Paşinyan saxtakarlığa əl atdı: “Tərəfdar ordusu”nun ifşası - VİDEO

  10 İyun 2021    Oxunub :440
  Paşinyan saxtakarlığa əl atdı:  “Tərəfdar ordusu”nun ifşası -  VİDEO
Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi təşviqat kampaniyaları xoşagəlməz hadisələrlə yadda qalır.
Azvision.az xəbər verir ki, namizədlərin öz opponentlərini ifşa etməsi ilə keçən kampaniyalara artıq media da aktiv şəkildə qoşulub. Belə ki, müxalifyönlü xəbər saytları baş nazir əvəzi Nikol Paşinyanla bağlı kompromatlar yayaraq, onun bölgələrə səfər zamanı özü ilə xüsusi "tərəfdar qrupu" aparmasını yenidən gündəmə gətiriblər.

"Bu gün Nikol Paşinyan Lori bölgəsində uğurlu seçki kampaniyası keçirməyə çalışdı. O, Şirakdakı fiaskodan, digər ərazilərdə izdihamlı görüntü yarada bilməməsindən sonra bu gün Loriyə gələndə “tərəfdarların” sayını iki dəfə artırmağa çalışdı",- məlumatda deyilir.

Xatırladaq ki, dünən “168.am” saytı da Paşinyanın bölgələrə səfəri zamanı özü ilə xeyli sayda "dəstəkçi" apardığını yazmışdı.

“İrəvandan gələn 40-a yaxın maşını saydıq. Sadə hesablamaya görə, bu maşınlarda xüsusi papaqlar taxaraq köynəklər geyinmiş 150-180 nəfərlik "tərəfdar qrupu" var idi. Məhz bu qruplar Paşinyanın bütün çıxışlarında kütləvi və süni alqışların təqlidini yaratdılar. Lakin Gümrüdə Nikol üçün olduqca hüznlü bir mənzərə meydana gəldi. Bunu erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının baş yepiskopu Mixail Acapaxyan tərəfindən yayımlanan video da sübut etdi. Gümrü meydanının yarısından çoxu boş görünürdü".

Digər bir sayt isə yazır ki, bu gün “mobil dəstəkçilər” Nikol Paşinyanla birlikdə 42 mikroavtobus və 17 böyük avtobusla Lori bölgəsinə yola düşüblər: "Axşam saatlarında təxminən 60 nəfərin avtobusla Vanadzorda açıq havada təşkil olunan mitinqə daşınmasının fotoları da yayıldı. Əslində regional görüşlərə toplaşanların əksəriyyəti məhz bu "dəstəkçilər"dən ibarət olur və buna baxmayaraq, Spitakdakı mənzərə də olduqca kədərli idi".



Qəribə görünsə də, son günlər eyni şəxslər Paşinyanın müxtəlif bölgələrdə keçirdiyi görüşlərdə peyda olublar. Bu da ondan xəbər verir ki, vətəndaşlar Nikolla görüşdən imtina etdikləri üçün hakim komanda saxta "tərəfdar ordusu" yaratmağa məcbur qalıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Paşinyan   Seçki   Tərəfdar