Latviya dərsliyində Qarabağ təxribatı - RƏSMİ REAKSİYA

Latviya dərsliyində Qarabağ təxribatı - RƏSMİ REAKSİYA
  20 Fevral 2014    Oxunub:6149
Latviyanın məşhur “Yana Seta” kartoqrafiya nəşriyyatı növbəti coğrafi atlas buraxıb. Burada Dağlıq Qarabağın ərazisi Azərbaycanın tərkibində tanınmayan ərazi qurum kimi göstərilib. Xəritədə Cənubi Osetiya, Abxaziya, Şimali Kipr, Dnestryanı bölgənın əraziləri və digər qondarma ərazi qurumları da oxşar formatda göstərilib.

Azərbaycanın Latviyadakı səfirliyi yaranan problemə dərhal reaksiya göstərib. Bu insidentlə bağlı Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun təşəbbüsü ilə GUAM-ın üzvü olan ölkələrin Latviyadakı səfirlərinin təcili iclası keçirilib və yaxın günlərdə isə həmin formatda Latviya XİN-in rəhbərliyi ilə görüş nəzərdə tutulub.

Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Gəray Muradov fevralın 19-da Latviya XİN-in ikitərəli əlaqələr üzrə birinci departamentinin direktoru Vilmars Heninşlə görüşüb. O, Azərbaycan tərəfinin narazılığını bildirərək, müvafiq notanı və Azərbaycan səfiri Elman Zeynalovun Latviyanın xarici siyasət idarəsinin başçısına ünvanlanan məktubunu ona təqdim edib. Məktubda bu insidentlə bağlı hiddət ifadə olunub, Dağlıq Qarabağ münaqişəsi barədə məsələyə növbəti dəfə aydınlıq gətirilib.

Latviya XİN-in yüksək vəzifəli nümayəndəsi ilə görüşdə belə bir fakt da diqqətə çatdırılıb ki, Azərbaycanın əzəli tarixi ərazisi olan Dağlıq Qarabağın ölkəmizin ərazisində qondarma respublika kimi göstərilməsi Latviyanın Azərbaycan diasporunu narahat edir.

Latviya XİN-in əməkdaşı bildirib ki, vəziyyətlə bağlı ölkədəki bütün mətbu nəşrlər əsaslı şəkildə yoxlanılıb.

Müəyyən olunub ki, bu atlas separatçı rejimlərin dünya birliyi tərəfindən tanınmayan ərazilərinin göstərildiyi yeganə nəşrdir. Atlası hazırlamaq dünyada mövcud olan bütün qondarma ərazi qurumlarını nümayiş etdirmək məqsədi daşıyıb.

Latviya XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, bu atlas dərs vəsaitidir. Bu faktı ölkənin Təhsil Nazirliyi də təsdiq edib. Bununla əlaqədar olaraq, Latviya XİN bir daha bəyan edir ki, coğrafi xəritədə yol verilən səhv Latviyanın rəsmi mövqeyini əks etdirmir və rəsmi Riqa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu hadisədə açıq-aydın Latviya və Azərbaycan arasında dostluq münasibətlərinə zərbə vurmağa uğursuz cəhd göstərən üçüncü tərəfin marağı hiss olunur. Latviya XİN əmin edib ki, həmin məsələ ilə bağlı “Yana Seta” nəşriyyatı ilə müvafiq iş aparılacaq, xəritələrin yayılması isə yaxın vaxtlarda dayandırılacaq.


Teqlər:  





Xəbər lenti