Rusiyada "Vaqner" böhranı: Ordu xüsusi təyinatlılarla üz-üzə gəlir
“Bu gün bizim “sınmadığımızı” görüb arxa düşərgələrimizə zərbələr, raket zərbələri endiriblər. Çoxlu sayda döyüşçülərimiz, döyüş yoldaşlarımız həlak olub. Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.
Rusiya Müdafiə Nazirliyi Priqojinin bəyanatını təkzib edərək qeyd edib ki, döyüşçülərin arxa düşərgələrinə zərbə endirilməsi barədə məlumat təxribat xarakterli informasiyadır və reallığı özündə əks etdirmir. Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı üzrə Priqojinə cinayət işi açıb .
Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda xalqa müraciət edəcəyi gözlənilir.
Moskva meri Sergey Sobyanin ""Telegram" kanalında terrorla mübarizə çərçivəsində paytaxtda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb. O, Moskvada antiterror əməliyyatı rejiminin başladığını vurğulayaraq bütün kütləvi tədbirlərin ləğv edildiyini qeyd edib.
Rusiya təhlükəsizlik mənbələri Reuters agentliyinə bildiriblər ki, Vaqner qoşunları Moskvadan 500 km cənubda yerləşən Voronej şəhərində bütün hərbi obyektləri ələ keçirib.
Voronej administrasiyasından verilən açıqlamada hərbi maşın karvanlarının M4 federal magistral yolu ilə hərəkət etdiyi , buna görə də mülki şəxslər tərəfindən istifadə edilməməsi qeyd edilib.
Rostov vilayətinin qubernatoru Vasiliy Qolubev də mövcud vəziyyətlə əlaqədar təhlükəsizliyin qorunması üçün lazımi tədbirlərin görüldüyünü bildirib və vətəndaşları şəhər mərkəzinə getməməyə və evdə qalmağa çağırıb.
Eyni zamanda Priqojin Moskva şossesində Rusiya hərbi helikopterinin "Vaqner" tərəfindən vurulduğunu iddia edib.
"Bir daha hamını xəbərdar edirəm. Bizi heç kim aradan qaldıra bilməz. Hədəfimiz var. Hamımız vətən və rus xalqı üçün ölməyə hazırıq. Rus xalqını dinc əhaliyə atəş açanlardan xilas etmək lazımdır. Rostovda mülki şəxsləri sadəcə olaraq helikopterlərdən atəşə tutublar. Pilotlardan biri atəş əmrinə tabe olmayıb”.
Sosial mediada paylaşılan görüntülərdə “Vaqner” döyüşçülərinin zirehli texnika və tanklarla Rusiya Cənub Hərbi Dairəsinin qərargah binasını mühasirəyə aldıqları ətrafında yerləşdirildiyi görüntülənib. "Vaqner" döyüşçüləri ağır silahları Rusiya Müdafiə Nazirliyinin binasının qapı və pəncərələrinə yerləşdiriblər. Vide Rostov-Na-Don küçələrində kritik nöqtələrə nəzarət etməyə çalışan Vaqner qrupu üzvlərinin hərəkəti görünür.
Rusiya MN eyni zamanda "Vaqner"çilərə çağırış edərək onların Priqojinin kriminal avantürasına aldandıqlarını və silahlı üsyanda iştirak etdiklərini bildirib.
“Sizi yalanla Yevgeni Priqojinin avantürasına və silahlı üsyanda iştirakına cəlb ediblər. Bir çox yoldaşlarınız öz daimi dislokasiya məntəqələrinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün kömək istəməklə öz səhvlərini artıq başa düşüblər".
Eyni zamanda qeyd edilib ki, Rusiyanın güc strukturlarının əməkdaşları “Vaqner” Xüsusi Hərbi Şirkətinin Sankt-Peterburqdakı binasını mühasirəyə alıb .
Aytən Zəhra
AzVision.az
Teqlər: Vaqner