“Prezidentin qətiyyəti bizi tam əmin edir ki, Zəngəzur dəhlizi açılacaq” - Partiya sədri

“Prezidentin qətiyyəti bizi tam əmin edir ki, Zəngəzur dəhlizi açılacaq” -  Partiya sədri
  02 İyun 2021    Oxunub:1157
Son günlər Ermənistan tərəfi Azərbaycanla sərhəddə təxribatlar törətməklə vəziyyəti gərginləşdirir. Bununla da rəsmi İrəvanda 10 noyabr bəyanatında razılaşdırılmış məsələlərin icrasına süni əngəllər yaratmağa çalışır. Ermənistanın həzm edə bilmədiyi əsas regional layihə Zəngəzur dəhlizidir.
Regionun gələcək taleyini dəyişəcək Zəngəzur layihəsinin reallaşdırılması üçün artıq bir sıra əməli tədbirlərə başlanılıb ki, Ermənistanın hansısa süni əngəli bu nəhəng nəqliyyat dəhlizinin işə düşməsinin qarşısını ala bilməz.

Politoloqlar, siyasətçilər də belə düşünürlər ki, Azərbaycan Prezidentinin Zəngəzur layihəsində ortaya qoyduğu qətiyyətli mövqe bu məsələdə öz sözünü deyəcək. Çünki Prezident İlham Əliyev deyirsə ki, Zəngəzur dəhlizi açılacaq, deməli, layihəyə əngəl olmaq ehtimalı sıfıra bərabərdir. Bu mənada əminliklə deyə bilərik ki, İrəvan ya danışıqlar, ya da güc yolu ilə buna razı olacaq.



Məsələni Azvision.az –a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, sözügedən layihənin reallaşması arxa plana atıla bilməz. Necə ki, Ali Baş Komandan Qarabağ münaqişəsinin həllində qətiyyət göstərib verdiyi sözü yerinə yetirdi, dəhliz məsələsində də onun verdiyi vəd baş tutacaq:

“Mən əminəm ki, Zəngəzur dəhlizi açılacaq. Artıq bu istiqamətdə müvafiq işlər görülür, müəyyən inşa prosesləri gedir. Azərbaycan Dəmir Yolları, eləcə də “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi nəqliyyat xətləri üzərində ciddi işlər aparırlar. Naxçıvan tərəfdən də bu istiqamətdə işlər görülür və demək olar ki, yollar artıq hazırdır. Burada çox qısa məsafəli yeni yolun inşasına ehtiyac var. Ermənistan tərəfinə gəldikdə isə onların oyunları seçki kampaniyaları ilə bağlıdır. Burada seçki kampaniyası Azərbaycanla sərhəddə həyata keçirilir. Yəni bütün bu oyunlar, təxribatlar daxili siyasətlə bağlıdır və İrəvanın heç bir imkanı yoxdur ki, Zəngəzur dəhlizi layihəsinin qarşısını alsın. Mən şübhə etmirəm ki, bu layihə icra olunacaq, buna maneçilik törətmək istəyən qüvvələrin dəhlizin reallaşmasının qarşısını almaq üçün heç bir imkanları olmayacaq”.

Partiya sədri dövlət başçısının dəmir yumruğunun yerində olduğunu xatırladıb:

“Prezidentin Zəngəzurla bağlı qətiyyətini yüksək qiymətləndirirəm. O, hər zaman qarşı tərəfə dəmir yumruğun yerində olduğunu, bu oyunların boş və heç bir nəticə verməyən gedişlər olduğunu qeyd edir. Cənab İlham Əliyevin qətiyyəti bizi tam əmin edir ki, layihə icra olunacaq. Bir daha qeyd edirəm ki, buna zərrə qədər də şübhə etmirəm”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zəngəzur   Dəhliz   Deputat   Ermənistan  





Xəbər lenti