Erməni spikerdən xəbərdarlıq: "Parlament terroru təkrarlana bilər"

  Erməni spikerdən xəbərdarlıq:  "Parlament terroru təkrarlana bilər"
  27 Oktyabr 2023    Oxunub:1555
Ermənistan parlamentinin spikeri Alen Simonyan Milli Assambleyada terror ehtimalı ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
O, jurnalistlərə açıqlamasında deyib ki, ölkədə 1999-cu il 27 oktyabr faciəsinin təkrarlanması təhlükəsi var.

"Qəhrəman"ını it kimi gəbərdən millət - İrəvanın parlament terrorundan 23 il ötür
"Əlbəttə belə bir təhlükəni görürəm. Xüsusilə indiki vəziyyətdə realdır. Axı 1999-cu il terror aktı ərəfəsində baş verən hadisələr bugünkü proseslərlə müqayisədə çox az əhəmiyyət kəsb edirdi”, - spiker qeyd edib.

Məlum terror aktı mövzusunda danışan Simonyan bildirib ki, bütövlükdə cəmiyyət faciədə iştirak edən əsas şəxsləri tanıyır, insanların təşkilatçıların motivləri barədə də məlumatı var. Yalnız bu faktın hüquqi müstəvidə qeydə alınması və günahkarların məsuliyyətə cəlb edilməsi qalıb.

Qeyd edək ki, bu gün Ermənistan tarixində baş vermiş ən müəmmalı və qalmaqallı terror hadisəsindən 24 il keçir. 1999-cu ilin oktyabrın 27-də Nairi Hunanyanın başçılıq etdiyi bir qrup silahlı şəxs Ermənistan Milli Assambleyasının iclas zalına basqın edərək siyasətçiləri gülləbaran etmişdilər.

Ekspertlər bu terror aktını Qarabağ münaqişəsinin həllinə qarşı yönəlmiş cinayət kimi də xarakterizə edirlər. Belə ki, Robert Koçaryandan əvvəlki prezident Ter-Petrosyan Dağlıq Qarabağ məsələsində geriyə addım atmağa hazır imiş. Lakin hadisələrin bu cür inkişafından münaqişənin dondurulmasında maraqlı olan Rusiya rəhbərliyi və müəyyən dairələr narazı idilər. Bu mənada istisna edilmir ki, parlament gülləbaranı birbaşa Moskvanın təlimatı və Koçaryanın xəbəri olaraq həyata keçirilib. Oktyabr hadisələri faktiki şəkildə Azərbaycan ərazilərinin işğalını və münaqişənin nizamlanması prosesini bilərəkdən daha da uzadılması üçün Qarabağ klanını Ermənistanda hakimiyyətə gətirdi.

Sarkisyan və Dəmirçyan cütlüyü aradan götürüldükdən sonra onlar Ermənistan Milli Qəhrəmanı adına layiq görüldülər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Parlament  





Xəbər lenti