaların həcmindən asılı olmayaraq layihə “bir pəncərə” prinsipi ilə işləyərək, tikintinin əvvəlindən sonunadək “Bakı Ağ şəhər”in sərmayəçi və inşaatçılarına hüquqi və təşkilati dəstək göstərilməsini nəzərdə tutur.
Qeyd olunub ki, layihənin ayrı-ayrı binaları Avropa və Asiyanın beynəlxalq sərgilərində mükafatlara namizəd göstərilmişdir. Layihənin özü isə “MİPİM Asia Awards 2011” müsabiqəsinin “Mərkəzi və Qərbi Asiyada gələcəyin ən yaxşı layihəsi” nominasiyasının qalibi olmuş, habelə “Cityspace Global 2011” sərgisində “Ən yaxşı şəhərsalma layihəsi” nominasiyasında mükafat alıb.

“Bakı Ağ şəhər” layihəsi Monako Knyazında böyük maraq doğurub.
Sonda qonağa “Azərbaycan xalçaları” kitabı hədiyyə olunub.

Qalereya




Teqlər:  





Xəbər lenti