Minaya düşən minaaxtaran: “Düşmən ağlagəlməz “sürprizlər” hazırlayıb” - FOTO
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini E.Mirzəyev 15 ildən artıq müddətdə minatəmizləmə işi ilə məşğul olub. O, 2021-ci ilin 29 yanvar tarixində Ağdam dəmiryolunun minalardan təmizlənməsi zamanı baş vermiş partlayış nəticəsində gözünü və ayağının birini itirib.
“15 il ərzində minlərlə, bəlkə də daha çox partlamayan hərbi sürsatların zərərsizləşdirilməsi ilə məşğul olmuşam. Torpaqlarımız azad olunandan sonra Ağdamda təmizlənmə əməliyyatları aparan zaman sürpriz mina ilə rastlaşdıq. Partlayış nəticəsində sol ayağımı itirdim, sağ gözüm tamamilə sıradan çıxdı, sol gözümdə isə buynuz qişası dəyişdirilməlidir. Yalnız bu halda bir gözümün görmə qabiliyyəti bərpa olunacaq. Düşmən ərazini elə formada minalayıb ki, sanki yerə mina xalçası salınıb. Hər bir şeydən sürpiriz hazırlayıb. Bir mina partlayışı zamanı minlərlə mina partlaya bilər. Əraziyə partlayıcı sursatlar yerləşdirib və onu mina ilə əlaqələndiriblər. Dünya standartında belə minalama formatı yoxdur".
4 uşaq atası olan E.Mirzəyev vətəndaşlarımıza müraciət edərək, onları səbrli olmağa, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etməməyə çağırıb:
"İnsanlarımıza səslənirəm, siz 30 ilə yaxın dözdünüz, daha 5 il də səbr edin. Mən başa düşürəm, yurd, torpaq həsrətindəsiniz, ancaq elə bilin ki, torpaqlarımız 35 ildən sonra azad olunub. Ağlınıza gəlməyən formada minalardan sürprizlər hazırlanıb. 15 ilin mütəxəssisiyəm, amma mən də minanın qurbanı oldum. Bizim digər əməkdaşlarımız da bu vəziyyətlə qarşılaşıblar. İllərin peşəkarları belə halla rastlaşırsa, görün minadan anlayışı olmayanlar nə vəziyyətə düşə bilər. Polisimiz, hərbçilərimiz səsucaldıcılarla insanlara çağırış edir ki, qadağan olunmuş ərazilərə girməyin, düşmən hələ torpağın altındadır.
Ermənilər minalanmış ərazilərin xəritəsini ona görə verə bilmirlər ki, həmin ərazilərdə ağla sığışmayan vəhşiliklə mina döşəyiblər. Bu, insanlığa qarşı ən böyük vandallıqdır.
"Bozena" adlı mina təmizləyən maşınlar var. Ancaq səngərlərdə, dərələrdə, təpələrdə bu texnikalardan istifadə etmək olmur. Yalnız düzənlik relyefdə işləyə bilir. Düşmənin amansızlığı Ağdamda daha çox görünür. Bu rayonda basdırılan minaların sayı-hesabı yoxdur. Ən kiçik səhv insanı ölümə aparır.
Hərbçilərimiz müharibə ilə torpaqlarımızı işğaldan azad etdi. Bizim işimiz ərazilərimizi mina işğalından azad etməkdir. Vətəndaşlar azad edilmiş ərazilərin təhlükəli olduğunu dərk etməlidirlər. Səbrli olmaq lazımdır. Piyada əleyhinə minanın üzərinə tank əleyhinə düzürlər. Onu çəkən vaxt altdakı mina işə düşür. Tələ məftili ilə bir minadan başqa minaya xətlər ayırırlar. Bir minanı zərərsizləşdirən vaxt digər mina partlayır. Adi mərmini qoyub aralıdan ona tələ məftili ilə mina xətti çəkirlər. İnsanlar naməlum əşya görərsə, ona toxunmasın, dərhal polisə, ANAMA-ya xəbər versinlər. Elə sursatlar var ki, günə çıxaranda və ya kölgədə işə düşür. Belə mərmilərə 90 dərəcə bucaq altında yaxınlaşmaq lazımdır”.
Həmsöhbətimiz gözündən əməliyyat edildikdən sonra Türkiyədə ayağının protezlə təmin olunacağını söyləyib.
“Sol ayağım topuqdan yuxarı amputasiya olunub. Gözüm əməliyyatla qaydasına düşəndən sonra bizim idarə tərəfindən Türkiyəyə göndəriləcəyəm və orada ayağıma protez qoyulacaq. Bu ayın axırına kimi ABŞ-dan gözün buynuz qişası gətiriləcək, onu gözləyirik.
İşlədiyim qurum 6 ay ərzində maaşımı ödəyəcək. Bu müddətdən sonra əlillik dərəcəm müəyyənləşəcək və təqaüdlə təmin olunacağam. Mən sizin vasitənizlə “YAŞAT” fonduna təşəkkürümü bildirirəm. Evimin tikintisi yarımçıq qalmışdı, buna görə mənə 10 min manat verdilər”.
Şahanə Rəhimli
Azvision.az