"Müttəfiqlərimiz açıq şəkildə məni devirməyə çağırırlar" - Paşinyan |
Bundan başqa, müəllif qeyd edir ki, "Nikol Paşinyan kollegiya iclasında komanda yoldaşlarına hazırda rusların kürsünü onun əlindən necə almaq istəmələrindən danışıb. Ona görə də komanda olaraq hakimiyyəti saxlamaq üçün sərt və aydın addımlar atmaq lazımdır. Fakt budur ki, Paşinyan da çox gözəl başa düşür ki, onun idarə etdiyi hökumətin anti-Rusiya addımları nəticəsiz qala bilməzdi. Nikolun qeyri-sabit xarici siyasəti nəticəsində Rusiya artıq Ermənistanı etibarlı tərəfdaş saymır, Kreml İrəvanda hakimiyyət dəyişikliyini istəyir".
Nikol Paşinyan komanda yoldaşlarına ilk növbədə əsas silahlarından istifadə etməyi, yəni cəmiyyəti parçalayıb nifaq salmağı tapşırıb. Yəni hər şey etmək lazımdır ki, Qarabağ erməniləri Ermənistanda davamlı aksiyalar keçirsinlər və İrəvandan, hüquq-mühafizə orqanlarından quldurlara (Separatçıların keçmiş rəhbərləri-red.) qarşı mübarizəyə başlamağı tələb etsinlər. Ermənistan hakimiyyəti də quldurlara qarşı mübarizə adı altında bu istiqamətdə təbliğat kampaniyasına başlamalıdır.
"Başqa sözlə, Paşinyan nəyin bahasına olursa olsun "Qarabağ rəhbərliyi"ni gözdən salmaq istəyir. Əsas hədəf isə Samvel Şahramanyandır. Hər şey edilməlidir ki, narazılıq oxları Şahramanyana tərəf yönəlsin. Lakin Paşinyan bununla da məhdudlaşmaq istəmir. O, Vətəndaş Müqaviləsi partiyasının üzvlərinə erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi, "köhnələrin" Rusiyanın köməyi ilə yenidən kürsüyə qayıtmaq istədiklərinin təbliğatını aparmağı tapşırıb”, - qəzet yazıb.
Qeyd edək ki, son aylar Ermənistan-Rusiya münasibətlərində yaranmış gərginlik pik həddə çatıb. İrəvan rəhbəri Kremlin onu Qərbyönümlü siyasət yürütdüyü üçün aradan götürməyə çalışdığını iddia edir.
Dünən isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Birinci Kanal”da nümayiş olunan “Tutti varisinin gəlincikləri. Nikol Paşinyan: Bəlaların xəbərçisi” verilişi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Tural Tağıyev
AzVision.az