Pis oğlan və Karlson

  Pis oğlan və Karlson
  23 Noyabr 2023    Oxunub:1329
Trampın trampilini

Verilişlərin birində Donald Tramp etiraf edib ki, o, prezident seçiləcəyi təqdirdə Taker Karlson ABŞ-ın yeni vitse-prezidenti ola bilər. Taker Karlson isə ictimaiyyət arasında Trampı güclü dəstəkləyən, lakin ona eyni dərəcədə nifrət edən bir adamdır.
Noyabrın 9-da ABŞ-da (təxminən 10 milyon dinləyici) tanınan, ölkə hüdudlarından kənarda da eyni dərəcədə məşhur olmayan Kley Trevis və Bak Sekstonun radio şousunun növbəti verilişi yayımlanıb. Lakin bu dəfə aparıcılar Mar-a-Laqoya, planetin ən məşhur simalarından birinin - Donald Trampın iqamətgahına yollanıblar.



ABŞ-ın 45-ci prezidenti ilə müsahibə yarım saatdan da az olub və jurnalistlərin 2024-cü ilin prezidentliyə namizədi ilə görüşündən daha çox azarkeşlərlə onların kumiri arasındakı söhbəti xatırladıb. Verilişdə “Kütləvi seçki saxtakarlığının yenidən təkrarlanacağından qorxmursunuzmu?” və ya “Demokrat partiyasından kimi rəqib görürsünüz?” ruhunda suallar verilib. Sanki Donald Tramp Respublikaçıların praymerizində artıq qalib gəlib.

Verilişdə eyforiyaya qapılaraq Tramp özünün nə qədər gözəl prezident olduğunu və demokratların nə qədər qorxunc simaya malik olduqlarını jurnalistlərə həvəslə söyləyib. Amma bu müsahibədə diqqət çəkən bir nüas var idi.

Aparıcılar prezidentliyə namizəddən “Taker Karlson gələcək vitse-prezident ola bilərmi” sualına cavab istəyiblər. Tramp isə öz növbəsində “bəli” cavabını verib. Və bu dərhal dünyanın bütün xəbər agentliklərinə yayılıb.

Təbii ki, hələ heç nə qərarlaşdırılmayıb. Buna baxmayaraq, Tramp-Karlson tandemi demək olar ki, konseptual görünür. Hər ikisi öz tərəfdarlarını ciddi siyasi qüvvələrə çevirmiş məşhur şoumenlərdir. Hər ikisi adətən ziddiyyətli fikirlərə malikdirlər. Nəhayət, hər ikisi özlərinin heç vaxt olmadıqları peşəkar siyasətçiləri bəyənmədiklərini gizlətmirdilər və indi də gizlətmirlər.



Tramp-Karlson dueti

Taker Karlson məşhur amerikalı jurnalist və diplomat Dik Karlsonun oğludur. Taker, əslində, atasının yolu ilə getsə də, karyerasını qurmaqda tanınmış valideyninin köməyindən heç vaxt istifadə etməyib. Onların hər ikisi jurnalistikada çox uzun və çətin yol keçib, bir çox iş yerini dəyişib. Üstəlik, Taker karyerası ərzində qəzet və jurnallardan tutmuş ondan çox media orqanında çalışaraq, əmək kitabçasını atasından daha çox doldurmağa müvəffəq olub. Onların nəşrləri dəfələrlə qalmaqallar yaradıb. Taker Karlsonun əldə edə bilmədiyi yeganə status - rəhbər vəzifələrdir.

Onun atası “Amerikanın Səsi”nin direktoru, “İctimai Yayım Korporasiyası”nın (CPB) baş direktoru və “King World” İctimai Televiziyasının rəhbəri olub. Dik Karlson özünü siyasətdə də sınayıb. 1984-cü ildə o, San Dieqonun merliyinə namizəd olsa da, bu kampaniyası uğursuz olub. Buna baxmayaraq, 1991-ci ilin iyununda böyük Corc Buş Karlsonu ABŞ-ın Seyşel adalarına səfiri təyin edib.

Taker Karlsonun hazırda siyasət dünyasına qərq olmaq imkanı yaranıb. “Mən Takeri çox sevirəm. Düşünürəm ki, ona vitse-prezident vəzifəsini təklif edərdim, çünki o, çox ağıllı düşünür”, - Tramp deyib.



Tramp-Karlson dueti ümumiyyətlə, çox ahəngdar səslənir. Taker Donald kimi sadəcə mühafizəkar deyil. Məsələn, Donald Tramp uzun müddət COVID-19-u ciddi təhlükə kimi tanımaqdan, karantin məhdudiyyətləri tətbiq etməkdən imtina edib və ABŞ xalqını əmin edib ki, yeni virus qorxulu deyil və tezliklə yox olacaq. Və o, həkimləri vəziyyəti gərginləşdirməkdə və xəstə insanlar haqqında məlumatları şişirtməkdə günahlandırıb.

Nəticədə onun çıxışları yenidən ABŞ lideri olmaq üçün gedən yolda maneə oldu. O zamankı prezident virusun qeyd-şərtsiz Çindəki bioloji laboratoriyalarda hazırlandığını deyirdi. Karlson isə COVID-19 pandemiyasının pis niyyətin məhsulu olduğunu iddia edib. Düzdür, prezidentdən fərqli olaraq, teleaparıcı koronavirusun baş infeksionist və prezidentin tibbi müşaviri olmuş Entoni Fauçinin əməyinin nəticəsi olduğunu da diqqətə çatdırıb.



Kapitoliyə hücum

Üç hissədən ibarət sənədli film küçələrdə iğtişaşların təhrikçilərinin əslində “solçular” olduğunu və Kapitoliyə hücumun FTB tərəfindən ustalıqla planlaşdırılmış tələ əməliyyatı olduğunu ortaya qoydu - bütün bunlar Tramp və onun tərəfdarlarını gözdən salmaq üçün idi .

Bundan sonra Taker sadəcə olaraq Donaldın sevimli teleaparıcısı olmalı idi. Bununla belə, Karlsonun 2020-ci il prezident seçkilərində saxtakarlıq iddialarını yaymaqda Trampı dəstəkləmək istəyi sonda teleaparıcının məhkəmə prosesi ilə nəticələndi. Və məlum oldu ki, Karlson və Tramp arasındakı münasibətlər o qədər də sadə deyil.



Pentaqonun hədəfi qanadlı Karlson

“Politico”nun mənbələri bildirib ki, Pentaqon Karlsonun “Fox News”dan ayrılmasına çox sevinirdi. Belə ki, səbəblər çox olsa da, ən məhşuru məhkəmə ilə yekunlaşdı.
2021-ci ilin mart ayında səsvermə maşınları istehsalçısı olan Amerikanın “Dominion Voting Systems” şirkəti “Fox News”u böhtana görə məhkəməyə verdi. “Dominion” televiziya şirkətindən nə az, nə çox düz 1,6 milyard dollar təzminat tələb etməyə başladı.

Şirkətin məhkəmədə tələb etdiyi şahidlər arasında “Fox Corp”un direktorlar şurasına rəhbərlik edən Rupert Myordok, şirkətin baş direktoru vəzifəsində çalışan oğlu Laklan, həmçinin bir sıra televiziya aparıcıları, kanalın redaktorları və təbii ki, Taker Karlson da var idi. Televiziyanın iddiasına görə, “Dominion” səsvermə maşınlarından istifadə edərək seçki saxtakarlığı ilə bağlı proqramların hazırlanmasında iştirak edib.



Yekundə tərəflər barışdı. Lakin, “Fox Corp” “Dominion”a 787,5 milyon dollar ödəməyə razı oldu. Baş verənlər Karlsona çox pis təsir göstərdi. Televiziya şirkəti ulduz aparıcı ilə əməkdaşlığı səbəbini izah etmədən dayandırdı.

Mehriban düşmən

Məhkəmə prosesində “Dominion” “Fox” əməkdaşları arasında yazışmaları məhkəməyə təqdim edib, orada onların çoxu Donald Tramp haqqında mənfi fikirlər səsləndiriblər. Karlsonun yazışmalarında heç də Tramp haqqında müsbət heç nə yox idi. Təqdim edilən yazışmalar sübut etdi ki, Trampı ictimai dəstəkləməsinə baxmayaraq, teleaparıcı əslində keçmiş prezidentə tamamilə fərqli hisslər bəsləyir.

Beləliklə, səslər hələ hesablanarkən, Karlson, Arizona ştatının Baydenə səs verdiyini elan etdikdən sonra tamaşaçı itkisindən narahat olan prodüseri Aleks Pfayferlə yazışırdı.

Pfayfer yazıb: “Trampın biznes cəhdlərində kifayət qədər aşağı müvəffəqiyyət nisbəti var”. Karlson cavab verib: “Bu, əmindir. Onların hamısı uğursuzluqlardır. Onun yaxşı bacardığı şey məhv etməkdir. Bununla da o, şəksiz dünya çempionudur”.



Tramp Co Baydenin andiçmə mərasimində iştirak etməkdən imtina edəndə Karlson yazırdı:“İnanmaq çətindir. Belə dağıdıcı. Bu iyrəncdir. Mən bunu fərq etməməyə çalışıram”.

Nəhayət, yanvarın 4-də, Tramp tərəfdarlarının Kapitoliyə hücum etməsindən cəmi bir neçə gün əvvəl, Karlson həmkarlarına yazıb:

“Biz nəhayət, əksər axşamlar Trampı görməməzliyə vurmağa çox yaxınıq. Bu anı gözləyə bilmirəm. Ona bütün qəlbimlə nifrət edirəm”.

Bütün bunlar media tərəfindən təkrarlanırdı - və Donald Tramp, əlbəttə ki, onları görürdü. Amma hər ikisi heç nə olmamış kimi davranırdılar. Baş verənlərə baxmayaraq Karlson açıq şəkildə Donald Trampı yenə də dəstəkləməyə davam etdi. Üstəlik, o, indi əslində Trampın Ağ Evi geri almasına kömək edir.

Donald Tramp avqustun 23-də Respublikaçılar Partiyasının praymerizlərinin ilk prezident debatında iştirak etmək əvəzinə, hazırda X sosial şəbəkəsində öz şousu olan Taker Karlsona müsahibə verməyə gedib. Müsahibəni 250 milyon insan izləyib.


ABŞ tarixində prezident və vitse-prezident tandemi

ABŞ tarixində prezidentlə vitse-prezident arasında şəxsi münasibətlərin açıq şəkildə pis olduğu nümunələr də var. Və Donald Tramp üçün bu, heç də problem kimi görünmür.
Mayk Pens vitse-prezident olduğu zaman ictimaiyyət qarşısında həmişə prezident Trampı hərarətlə dəstəkləyib. Dönüş nöqtəsi 2021-ci il yanvarın 6-da eyni iğtişaşlardan sonra baş verdi.

Pens o zaman Konqres binasında idi, lakin Tramp, medianın iddia etdiyi kimi, Kapitoliyə hücumdan sonra vitse-prezidentin yaxşı olub-olmadığını yoxlamağa belə zəhmət çəkmədi. Pens Trampı dəstəkləmək əvəzinə ilk dəfə olaraq onu və Konqres binasına basqın edənlərin hərəkətlərini qınadı. Hətta prezidentlik müddətinin sonuna yaxın ikisi bir-biri ilə ümumiyyətlə danışmırdı.

Taker Karlsonun vitse-prezident vəzifəsinə namizədliyinin irəli sürülməsi ideyası ABŞ-ın 45-ci prezidentinin tərəfdarları tərəfindən fəal şəkildə dəstəklənir. Beləliklə, radio aparıcısı və mühafizəkar fəal Çarli Kirk daha yaxşı namizəd ola bilməyəcəyini söylədi:

“Heç bir vitse-prezidentliyə namizəd Taker kimi döyüş sınağından keçməyib. Tramp kimi o, hücum və təzyiq altında inkişaf edir... Taker Trampın ritorik üslubunu təqlid etməyə başlaya bilən yeganə respublikaçıdır. Yalnız bu ikisi tamaşaçıları oturacaqlarının kənarında saxlaya bilər, bir saat fasiləsiz çıxış edə bilər”.

Corciya ştatından Nümayəndələr Palatasının nümayəndəsi Mardjori Teylor Qrin də Kirkin fikirləri ilə razıdır. Karlsonun özünə gəlincə, o, hələ Trampın sözlərinə cavab verməyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti