Niyə İlon Mask feysbuk işlətmir?

// Sosial şəbəkənin qaranlıq tərəfləri

   Niyə İlon Mask feysbuk işlətmir?
  03 Oktyabr 2022    Oxunub:3068
Sosial şəbəkələrin istifadəçilər haqqında topladığı məlumatların miqyasını dünya yalnız 2018-ci ildə anladı. O zaman “Facebook”un sosial şəbəkələrdə istifadəçi davranışına təsir göstərməklə məşğul olan Britaniyanın “Cambridge Analytica” şirkətinə 87 milyon istifadəçisinin məlumatlarını sızdırması ifşa olundu. Donald Trampın komandası bundan 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkiləri zamanı kampaniya qurmaq üçün edib.
Sızma ilə bağlı məlumat ictimailəşdikdən sonra Facebook rəhbərliyi hər bir istifadəçi haqqında nələri bildiklərini açıqlamalı oldu. Məlumatların siyahısı nəhəng idi. Facebook-un izlədiyi məlumatlar siyahısına kontaktlar, SMS tarixçəsi, zəng tarixçəsi, kameradan istifadə, fayl adları və növləri, quraşdırılmış proqramlar, onlayn-alışlar, mausun hərəkəti, batareya səviyyəsi, boş disk sahəsi daxil idi…

Sosial şəbəkə həmçinin ən yaxın Wi-Fi nöqtələri və mobil qüllələr (onlar vasitəsilə insanı da izləyə bilər), mobil operatorlar haqqında məlumatları toplayır və smart televizorlardan məlumatları oxuyur. Bundan əlavə, Facebook bütün fotoşəkillər haqqında meta məlumatları saxlayır (məsələn, onların nə vaxt və harada çəkildiyi kimi). Bunlar yalnız mütəxəssislərin aşkar etdiyi şeylərdir, onlar istifadəçilər haqqında, yəqin ki, daha çox şey bilirlər.

Etimad böhranı

Bu məlumatların sızması açıq şəkildə göstərdi ki, alqoritmik xəbər lentinan istifadəçilərin rahatlığı üçün yaradılması hekayəsi mifdir. Əslində, “feysbuk”un bütün hərəkətləri istənilən yolla qazanc əldə etmək məqsədi daşıyır - istər fərdiləşdirilmiş reklam olsun, istərsə də istifadəçi məlumatlarını üçüncü tərəflərə satmaq.

Qalmaqaldan sonra Facebook-da böyük bir neqativ dalğa baş verdi. İstifadəçilər silsilə facebook fleşmobunda kütləvi şəkildə iştirak etdilər və İT nəhənginə olan etibar reytinqi tarixi minimuma düşdü. Hətta “Tesla” və “SpaceX”-in rəhbəri İlon Mask özsəhifəsini sildi.
Sorğulara görə, amerikalıların yalnız 41 faizi məlumatların emalı məsələsində Zukerberqə etibar etməyi dayandırmayıb.

Bir il sonra sosial şəbəkə şəxsi məlumatlara nəzarət alətini təqdim etdi: istifadəçilər istədikləri halda məlumatların üçüncü tərəfə ötürülməsini dayandıra bilərdilər. Sözdə belə bir qərar xeyli alicənab görünür, amma burada da vacib nüanslar var.

Belə ki, istifadəçi barədə məlumatlar şəxsi formada olmasa da, toplanmağa davam edir. Məlumat ötürülməsini də hər kəs dayandıra bilmədi: “Pew Research”in araşdırmasına görə, istifadəçilərin 74 faizi bu xüsusiyyətdən xəbərdar belə deyildilər. Yəni yenilikdən sonra vəziyyət heç bir şəkildə dəyişməyib. Niyə tərtibatçılar həmin funksiyanı “parametrlər” menyusunda bu qədər dərində gizlətdilər? İnsanların ona mümkün qədər az basması üçün. Axı Facebook öz istifadəçiləri haqqında nə qədər az məlumatlı olsa, onlardan bir o qədər az gəlir əldə edəcək.


Bu gün istifadəçilərin mühafizəsi tədbirlərinin effektivliyini qiymətləndirmək olduqca çətindir, çünki onların hamısı son dərəcə qeyri-şəffafdır. 2019-cu ilin fevral ayında Zukerberq Facebook-un təhlükəsizliyinə 3,7 milyard dollardan çox sərmayə qoymağı planlaşdırdığını söylədi. Həqiqətən böyük məbləğdir. Amma bu, Facebook-un illik gəlirinin cəmi 5 faizini təşkil edir. Bu eyni zamanda sosial şəbəkənin istifadəçi məlumatlarını sızdırdığı üçün ABŞ Xəzinədarlığına ödədiyi 5 milyard dollarlıq cərimədən də azdır.

Zukerberq bu pulun hara getməsi barədə susdu. Bunun həqiqətən də sosial şəbəkənin təhlükəsizliyini hər hansı şəkildə yaxşılaşdırmağa kömək edib-etmədiyini söyləmək çətindir.
Bundan əlavə, 2021-ci ilin əvvəlində 533 milyon Facebook istifadəçisi haqqında daha bir böyük məlumat sızması baş verdi. Lakin Facebook alqoritmi istifadəçi hərəkətləri haqqında məlumatların toplanması və işlənməsini dayandırmayıb.

Biz laboratoriya siçanlarıyıq

Sosial media alqoritmləri zaman keçdikcə o qədər təkmilləşib ki, bu gün onlar istifadəçinin gördüklərini, bildiklərini və hiss etdiklərini artıq tamamilə idarə edir. Yeni texnologiyaların təsirini 2014-cü ildə aparılan araşdırma aydın şəkildə göstərir.

Feysbuk xüsusi seçilmiş xəbərlərin nümayiş etdiriləcəyi insanların əhval-ruhiyyəsinin necə dəyişəcəyini test etmək qərarına gəlir. Təxminən 700.000 insan bir həftə ərzində varlığından xəbəri belə olmadığı bir təcrübədə iştirak etdi. Onlar iki qrupa bölündülər: birində eksklüziv olaraq mənfi, digərində isə yalnız müsbət məzmun göstərildi.

“Lentdə müsbət yazıların nisbətini azaltdığımız zaman insanlar özləri daha az müsbət, daha çox mənfi yazılar yazmağa başladılar. Lent mənfidən təmizləndikdə əks tendensiya müşahidə edildi. Bu nəticələr onu deməyə əsas verir ki, Facebookda başqa istifadəçilərinin emosiyaları bizim öz emosiyalarımıza da təsir edir” , - tədqiqatın müəllifləri bildiriblər.
Maraqlıdır ki, dəyişikliklər bir həftədən sonra nəzərə çarpdı. İnsanlarla bir neçə il manipulyasiya edilərsə, nəyin baş verəcəyini təsəvvür etmək çətin deyil.
Sosial şəbəkəni tənzimləməyin yeganə yolu

Araşdırma Facebook-a qarşı tənqidlərə səbəb olub. Eksperimentin müəllifləri alqoritmləri istifadəçilər üzərində icazəsiz sınaqdan keçirməkdə günahlandırılıblar. Bununla belə, sosioloqlar qanunu pozmayıblar: sosial şəbəkədə səhifə yaradan zaman insan avtomatik olaraq bütün şərtlərlə, o cümlədən belə araşdırmaların aparılması ilə razılaşır.

Ancaq daha da əhəmiyyətlisi odur ki, nəşr olunan material alqoritmik lentlərin bütün mahiyyətini ifşa etdi. Məzmun 2,7 milyard istifadəçinin hər biri üçün avtomatik seçildiyindən sosial media tərtibatçıları onları idarə etməyi fiziki olaraq bacarmırlar. Alqoritmlər isə öz növbəsində canlı insanlara hansı təsiri göstərdiklərini qiymətləndirə və başa düşə bilmirlər.

Amansız alqoritmlər


2018-ci ildə Facebook daxilində araşdırma aparanlar mütəxəssislər belə qənaətə gəldilər ki, alqoritmləri vaxtında dayandırmaq lazımdır, əks halda onlar istifadəçilərin diqqətini cəlb etmək və platformada sərf olunan vaxtı maksimum dərəcədə artırmaq üçün onları getdikcə daha təhlükəli məzmunla “yemləyəcəklər”. Sosial şəbəkə radikal siyasi baxışlı yazıları aktiv şəkildə yayır, çünki məhz belə mövzular şiddətli reaksiyaya səbəb olur. Nəticə sadədir: alqoritmlərin “humanistləşdirilməsi” sosial şəbəkələr üçün sərfəli deyil.

“Sosial şəbəkələrin təsiri ilə mübarizə aparmağın yolu onlardan azad olmaq, yəni bu platformalarda oturmağı dayandırmaqdır”, - bunu "Bütün sosial media hesablarınızı silmək üçün 10 səbəb" adlı kitabında Karon Lanye yazır. Maraqlıdır ki, Lanye “Silisium Vadisi”nin görkəmli nümayəndələrindən biridir, “virtual reallıq” ifadəsini ilk dəfə məhz o işlədib.

“Ən yaxşı üsul sizinlə uzaqdan manipulyasiya edə bilənlərə hücum etmək yox, sadəcə, azad olmaqdır. Bu onları istiqaməti dəyişməyə və işlərini daha yaxşı görməyə başlamağa məcbur edəcək”, – Lanye kitabında yazır. Alimin sözlərinə görə, istifadəçilər kütləvi şəkildə öz hesablarını tərk etməyə başlayanda (ən azı bir müddət) platformalar özlərini düzəltməli olacaqlar.

Vaxtilə ən böyük sosial şəbəkələrdə çalışmış digər tədqiqatçılar da Lanyenin tərəfini tutdular. “Google”un keçmiş dizayneri Tristan Harrisin fikrincə, sağlam cəmiyyət yalnız bu pozucu biznes modelindən imtina etməklə mümkün ola bilər.

Sosial şəbəkələrin rəhbərləri seçim qarşısındadır: ya alqoritmlərin təsirini azaltmaq, ya da vəziyyəti daha da pisləşdirmək. Birinci variant onların biznesinə zərbə vuracaq – insanlar reklamlara daha az baxacaq, İT korporasiyalarının gəlirləri azalacaq. Platformalar belə bir addımı atmağa hazır deyillər: alqoritmlərin pul qazandığı durumdan kifayət qədər razıdırlar. İnsanların artıq onları idarə edə bilməməsinin də əhəmiyyəti yoxdur.

Nadir Quliyev
AzVision.az

Həmçinin oxuyun:
"Facebook" ilə bağlı yeni qalmaqal: "New York Post" sensasion faktlar aşkarlayıb


Teqlər:   Sosial-şəbəkə  





Xəbər lenti