İsraildən "uşaq qəbiristanlığı" fikrinə cavab: "Quterreş, ayıb olsun!"

   İsraildən "uşaq qəbiristanlığı" fikrinə cavab:    "Quterreş, ayıb olsun!"
  07 Noyabr 2023    Oxunub:1304
İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Eli Koen BMT-nin baş katibi Antonio Quterreşin İsrailin bombardmanları nəticəsində Qəzza zolağında həyatını itirən mülki şəxslərlə bağlı təsirli sözlərinə münasibət bildirib.
Koen xatırladıb ki, oktyabrın 7-dən Qəzza zolağında 30-dan çox azyaşlı, o cümlədən doqquz aylıq körpə HƏMAS radikal hərəkatının yaraqlıları tərəfindən saxlanılıblar.

Qəzzada ölənlərin sayı 10 mini keçib
Diplomat özünün "X" hesabında "Antonio Quterreş ayıb olsun!" yazıb. O qeyd edib ki, anklavın problemi İsrailin qruplaşmanı məhv etməklə bağlı fəaliyyətləri deyil, HƏMAS -dır.

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağının "uşaqlar üçün qəbiristanlığa" çevrildiyini deyib: "Hər gün körpə qız və oğlanların öldürüldüyü, yaralandığı Qəzza uşaqlar üçün qəbiristanlığa çevrilib”.

O həmçinin, BMT və tərəfdaşlarının Qəzza ilə İordan çayının qərb sahilindəki 2,7 milyon insan üçün 1,2 milyard dollar dəyərində humanitar yardım çağırışı başlatdıqlarını açıqlayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atdı. Bunun ardınca terrorçular sərhəddəki keçilməz səddləri-maneə divarlarını yararaq İsrail ərazisinə sıza bildilər. Onlar xeyli sayda hərbçini əsir və dinc sakini girov götürdülər.

Belə bir faciəvi mənzərə fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan etdi. İsrailin Baş naziri Benyamin Netanyahu isə ölkənin müharibə vəziyyətində olduğunu açıqladı.

Dünən isə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb ki, İsrailin HƏMAS silahlılarını zərərsizləşdirmək məqsədilə Qəzzaya endirdiyi cavab zərbələri nəticəsində ölən fələstinlilərin sayı 10 mini keçib. Qeyd olunub ki, müharibə nəticəsində 25 mindən çox şəxs yaralanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Qəzza   BMT  





Xəbər lenti