Məşhur birinci xanım vəfat etdi

 Məşhur  birinci xanım  vəfat etdi
  20 Noyabr 2023    Oxunub:1358
ABŞ-ın keçmiş birinci xanımı Rozalin Karter vəfat edib. Bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, o Corciyadakı evində ölüb. Rozalinin 96 yaşı olub. ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin həyat yoldaşının ölümünü "Carter Center" qeyri-kommersiya təşkilatı da təsdiqləyib.

Cill Bayden yenə koronavirusa yoluxub
Məlumata görə, bu ilin əvvəlində Rozalin Karterə demensiya diaqnozu qoyulubmuş.

Rozalin Karter keçmiş ABŞ Prezidentinin ən yaxın məsləhətçisi sayılırdı. Sələflərindən fərqli olaraq o, hökumətin iclaslarında iştirak edirdi.

Keçmiş birinci xanım peyvəndləri Amerika səhiyyə sistemində adi bir təcrübəyə çevirməsi ilə də tanınır. 1981-ci ilə qədər məktəbəqədər yaşlı uşaqların 95%-i qızılca və digər xəstəliklərə qarşı peyvənd olunmuşdu. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı qarşısında çıxış edən ABŞ prezidentinin ilk həyat yoldaşı kimi yadda qalmışdı.

1980-ci illərdə isə Rozalin həyat yoldaşı ilə birgə xeyriyyə işləri görməyə başladı. Karter psixi xəstəliyi olan insanlarla bağlı ayrı-seçkiliyə qarşı da mübarizə aparırdı. O, ABŞ-da və xaricdə psixi sağlamlıq xidmətinin keyfiyyətini yaxşılaşdırmaq üçün çalışıb və psixi sağlamlıq xidmətini təbliğ edib.

Cütlük Ağ Evdən ayrıldıqdan sonra fəaliyyətlərini humanitar sahəyə həsr ediblər.

Qeyd edək ki, Cimmi Karter sağdır və onun 99 yaşı var. O, Amerika liderləri arasında uzunömürlülük rekorduna sahibdir. Bu ilin fevral ayında Karter qalan ömrünü ailəsi ilə keçirmək üçün tibbi yardımdan imtina etdiyi, yalnız palliativ hospis yardımı aldığı bildirilmişdi. Son illər eks-prezident bir neçə xəstəlikdən, o cümlədən melanomadan müalicə olunub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Vəfat   Birinci-Xanım  





Xəbər lenti