Ərdoğan Bakıda Qarabağ və Güləndən danışacaq

Ərdoğan Bakıda Qarabağ və Güləndən danışacaq
  03 Aprel 2014    Oxunub:967
Türkiyədə bələdiyyə seçkiləri başa çatdıqdan sonra baş nazir Ərdoğanın Azərbaycana səfər edəcəyi açıqlandı. Ərdoğanın seçkidən sonra ilk səfərinin niyə məhz Bakıya etməsi günün müzakirə mövzusuna çevrilib. Proqnozlar müxtəlifdir, bəzi analitiklər bu səfərin nurçu qalmaqalı ilə bağlı olduğunu iddia edirlər.

AzVision.az Ərdoğanın sabaha nəzərdə tutulan səfəri ilə bağlı politoloqlar və millət vəkilindən mövqe öyrənib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ərdoğanın Azərbaycana səfərinin gözlənilən olduğunu bildirib. Eksperin fikrincə, Türkiyənin baş naziri Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək:

“Çünki hər seçkidən sonra baş nazir strateji müttəfiq olan ölkələrə səfər edir. Bu, ya Azərbaycan olur, ya da Şimali Kipr Türk Cümhuriyəti . Bələdiyyə seçkilərində yenə də Ərdoğanın partiyası qələbə çalıb. Bu səfər normal qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, iki strateji müttəfiq arasında siyasi, iqtisadi, enerji və hərbi əməkdaşlıq uğurla inkişaf edir. Bu məsələlər müzakirə olunur. Bundan başqa düşünrəm ki, Türkiyənin Qarabağ probleminin həllində oynaya biləcəyi rol da, müzakirə mövzusu da gündəmdə olacaq. Hazırda bölgədə mürəkkəb proseslər baş verir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakıda müəyyən fikir mübadiləsi aparılacaq”.

Politoloq hesab edir ki, səfər zamanı nurçuluq məsələsi də müzakirə oluna bilər: “O cümlədən Ərdoğan Gülən hərəkatına qarşı başladığı savaşın detalları da müzakirə oluna bilər. Çünki o, çıxışlarında demişdi ki, Gülən hərəkatı Azərbaycan üzərində də qara planlar həyata keçirməyə çalışır. Ola bilsin Azərbaycan hakimiyyəti müəyyən məxfi məlumatları bilir və bu istiqamətdə bəzi fikir mübadiləsi aparıla bilər”.

Prosesləri AzVision.az-a şərh edən politoloq Ərəstun Oruclu isə hesab edir ki, nurçuluq şişirdilmiş məsələdir və AKP hökuməti bundan daha çox piar kimi istifadə edir.

“Mən hesab etmirəm ki, nurçuluq məsələsi Ərdoğanın Azərbaycan səfərində müzakirə olunacaq. Türkiyədə AKP hökuməti bundan daha çox piar kimi istifadə elədi. Bu amili şişirtdi. Az qala nurçuların hakimiyyəti ələ keçirməyindən danışdı. Burada ilk növbədə məqsəd o idi ki, Ərdoğan ona qarşı təhdidin əsl mənbəyini açıqlamaq istəmirdi. Çünki bu, açıq konlift yaradacaqdı. Digər tərəfdən o özü də bilirdi ki, nurçu camaat o dərəcədə də güclü deyil. Sadəcə olaraq nurçuluğu xarici faktorlarla əlaqələndirdilər və Türkiyə cəmiyyətinin xaricdən təsirə həssas yanaşmasından seçkidə qalib gəlmək üçün istifadə etdilər. Buna əsasən də hesab edirəm ki, Ərdoğan nurçuluq məsələsini deyil, daha ciddi məsələləri müzakirə etməyə gəlir. Bunlardan birincisi regional təhlükəsizlik və regional əməkdaşlıqdır. Krım məsələsi, Ukrayna inqilabı və Krım böhranı nəticəsində Rusiya ilə NATO münasibətlərində yaranan gərginlik gündəmdədir”.

Ə.Oruclu qeyd edib ki, Türkiyə həm də NATO təmsilçisi kimi çıxış edir: “NATO-nun baş katibi Qrasmussen ötən gün Rusiya ünvanına sərt bəyanat səsləndirdi. Soyuq müharibə dönəmindən bu günəcən belə bəyanat səslənməmişdi. Ola bilsin Türkiyə də NATO ölkəsi olaraq missiya yerinə yetirir. Yaxud da ola bilər ki, müstəqil güc kimi Cənubi Qafqaz, Postsevet məkanındakı böhranlarda iştirak edib, özünü beynəlxalq arenada güclü oyunçu kimi təqdim etmək məqsədi güdür. Hər iki ehtimalın şansı çoxdur”.

Politoloq hesab edir ki, birinci ehtimal, yəni Türkiyənin NATO təmsilçisi kimi müdaxiləsi və hərbi əməkdaşlıq ən optimal modeldir: “Çünki bilavasitə NATO Azərbaycanla əməkdaşlığa başlasa bu, Rusiyanı daha çox qıcıqlandıracaq. Ona görə də bunu ikitərəfli münasibətlər səviyyəsində reallaşdırır. Hər halda bu gün uzun illər gözlədiyimiz Azərbaycan-Türkiyə hərbi strateji tərəfdaşlığının reallaşaması şansı çoxdur. Baş tutarsa, bu, Azərbaycanın həm ərazi bütövlüyü, həm müstəqilliyi üçün çox böyük şansdır”.

Milli Məclisin deputatı Fazil Mustafa da Ərdoğanın seçkidən sonra ilk səfərini Azərbaycana etməyini jest kimi qiymətləndirib:

“Türkiyədə daha çox AKP hakimiyyətinə iradlar bildirilir ki, ərəb dünyası ilə daha çox təmasdadır, ora daha çox meyillənir. Bu jest AKP-nin türk dünyasına, xüsusən də Azərbaycana önəm verdiyini nümayiş etdirir. İlk növbədə bu səfər həmin amilə görə önəmlidir. Digər tərəfdən isə Rusiyanın bölgədə aqressiv siyasətinin fonunda məsləhətləşmə xarakterli səfər ola bilər. Son olaraq ənənəvi iqtisadi münasibətlərin gözdən keçirilməsi və inkişaf etdirilməsi məqsədi ilə baş tuta bilər”.

Nurçuluq məsələsinin müzakirə olunacağı barədə proqnozlara gəlincə isə Fazil Mustafa da qeyd edib ki, bu, şişirdilmiş məsələdir: “Bu, daxili auiditoriyada seçki prosesində daha çox Ərdoğanı düşünüdürən məsələ idi. Nurçuluq məsələsi Azərbaycanla bağlı şişirdilmiş, daxildə kimlərinsə bunu məqsədyönıü şəkildə təhlükə amili kimi göstərməyi xaricində ciddi məsələ deyil. Azərbaycanda əslində bu kəsimin Azərbaycana ancaq fayadasının dəyməyi, narahatlıq doğuran addımların olmadığını hər kəs bilir. Açılan təhsil müəssisələri də illərdir dövlətin tam nəzarəti altında fəaliyyət göstərir. Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmək nurçular üçün maraqlı deyil. Onların əsas hədəfi Türkiyə siyasətidir”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti