Ermənilər tələbələrimizi necə qovmuşdu? | Xankəndi İnstitutunun qaçqınlıq tarixçəsi - Müsahibə

   Ermənilər tələbələrimizi necə qovmuşdu?  | Xankəndi İnstitutunun qaçqınlıq tarixçəsi -  Müsahibə
  29 Noyabr 2023    Oxunub:3797
Azərbaycanın suverenliyinin tam bərpa edilməsi ilə Qarabağda yenidən canlanma başladı. 30 illik fasilədən sonra əhalinin doğma torpaqlarına qayıtması ilə elm-təhsil ocaqlarına da yeni nəfəs gəldi. Bu gün Şuşa Realnı məktəbi, Xankəndi Pedoqoji İnstitutu yeni dövrün ilk şagird və tələbələrinin yolunu gözləyir. Artıq bu istiqamətdə işlərə də başlanılıb. Belə ki, Prezident İlham Əliyev Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxsin (bundan sonra – Universitet) yaradılması barədə Sərəncamda da imzalayıb.
Lakin keçmişi də unutmaq olmaz. Ermənilərin etdiyi vəhşiliklər, azərbaycanlı müəllim-tələbə heyətinin Xankəndidən çıxarılması, Şuşada atəş altında saxlanılması yaddaşlarda dərin izlər buraxıb.


Bir zamanlar Xankəndi Pedoqoji İnstitutunda müəllim işləyən, sonradan Azərbaycan Pedoqoji İnstitunun Şuşa filialı adlandırılan təhsil ocağının direktoru işləmiş Zəfər Hüseynov AzVision.az-ın əməkdaşı ilə müsahibəsində o acılı günləri xatırlayıb:

- 1988-ci il hadisələri başlayanda erməni millətçilərinin məkrli planlarında Xankəndi Pedoqoji İnstitutu ilk hədəf idi. Həmin illər orada çalışdığım üçün erməni müəllimlərinin institut daxilində və kənarda torpaq iddiasının və digər pozuculuq fəaliyyətlərinin açıq şəkildə şahidi olmuşdum. İnstitutun azərbaycanlılardan ibarət kollektivi cinayətkar erməni millətçiləri ilə üz-üzə qalmışdı və hətta münasibətlər bəzən toqquşma səviyəsinə qədər gəlib çıxırdı. Ermənilərin son dövrlərdə fəallaşmaları barədə yuxarı dövlət orqanlarına rəsmi və qeyri-rəsmi şəkildə məlumatlar verilsə də, heç bir nəticə əldə olunmurdu. Beləliklə, kimsəsizlik və köməksizlik bu təhsil ocağının azərbaycanlı kollektivini cinayətkar, türk qanına susamış və amansız millətçi ermənilərlə üz-üzə qoymuşdu. Qarşıdurma artıq toqquşmaya doğru gedirdi. 1988-ci ilin may ayında azğınlaşmış ermənilər üç dəfə institutun qarşısına toplaşaraq, azərbaycanlılardan şəhəri tərk etmələrini tələb edirdilər. Axırıncı belə hücum 1988-ci ilin may ayının 16-da oldu. Ermənilər institutu mühasirəyə alıb, pəncərələrə dırmaşaraq auditoriyalara soxulmağa çalışırdılar. Müəllimlərimizdən yaralananlar da oldu.

Xatirimdədir, uzun müddətdən sonra hadisə yerinə gələn erməni polislər azərbaycanca öz quldurlarına müraciət edərək sakit olmağı, artıq hərkətlərə yol verməməyi deyirdi. Amma erməni dilində isə “qorxmayın, pəncərələri qırıb icəri girin, qırın bu türkləri” deyirdilər. Xankəndində yaşayan tələbələrimizin çoxu erməni dilini bilirdilər, mənim yanımda dayanan tələbəmiz ermənilərin bütün danışıqlarını tərcümə edirdi. Beləliklə, 1988-ci il may ayının 16-da institutun Azərbaycan bölməsinin müəllim və tələbələri fiziki və mənəvi təzyiqlər altında Xankəndi şəhərini tərk edib, Şuşaya getdi. Bununla da Xankəndi Pedaqoji İnstitutunun taleyinə köçkünlük həyatı yazıldı.

Arayış: 1988-ci ilin oktyabrın 14-də artıq SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkovun 1208 saylı qərarı ilə Xankəndi Pedaqoji İnstitutu (XPİ ) müvəqqəti olaraq bağlanır. Qərarın icrası SSRİ Xalq Təhsili Komitəsinə, Azərbaycan və Ermənistan Nazirlər Sovetinə taşırılır. Bu qərarın icrası il bağlı SSRİ Xalq Təhsili Komitəsi 17 oktyabr 1988-ci il tarixdə 6 maddədədn ibarət 386 saylı qərar imzalayır. Qərarın 2-ci maddəsində İnstitun 2 il müddətinə bağlanması, azərbaycanlı tələbələrin noyabr ayının 1-ə kimi Gəncə, erməni tələblərin isə Ermənistanda İrəvan, Leninakan və Kirovakanın pedaqoji institutlarına köçürülməsi tapşırılır. Beləliklə, XPİ-nin 1200 tələbə, 100 nəfərə yaxın professor müəllim heyəti Gəncə Dövlət Pedoqoji İnstituna köçürülür.


SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkovun 1208 saylı qərarı

- O zaman ermənilər də köçürüldü ?

- Xeyr, ermənilər bu qərara əhəmiyyət verməyərək, institutda dərslərini davam etdirilər. Qısa müddətdən sonra İnstitun nəzdində "Artsax Dövlət Universitetinin" yaranmasını elan etdilər. Bu isə azərbaycanlı müəllim və tələbə heyəti tərəfindən böyük hiddətə səbəb olmuşdu. Artıq Gəncədə tələbələrin böyük qiyamı başlamışdı. Beləliklə, 1989-cu ilin oktyabrın 25-də heç kimə xəbər vermədən, göstəriş almadan bütün kollektiv Şuşaya qayıtmağa qərar verdi və etdi.

O zaman dövlət orqanlarının rəhbərləri bizə dildə qalmağı, asayişi pozmamağı desə də, arxa planda yardım edirdilər. SSRİ dağılmadığı üçün rəhbərlik, pariyadan qorxu hissi var idi. Tələbələri Şuşaya aparmaq üçün avtobuslar təşkil edilmişdi. Avtobuslar Ağdama qədər apardı, oradan isə vertolyotla Şuşaya getdik. Müəllim və tələbələrə Şuşada mədəni-maarif yataqxanasında qalmaq üçün yer ayrılmışdı. Dərs keçmək üçün isə artıq Şuşa Realnı Məktəbi bizim istifadəmizə verilmişdi.
Tələbələlərimizdəki şücayət, vətənpərvərlik məni heyran qoymuşdu. Pedoqoji İnstitut olduğu üçün tələbələrin çoxu qızlar idi. Onlar belə bir anlıq geri çəkilmirdilər. Beləliklə, bir gün sonra 1989-cu ilin oktyabrın 26-da biz Şuşada dərslərə başladıq.


Şuşa Realnı məktəb, ADPİ Şuşa filialının sonrakı binası

- Həkin vaxtı Şuşada vəziyyət necə idi?

- Şuşanı hər gecə qrad mərmiləri ilə bombalayırdılar, alazandan atırdılar. Buna baxmayaraq, biz orada qaldıq. Bizim Şuşaya qayıtmağımızın məqsədi təkcə ermənilərin acığına orada təhsili davam etdirmək deyildi. Həm də insanlar arasında nikbinliyi qoruyub saxlamaq idi. Hər rayondan orada tələbə oxuyurdu. Onların Şuşaya gəlməsi insanları ruhlandırırdı. Çünki ermənilər belə şayiə buraxmışdı ki, gəlib Şuşanı da alacaqlar. Adamlar da bunu eşidib, bəzən ruhdan düşürdü. Biz qısa müddətdə dərsə başladıq. Heç bir şəxsi statusumuz olmadan fəaliyyət göstərirdik. Yalnız 2 həftədən sonra qərara gəlindi ki, bura Pedoqoji İnstitun fakültəsi olsun. O zaman institutlar sərbəst olaraq filial yarada bilməzdilər. Bunun üçün yerlərdən təklif getməli, SSRİ Nazirlər Soveti, SSRİ Xalq Təhsil Komitəsi qərar qəbul etməli idilər.

Azərbaycanın dövlət orqanları, müxtəlif təşkilatlar bizə maddi-texniki baza cəhətdən çox kömək etdilər. Bakıda professorlardan Əbülfət Rüstəmov, Əliyar Namazov dərs demək üçün Şuşaya köçmüşdülər. Onlar Bakıdakı işlərindən ayrılıb gəlmişdilər. Qısa müddətdə institut üçün yataqxanın tikintisi layihəsinin hazırlanmasına başlanıldı. Şuşada olarkən mən dekan müavini, Mail müəllim (Mail Alıcanov) dekan idi. Bizim gecə-gündümüz yox idi. Elə olub ki, mən Ağdamdan Cıdır düzünə vertolyotla parta daşımışam.

Tələbələrin yerləşdirilməsi üçün Sanatoriyaların İdarə olunması Təşkilatının kollegiya qərarı ilə “Şirlan” korpusu bizim istifadəmizə verildi. Hələ çox instituda olmayan İBM kompüterləri gətirildi, halbuki, birinin qiyməti o zaman 80 min rubl idi. Şuşa filialı yaradılandan sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun rektoru Sərvər Aslanov bizimlə görüşə gəlmişdi. O, dəfələrlə mənə deyirdi ki, “nəyə durmusan, daha da irəli get, bura müstəqil institut olsun. Sən düş qabağa, mən sənin arxandayam və sənin sözünü deyəcəm”. Şuşaya görə bizə hər kəsin bir ilə etdiyini bir günə edirdilər. Şuşa təhsilinin inkişafına böyük diqqət və qayğı göstərilirdi.


“Şirlan” korpusunun APİ-nin Şuşa filialına verilməsi ilə bağlı qərar

- Gəncədən Şuşaya neçə nəfər müəllim-tələbə heyəti ilə qayıtdınız?

- Gəncədən 100 nəfər tələbə təxminən qayıtmadı. Onların bəziləri IV kursda idi və tədris ili yekunlaşırdı, məzun olacaqdılar. 1000 nəfər tələbə bizimlə gəldi. Professor-müəllim heyəti hamısı gəlmişdi.
O zaman böyük planlarımız var idi. İstəyirdik ki, instututu böyüdək, əlaqələr quraq. Nürəddin Ağayevin rəhbərlik etdiyi internat məktəbinin 8-ci sinifinə bizim müəllim dərs deyirdi. Məqsədimiz İnstitut nəzdində orta məktəb yaratmaq idi.

- Zəfər müəllim, qayıdaq lap əvvələ. Xankəndidə işləyən zaman ermənilərlə münasibətlər necə idi?

- Münasibətlərimiz çox yaxşı idi. Şuşada doğulmuşam, orada böyümüşəm. Qonşularımız erməni idi. Erməni uşağına “ara torqe gama” (qaçın, türk gəlir) deyə qorxuzurdu. İndi hamının dediyi sözü biz qulağımızla eşidirdik, lakin əhəmiyyət vermirdik. Çünki bu sözlərə artıq öyrəşmişdik və ciddiyə almırdıq. Ən böyük səhvimiz də elə buradan başlayırdı. Buna baxmayaraq, çox mehriban yaşayırdıq. Xankəndi Pedoqoji İnstitutunda oxuyan tələbə qızlarımızın əksəriyyəti ermənilərin evində kirayədə qalırdı. Onlarla söhbət edirdim. Soruşurdum ki, “sizə bir söz demirdilər ?”. Deyirdilər ki, “yox”. Deyirdim ki, “kinoya gedirsiniz sizə söz atmırlar?. Deyirdilər, “yox”. Doğrudan da eləmirdilər. Lakin ermənilər çox hiyləgər idilər.

Bir faktı da qeyd edim. Biz o zaman əmək haqqını mühasibatlıqda cədvələ qol çəkib alırdıq. Ermənilər qapının ağzında oturan qıza 3 rubl verirdilər. Sonra baxdım ki, bütün ermənilər belə edir. Bir gün kafedranın müəllimi Saarkiyan Georgidən soruşdum ki, niyə belə edirsiniz? Dedi ki, “bu, bizim kassamızdır ki, sabah kiməsə pul lazım olanda oradan götürsün. Sən demə, bütün ermənilər bu hadisələr üçün elə pul yığırmış. Bizim də xəbərimiz yox idi. Bunu da sirr kimi saxlayırdılar. Saxta millətçilik bunların qanında idi.

Ermənilərin “milli hadisələr”i başlayandan sonra üzləri elə çöndü ki, dünənə qədər birgə yediyimiz-içdiyimiz həmin “mehriban, güləriz” insanlardan əsər-əlamət qalmamışdı. Mən dəhşətə gəldim ki, insanın üzü neçə sifətli olar? Hətta çalışırdılar ki, Qarabağ azərbaycanlıları ilə digər rayondan gələnlər arasında konflikt yaratsınlar.


Soldan sağa: Saakyan Georgi, Qriqoryan Hamlet(Bakıda müdafiə edib, elmi rəhbəri azərbaycanlı olub. Hadisələr vaxtı millətçilərin rəhbərlərindən biri oldu), Hüseynov Zəfər, Şəfiyev Nəsib, Quliyev Balaxan, Petrosyan Stepan(Bakıda müdafiə edib, elmi rəhbəri çox məhşur azərbaycanlı riyaziyyatçısı olub)

- Pedoqoji heyət çıxanda Xankəndidə azərbaycanlılar qalmışdı?

- Ermənilər təzyiq göstərirdi və nəticədə şəhərdəki azərbaycanlıların sayı azalırdı. Bir haşiyəyə çıxıb, əvvəlki illərə qayıtmaq istəyirəm. Bir zamanlar Xankəndində ermənilər get-gedə artırdı, Şimali Qafqaz, İrəvandan bura ermənilər gətirilirdi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Xankəndi Pedoqoji İnstitunun yaradılması ilə orada azərbaycanlıların məskunlaşması sürətləndi. Nizami Gəncəvi adına Azərbaycan dilli məktəbdə o qədər şagirdi var idi, yer bəs eləmirdi. Kərcan kəndi Xankəndiyə birləşmişdi. Azərbaycan əhalisi digər rayonlardan olanların hesabına artmışdı. Bunun üçün şərait də var idi, iş yerləri, istehsal müəssisələri çox idi.

Hadisələr başlayanda artıq azərbaycanlıların evlərini yandırmağa başladılar, onları sıxışdırır, təzyiq göstərdilər. İşin pis tərəfi o idi ki, biz köməksiz idik. Heç bir dövlət orqanı yaxın durmurdu. Göz-görə görə bu insanlara zülm olunurdu, döyülürdü, söyülürdülər. Azərbaycanın dövlət orqanları fikirləşirdilər ki, “nəsə etsələr” Moskvanın xətrinə dəyir. O zaman dövlətçilik, Moskva ilə razılaşmaq qanımıza hopmuşdu.


Xankəndi Dövlət İnstitutu

- Ermənilərlə yaxın münasibətləriniz olub dediniz, hərəkətlərindən hiss etmirdiniz ki, onlar nəsə planlayırlar? Onlar “belə yaxınlıq” münasibətini birdən-birə pozdular?

- Ermənilər planlarının hamısı gizli edirdilər. Hərdən toplaşıb nəsə danışırdılar, biz şübhələnmirdik. Çünki biz yığışanda idmandan, elmdən danışırdıq. Amma onlar başqa şeydən danışırmışlar. Ermənilərin liderlərindən akademik Abel Aqanbekyanın Fransadakı qəzetə müsahibəsi bu hərəkata sanki bir qığılcım oldu.

Hadisələr təzə başlayanda ermənilər azərbaycanlılardan, xüsusilə ağdamlılardan çox qorxurdular. Ermənilərlə arabir danışırdıq. Bakı ermənisi olan Saarkisyan Georgi deyirdi ki, “ərə səhəri qədər yata bilmirik”. Deyirdim niyə? Deyirdi ki, “səhərə qədər postda dururuq. Qorxuruq ki, ağdamlılar gəlib bizi qıracaq”. Çox qorxurdular.

O zaman Ermənistandan qovulan azərbaycanlılar Şuşada çox məskunlaşırdılar. Düzdür, onların Şuşada qalmasına çox qoymurdular, digər rayonlara paylaşdırmaq istəyirdilər. Lakin bizim tələbələrimizin gördüyü işlər sayəsində onları saxlamağa nail olmuşduq. Oradan gələnlər ermənicə çox yaxşı bilirdilər. İrəvan ermənilərinin ləhcəsi ilə Qarabağ ermənilərin ləhcəsində fərq var. Gələn soyadaşlarımız, müəllimlər İrəvan ləhcəsini bilirdilər. Onlara deyirdik ki, Xankəndidə ermənilərə zəng edib, onların əhval-ruhiyyəsini öyrənsinlər. İstənilən nömrəni yığıb ermənidən soruşanda, deyirdi ki, “vəziyyət çox pisdir. Səhərə qədər yata bilmirik. Camaat qaçır. Hamı əşayalarını toplayıb”.
Amma bizim onlara qarşı amansız rəftarlarımız olmayıb, çünki biz onlar kimi vəhşi deyilik.

- Şuşadan ayrılmağınız necə oldu?

- 1991-ci ilin sonuna yaxın hər gün, xüsusilə axşamlar Şuşanı dayanmadan bombalayırdılar, qrad mərmisi atırdılar. Bunu məhlə-məhlə edirdi. Evlərə ziyan dəyirdi, ölən və yaralananlar çox olurdu. Artıq dayanmaq mümkün deyildi. Tədris prosesi pozulmuşdu. İki müəllimiz-Mürşüd Dünyaməliyev və Sara müəlliməni Şuşaya gətirən vertolyot vuruldu. Bu hadisə gözümün qarşısında oldu. Onun içərisindən düşən adamı gördüm. Sara müəllimə tamam yanmışdı, çəkmədə qalan ayağının içərisindən o olduğunu bilmişdik. Sara müəllimə Almaniyada Humbolt Universitetini bitirmişdi, ingilis, alman, erməni, rus dillərini sərbəst bilirdi. Onları dəfn etməyə belə ermənilər aman vermirdi. Daha sonra Cıdır düzünə düşən vertolyotun pəri tələbəmiz Elsevərin başını üzmüşdü, nişanlı idi. Bu, bir faciə idi. Artıq tələbələrimizdən təşkilat batalyonlarına üzv yazılıb, gedənlər də var idi. Buna görə məcbur olub filialı Şuşadan Ağcəbədiyə köçürdük.


Ermənilərin vurduğu vertolyotda ölən müəllim Mürşüd Dünyaməliyev tələbələrlə

İşin pis tərəfi o idi ki, yuxarıdan bir kəs demirdi ki, nə edək. Gərək hər şeyi özümüz fikirləşib, tapıb, qərar verərdik. Ağcabədidə əvvəlcə 1 nömrəli məktəbin, daha sonra peşə məktəbinin binasını bizə verdilər. Hazırda filial həmin binada yerləşir. İnstitut üçün şərait olmasa da tədrisə başlamağa məcbur idik.



- Digər bölgələr içərisində niyə məhz Ağcabədini seçdiniz?

- O zaman Ağdama getmək istəyirdik. Lakin o rayon da təhlükədə idi. Ağdamda insanların sayı azalırdı. Şəhərin mərkəzində salamat darvaza yox idi və hamısı dəlik-deşik idi. Ağcabədini seçməkdə bir məqsədimiz onun həm də digər rayonlara yaxın olması idi.

Bununla da kifayətlənmədim. Filialın nəzdində Qarabağ Universitetinin yaradılmasını fikirləşirdik, əsaslandırılmış təkliflər vermişdik. Hətta o dövrdə Respublika rəhbərlərindən birinin qəbulunda olarkən bu məsələni dilə gətirmişdim. Cavab isə belə olmuşdu: “Bilirsiniz Qarabağ adında konkret iqtisadi region, şəhər yoxdur, ona görə də bu ad altında universitet yaratmaq olmur”. Respublika ziyalılarının da müsbət rəy almışdıq və bu məsələni aktiv saxlayırdıq. Filialın rəhbəri kimi bu barədə o dövrdə AzTV-də yayımlanan “Aktual ekran” verilişində çıxış etmək təklif olundu. Verilişdə təqdimat və salamlaşmadan sonra ilk cümləm də yadımdadır:”Əziz tamaşacılar mən indi sizə hamının ürəyincə olan xöş bir xəbər vermək istəyirəm. Yeni tədris ilindən ADPU-nun Şuşa filialı Qarabağ Dövlət Universiteti kimi fəaliyyət göstərəcək”. Sözlər verilsə də, əməldə heç bir iş görülmədi.


ADPU-nun Ağcabədi filialı

- Qələbədən sonra Şuşaya getmisiniz? Oraya qayıdıb, işləyəcəksiniz?

- 2022-ci ildə Şuşaya gedib, 3 gün qaldım Şuşanı erməni məhv edib, tarixi binalarını dağıdıblar. Sal daşlar var idi, söküb aparıblar. Şuşada iki evimiz var idi. Biri məscidin yanında binalarda ,digəri isə Realnı məktəblə üzbəüz 2 mərtəbəli ev idi.

Şuşadan çıxanda 38 yaşım var idi, qayıdanda 68 yaşım. Çox zaman keçib. Sağ olsun Ali Baş Komandanımız, Ordumuz. Onların sayəsində mümkünsüz mümkün oldu, biz sevincli günləri yaşadıq. Bizə yaşamaq üçün zəng vurublar. Lakin orada qalmaqla yanaşı, faydalı olmaq da lazımdır. Həmin günü səbirsizliklə gözləyirəm.

50 il bundan qabaq 1973-cü ilin 28 noyabr tarixində ulu öndər Heydər Əliyevin göstərişi ilə müstəqil Xankəndi Dövlət İnstitutu yaradıldı. Bu gün isə Müzəffər Ali Baş Komandan, Prezidentimiz, xalqımızın sevimli oğlu cənab İlham Əliyevin göstərişi ilə Xankəndidə İnstitutun nəzdində Qarabağ Dövlət Universiteti yaradılır. Sevincimin həddi-hüdudu yoxdur, bunları sözlə ifadə etmək çətindir. Universitetə qəbulu, tələblərin oxuyacağı günü səbirsizliklə gözləyirəm.

Aytən Zəhra
AzVision.az


Teqlər: Xankəndi   İnstitut   müəllim   tələbə   Qarabağ   Azərbaycan  





Xəbər lenti