Böyük Qayıdışa doğru: Ağdam dünyada örnək şəhər olacaq

 Böyük Qayıdışa doğru:  Ağdam dünyada örnək şəhər olacaq
  29 May 2021    Oxunub:2913
Ötən gün Prezident İlham Əliyevin Ağdama səfəri bir sıra əlamətdar hadisələrlə yadda qaldı.
Ölkə başçısının işğaldan azad edilmiş Ağdam rayonuna səfərinin məhz 28 may tarixində reallaşması təsadüfi deyildi. Çünki həmin gün Azərbaycan xalqı Respublika Gününü qeyd edirdi. Prezident Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səfərin 28 may gününə salınmasının təsadüfi olmadığını söylədi.

“Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək.

Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir”,
- deyən ölkə başçısı əlavə edib ki, əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi.

30 ilə yaxın erməni işğalına məruz qalmış və ötən il Vətən müharibəsində bir güllə belə atılmadan, şəhid verilmədən geri qaytarılan Ağdama səfər zamanı xeyli diqqət çəkən məqamlar yaşandı. Ağdam digər işğal altında saxlanılmış tarixi ərazilərimiz kimi milli-mənəvi və ekoloji terrora məruz qalıb. Bu səbəbdən Ağdamda əvvəlki yaşıllıqların bərpası, meşə ehtiyatlarının artırılması əsas prioritet seçilmişdi.

Səfər çərçivəsində Ağdam şəhər meşə-parkının salınmasında iştirak edən dövlət başçısı əkdiyi dağdağan ağacının Azərbaycanın simvolu olduğunu söylədi. Məhz Respublika Günündə işğaldan azad edilmiş tarixi Azərbaycan torpağında dağdağan ağacının əkilməsi özlüyündə çox böyük rəmzi məna daşıyırdı.



Bu gün biz Qarabağda Böyük Qayıdış planının reallaşdırılması istiqamətində irimiqyaslı işlərin görülməsinin şahidi oluruq. Azad olunan ərazilərdə tikilməyə başlayan ilk yaşayış evinin təməlinin Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmasını simvolik addım kimi qiymətləndirmək olar. Təsadüfi deyil ki, dövlətimizin başçısı ona doğma olan torpaqlarımızda bütün quruculuq, yenidənqurma işlərinin hər bir incə detalına kimi diqqətdə saxlayır, viran edilmiş tarixi kənd və rayonlarımızın müasir üslubda bərpasında birbaşa özü iştirak edir. Onun azad edilən şəhər və rayonlarımıza həssas yanaşması xalqımız tərəfindən təqdir edilir. Elə Ağdamda da eyni həssasiyətin şahidi olduq. Cənab İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edərək bütün dünyaya bundan sonra bu müqəddəs şəhərin əmin əllərdə olacağını göstərmiş oldu.

Qeyd edək ki, binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək.

Ağdam sənaye mərkəzinə 110 milyon manat sərmayə qoyulacaq



Ağdam hələ Sovetlər dönəmində yalnız kənd təsərrüfatı ilə deyil, həm də bəzi sənaye məhsulları ilə tanınırdı. Təəssüf ki, işğal dövründə erməni vandalizmi rayonun sənayesindən də yan keçməyib. Ermənilər Ağdamı barbarcasına dağıdaraq, burada hər şeyi məhv ediblər. Bundan sonra isə Ağdam Azərbaycanın digər iqtisadi dirçəliş dövrünü yaşayan rayonları kimi yeni sənayeləşmə ilə önə çıxacaq.

Artıq Ağdamda Sənaye Parkı yaradılmağa başlanılır. Prezidentin rayonda olarkən təməlini qoyduğu Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili planlaşdırılır.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaqsa, Ağdamda sənaye mərkəzi təşkil olunacaq. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

Dağıdılmış bütün yerlər bərpa olunacaq



Ağdam tarixi-memarlıq abidələri, tikililəri ilə daim diqqət çəkib. İşğaldan əvvəl rayonda XVIII əsrə aid bir sıra mühüm tarixi və dini abidələr olub. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi Ağdamın qədim tikililərindən sayılır. 28 illik işğal zamanı vəhşi düşmən buranı da dağıdaraq, izimizi silməyə çalışıb. İmarət dünyanın gözü qarşısında uzun illər təhqir edilib, vandalizmə məruz qalaraq tövlə kimi istifadə olunub. Erməni vəhşiliyinə məruz qalmış kompleksə baş çəkən Prezident dağıdılmış yerlərin bərpa olunacağını, əvvəlki görkəminə qayıdacağını diqqətə çatdırdı.

Bundan əlavə, məlumat verildi ki, Ağdamda digər sosial obyektlərlə yanaşı, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq. Qafqazın Hirosiması adlandırılan Ağdam 30 ilə yaxın müddətdə ən çox dağıntılara məruz qalan rayonlardan biridir. Bu səbəbdən burada açıq hava altında İşğal muzeyinin yaradılmasına qərar verilib.

Prezidentə yeni muzeylər barədə məlumat verilərkən bildirildi ki, orada işğal dövründə Azərbaycan xalqının keçdiyi çətin yolu göstərən nişanələr olacaq. Rayona gələn turistlər hər iki muzeydə Qarabağ müharibəsinin və erməni işğalının nəticələrinə şahidlik edə biləcəklər.

Səfər çərçivəsində diqqət çəkən daha bir məqam Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlinin qoyulması oldu. Çünki bu məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur. Məktəbin əsası Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə qoyulub, 1993-cü ildə isə erməni işğalı nəticəsində tamamilə dağıdılıb. Erməni vandallarının dağıtdığı məktəb ölkə başçısının xüsusi tapşırığına əsasən yeni görkəmdə Azərbaycan təhsilinə yenidən xidmət edəcək.

Qarabağın bütün dini məkanlarında olduğu kimi Ağdamın XVIII əsrə aid Qiyaslı məscidində də erməni vandalizminin izləri qalmaqdadır. Dövlət başçısının ziyarət etdiyi bu məsciddə ermənilər vaxtilə heyvanlar saxlayıb, Ağdamdan çıxanda isə buranı yandırıblar. Nəticədə məscidə xeyli ziyan dəyib. Rayonda XVIII əsrə aid daha bir tarixi dəyərimiz Şahbulaq qalasıdır. Dövlət başçısına erməniləşdirilməyə çalışılmış qalanın əvvəlki hala qaytarılması ilə bağlı abidənin yenidənqurma planı təqdim edildi.

Ağdamda elə bir şəhər quracağıq ki, bütün dünyaya örnək olacaq



Daha sonra Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşən ölkə başçısı bir sıra diqqətçəkən mesajlar səsləndirdi. Respublika Günündə Ağdamda olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyən cənab İlham Əliyevin burada dünyaya örnək olacaq bir şəhər qurulacağını bəyan etdi. Dövlət başçısı xatırlatdı ki, Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər keçirib, onlara torpaqlarımız azad olunandan sonra gözəl şərait yaradılacağını bildirirmiş:

“Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.

Prezident növbəti dəfə erməni vandallığından söz açdı. Təəssüflə dedi ki, rayonda Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat binanın qalmaması hansısa yad planetli, ünsürlərin əməlləri deyil, bizim qonşumuz olan, çörəyimizi yeyən, torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilərin əməlləridir. İlham Əliyev bütün maddi sərvətimizin məqsədyönlü şəkildə dağıdılmasını, talan edilməsini, tarixi-dini abidələrimizin sökülməsini önə çəkərək bütün bunların bir neçə məqsədə xidmət etdiyini söylədi. Birincisi, bizə olan nifrət. İkincisi Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin.

“Təkcə bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Mən maşınla yüz kilometrlərlə torpaqları gəzərkən gördüm ki, sağda-solda hər şey dağıdılıb, talan edilib. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Mən bunu demişəm, bir daha burada Respublika Günündə Ağdam şəhərində demək istəyirəm, bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, bax, ermənilərin aqibətinə bənzər olacaq” ,- deyən ölkə başçısı Ermənistana mühüm çağırışlar etdi.

Müzəffər Ali Baş Komandan qarşı tərəfin hələ də öz təxribatçı əməllərindən əl çəkməməsindən söz açaraq İrəvana qəti və sərt xəbərdarlığını ünvanladı. Bəyan etdi ki, əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə yarandığını görsək, dərhal düşməni yerindəcə məhv edəcəyik. Ölkə başçısı, həmçinin son günlər Azərbaycanla sərhəddə Ermənistan ordusu tərəfindən törədilmiş təxribatın cavabsız qalmadığını xüsusi olaraq vurğuladı:

“İndi görün, necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar - indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir”.

Heç kim Azərbaycana təzyiq edə bilməz!



Ağdamdan bəzi beynəlxalq dairələrə də siyasi mesajlar çatdırıldı. Prezident ağdamlılar qarşısında çıxışı zamanı açıq şəkildə dedi ki, biz öz sərhədlərimizi bundan sonra da möhkəmləndirəcəyik, heç kim bizə təzyiq və təsir edə bilməyəcək. Bəzi ermənipərəst ölkələrin, dairələrin hansısa açıqlamalar vermələri onların öz işidir.

Avropa Parlamentinin saxta faktlar əsasında qətnamə qəbul etməsinə fikir vermədiyini deyən Prezident İlham Əliyev “bunlar hamısı əhəmiyyətsiz şeylərdir” deyərək ağdamlıları düşündürən digər mühüm məqama diqqət çəkdi.

Müzəffər Ali Baş Komandan müharibə dövründə niyə əsas hədəfin məhz Ağdam olmamasına, bu istiqamətdən hücumların təşkil edilməməsinə aydınlıq gətirdi. Çünki Ali Baş Komandan müharibə zamanı müdrikcəsinə taktiki gedişlər edərək Ağdamdakı kəndlərin işğaldan azad olunmasını sonrakı mərhələyə saxlamışdı. Əgər biz ilk günlərdən bu istiqamətdən hücuma keçsəydik, daha çox itki verə bilərdik:

“Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa - alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik. Çox güman ki, Ermənistan tərəfi də bunu dərk edib və artıq ağ bayraq qaldırmağa məcbur olub, bizim qarşımızda diz çöküb. Otuz il bizə meydan oxuyan, bizim əsəblərimizlə oynayan, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən diz çökdü bizim qabağımızda, ağ bayraq qaldırdı, təslim oldu və kapitulyasiya aktına imza atdı. Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq”.

Ölkə başçısının qeyd etdiyi kimi, müharibə ilə bağlı çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəyimiz, Qarabağımızın dirçəldilməsi barədə danışmalıyıq.

Ümumilikdə isə Azərbaycan liderinin Respublika Günündə Ağdama səfərini, şəhərin təməlinin qoyulmasını və yerli sakinlərin uzun illərdən sonra ilk dəfə doğma yurdlarına qayıdışını tarixi hadisə adlandırmaq olar. Azərbaycan Cümhuriyyətin qurulmasından 103 il sonra eyni gündə daha bir tarixi ana şahidlik etdi - Yeni Ağdamın inşasına start verildi.

Bu gün həm də fəxrlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Şübhəsiz, yaxın gələcəkdə Qarabağın, Ağdamın, ümumilikdə işğaldan azad olunan bütün ərazilərimizin dirçəlməsinin, inkişafının şahidi olacağıq!

Tural Tağıyev
Azvision.az


Teqlər: Ağdam   Baş-plan   İşğal   Prezident   Bərpa  





Xəbər lenti