Erməni valideynlər cəsədləri rədd etdilər - Nazir "özümüz basdıracağıq" deyir

    Erməni valideynlər cəsədləri rədd etdilər -  Nazir "özümüz basdıracağıq" deyir
  27 Dekabr 2022    Oxunub:2012
2020-ci ildəki Qarabağ müharibəsi qurbanlarının identifikasiya olunmuş qalıqları dövlət tərəfindən dəfn olunarsa, onlar kütləvi məzarlıqlarda basdırılmayacaqlar.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan yerli mediaya açıqlamasında deyib.

Məsələ burasındadır ki, ölmüş hərbçilərin valideynləri övladlarına aid cəsəd qalıqlarından imtina edirlər. Çünki onlar genetik analizlərin nəticələrinə etibar etmirlər. Hərçənd nümunələr Hollandiyada yenidən ekspertizadan keçirilib.

Səhiyyə naziri isə bəyan edib ki, ölən əsgərlərin qohumları bundan sonra da cəsədlərdən imtina edərlərsə, dövlət onları dəfn etmək öhdəliyini öz üzərinə götürəcək.

Ermənistanda biabırçı olay: Əsgər anasına üçayaqlı cəsəd verdilər
"Biz başa düşürük ki, bu, kifayət qədər çətin psixoloji məqamdır və mümkün qədər incə şəkildə işləməliyik ki, insanlar sonda ağrılı reallığı qəbul etsinlər. Onlar öz yaxınlarını dəfn eləsinlər. Amma onu da anlayırıq ki, dövlət məsuliyyət daşıyır və biz əbədi olaraq gözləyə bilmərik", - nazir qeyd edib.

Avanesyan insanları əmin edib ki, qohumlar hətta dövlətin dəfn mərasimindən sonra da öz yaxınlarını yenidən basdırmaq qərarına gəlsələr, bu, heç bir problem olmadan həyata keçirilə bilər.

"Söhbət kütləvi məzarlıqdan getmir. Mən dəfələrlə bu şayiələri təkzib etmişəm. Çünki belə fikirlər səsləndirilib. Söhbət ayrıca dəfn yerlərindən gedir", - Avanesyan deyib.

Maraqlıdır ki, səhiyyə naziri dəfn ediləcək nə qədər cəsəd qalığının olmasını açıqlamağdan imtina edib. O, bunun ölkənin İstintaq Komitəsinin səlahiyyətində olduğunu xatırladıb. Lakin nazir dəfnə hazır qalıqların sayının ondan çox olduğunu qeyd edib.

Xatırladaq ki, bu ilin fevralında Anait Avanesyan 44 günlük müharibədə öldürülmüş hərbçilərin şəxsiyyətinin müəyyən edilməsi prosesinin başa çatdığını bəyan etmişdi. O, hələ də basdırılmamış cəsədlərin qaldığını bildirmişdi. 100-dən çox qalıq nümunəsi təkrar ekspertiza üçün Hollandiyaya göndərilib və nəticələr 99% dəqiq olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Cəsəd   Nazir  





Xəbər lenti