İsrail quru qoşunları HƏMAS-la birbaşa toqquşmalara başlayıb - "The Guardian"

  İsrail quru qoşunları HƏMAS-la birbaşa toqquşmalara başlayıb  - "The Guardian"
  30 Oktyabr 2023    Oxunub:1092
İsrail quru qüvvələrinin Fələstinin HƏMAS hərəkatı ilə birbaşa toqquşmaları davam edir.
Bu fikirlər "The Guardian"da dərc olunan məqalədəndir. Nəşr İsrail ordusunun sözçüsü briqada generalı Daniel Haqariyə istinad edib.

"İsrail Yaxın Şərqdə böyük müharibələrə can atmır" - Yoav Qalant
“Biz quruda hərəkətimizi davam etdiririk. Terrorçuları müəyyənləşdirir və havadan hücum edirik. Quru qoşunları ilə terrorçular arasında da birbaşa təmaslar olur və döyüşlər Qəzza zolağının daxilində gedir”, - Haqari qeyd edib.

İsrail ordusu rəsmisinin sözlərinə görə, hərbçilər əməliyyat planlarına uyğun olaraq irəliləyirlər. Onlar eyni zamanda döyüş bölgəsindəki vəziyyətlə bağlı mütəmadi olaraq qiymətləndirmələr də aparırlar.

“Hücum fəaliyyətləri hərbi əməliyyatların mərhələlərinə, müharibənin məqsədlərinə uyğun olaraq davam edəcək və intensivləşəcək”, - Haqari vurğulayıb.

Oktyabrın 28-də İsrail hərbi rəhbərliyi Qəzza zolağında əməliyyatların növbəti mərhələsinə başlandığını elan edib. Bu gün isə Qəzza ətrafında xeyli sayda tankların hərəkətinə dair görüntülər yayılıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun ardınca terrorçular sərhəddəki keçilməz səddləri-maneə divarlarını yararaq İsrail ərazisinə sıza bildilər. Onlar xeyli sayda hərbçini əsir və dinc sakini girov götürdülər.

Belə bir faciəvi mənzərə fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan etdi. İsrailin Baş naziri Benyamin Netanyahu isə ölkənin müharibə vəziyyətində olduğunu açıqladı.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   HƏMAS   Tank  





Xəbər lenti