Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təsdiqi

   Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təsdiqi
  18 Dekabr 2021    Oxunub:3665
BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilib. 179 ölkənin dəstəyi ilə qəbul edilən bu qətnamənin əleyhinə heç bir ölkə çıxmayıb.
Bu il sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərək, “peyvənd millətçiliyi”nin, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı qeyri-bərabərliyinin yolverilməz olduğunu və bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunması ilə bağlı Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasında qətnamənin irəli sürüləcəyini bildirdi. İndi isə dünya ölkələrinin mütləq əksəriyyəti bu təşəbbüsü dünyanın ən mötəbər təşkilatının Baş Assambleyasında dəstəkləməklə, əslində Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə sərgilədiyi dövlət siyasətinin effektliliyini etiraf etdi.

Bu eyni zamanda Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi koronavirus pandemiyasına qarşı mübarizə müstəvisində beynəlxalq səylərin səfərbər edilməsi üçün oynadığı əhəmiyyətli rolunun və qlobal liderliyinin təzahürdür ki, bu da Azərbaycan hökumətinin ardıcıl və məntiqüli siyasəti ilə izah olunur.

Belə ki, hələ dünyanın əksər ölkələrinin, bir çox hallarda isə hətta aparıcı dövlətlərinin, koronavirus bəlasına etinasızlıqla yanaşdığı vaxtlarda, Azərbaycan hökuməti bu yöndə çox ciddi tədbirlər görməklə və zəruri məhdudiyyətləri tətbiq etməklə, ölkədə pandemiyanın ciddi nəzarət altına alınmasına nail oldu. Eyni zamanda cəmiyyətin maarifləndirilməsi müstəvisində böyük iş aparıldı. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa birbaşa müracitələri xüsusi effekt yaratdı. Çünki dövlət başçısının şəxsi nümunəyə əsaslanan çağırışları ümumxalq işində ən effektli vasitəlrədən biridir. COVİD-19 pandemiyası ilə mübarizə isə yalnız ümumxalq yox, həm də ümumbəşəri işdir. Bununla da Azərbaycan Prezidentinin koronavirus pandemiyasının elə ilk günlərindən qlobal problemə qarşı mübarizədə liderlik missiyasını həyata keçirdiyi sübut olundu.

Bu qətnamənin qəbul olunması ilə beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVID-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı təşəbbüslərini bir daha dəstəklədiyini nümayiş etdirdi. Özü də haqq-ədalətin bərqərar olmasını təşviq edən bir lider kimi. Təsadüfi deyil ki, “peyvənd millətçiliyi”, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı qeyri-bərabərlik kimi neqativ halları tənqid edən Azərbaycana Prezidenti, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi müddətində belə məqamlara qarşı mübarizəni ən prioritet vəzifələrdən biri sayıb.

Pandemiya fonunda dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı vaxtlarda qlobal liderlik rolunu üzərinə götürən Azərbaycan, pandemiyanın dəf olunması üçün beynəlxalq həmrəylik və əməkdaşlıq kontekstində 80-ə yaxın ölkəyə birbaşa və ÜST xətti ilə maliyyə və humanitar yardımları edib, bir sıra ölkələrə təmənnasız olaraq COVİD-19 əleyhinə vaksinlər göndərib.

Ölkəmizin bu müstəvidə tutduğu qətiyyətli mövqeyini ən önəmli təşəbbüslərin də məhz Azərbaycan Prezidenti İlham Əliyevin tərəfindən irəli sürülməsi reallığı təsdiqləyir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə COVİD-19 pandemiyasının ən sərt vaxtlarında - 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısı keçirildi. Həmin tədbirin nəticəsi kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin olunması üçün Ümumdünya Səhiyyə təşkilatının (ÜST) həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə etməsi bu addımın əhəmiyyətindən xəbər verir.

Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında keçirilən Zirvə Toplantısındakı təklifinə - sonradan daha150-dən artıq ölkənin dəstəklədiyi təşəbbüsə əsasən, ötən ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olundu.
Bu ilin mart ayında isə Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı yekdilliklə qətnamə qəbul edildi.

Ölkəmizin COCİD-19 pandemiyası ilə mübarizə siyasətinin davamı olaraq, bu il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət formatında çıxış edən Prezident İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayaraq, Azərbaycan tərəfindən BMT Baş Assambleyasında müvafiq qətnamənin irəli sürüləcəyini bildirdi.

İndi həmin qətnamənin birmənalı şəkildə dəstəklənərək, qəbul olunması Azərbaycanın COVİD-19-la mübarizəyə qlobal miqyasda verdiyi böyük töhfənin etirafı və alqışlanmasıdır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Azərbaycan   BMT  





Xəbər lenti