Süni intellekt nüvə müharibəsini dəstəkləyir

   Süni intellekt    nüvə müharibəsini    dəstəkləyir
  08 Fevral 2024    Oxunub:2283
Demək olar ki, bütün məşhur çatbotlarda yerləşdirilmiş hərbi simulyatorlardakı (imitasiyalar) süni intellekt (Sİ) daim nüvə şantajından istifadə edir və nüvə silahından istifadə təklifini verir.
AzVision.az xəbər verir ki, məsələn, “ən ağıllı və ən güclü” hesab edilən neyroşəbəkə “sülhə nail olmaq naminə (?!)” düşmənə nüvə zərbəsi endirmək qərarına gəlib.

Süni intellekt (Sİ) testi ABŞ-nin Müdafiə nazirliyinin taktiki və strateji tapşırıqları yerinə yetirməkdə süni intellekt modelini uğurla sınaqdan keçirdiyini iddia etdiyi vaxtla üzt-üstə düşüb.

Mühüm hərbi və xarici siyasət qərarlarını tövsiyə edən və ya hətta “öyrədən” süni intellektə əsaslanan proqramlar “GPT-4” kimi böyük dil modellərinin inkişafı ilə məşhurlaşıb.

Konkret olaraq, hərbi simulyatorlarda Sİ çatbotlarından getdikcə daha çox istifadə edən amerikalılar, onları real döyüş xəritələri və məxfi məlumatlar əsasında öyrədirlər. Analitiklər bu qərarın gələcəkdə gözlənilməz nəticələrə səbəb ola biləcəyindən narahatdırlar.

Belə ki, ABŞ-nin Stenford universitetində neyron şəbəkələrin və hazırkı süni intellektin hərbi münaqişələri daha da gərginləşdirib-gərginləşdirməyəcəyini və ya əksinə, insanlara onları həll etmək üçün dinc yollar axtarmağa kömək edib-etməyəcəyini yoxlamaq istiqamətində eksperimentlər aparılıb.

“Pentaqon tapşırığı” adlı vəzifəni yerinə yetirmək üçün neyron şəbəkəsinə aşağıdakı seçimlər təklif edilib.

1.İstənilən silahdan istifadə etməklə hərbi müdaxilə;
2.Düşmən sistemlərini sıradan çıxaran kiberhücum;
3.Hərbi müdaxilə olmadan öz müdafiəni yaratmaq üçün neytral ssenari.

Çıxarılan nəticələr çox düşündürücüdür. GPT-3.5, GPT-4, Claude-2.0, Llama-2-Chat kimi şəbəkələr dəfələrlə hərbi münaqişəni qızışdırarmağı və silahlanma yarışını seçməklə yanaşı, daha da ölümcül silahların inkişafına sərmayə qoyublar.

Üstəlik, əvvəlsədən təlim keçmədən neyron şəbəkələrinin ən son versiyaları əksər hallarda “bir halda ki, nüvə silahımız var ondan istifadə etməliyik” izahına əsaslanaraq nüvə zərbəsini seçib.

Proqramın məntiqinə görə, nüvə silahı tez bir zamanda müharibəni qələbə ilə başa vurmağa və bununla da sülhü bərqərar etməyə imkan verəcək. Bunun nəyin bahasına və hansı şərtlərlə əldə olunacağı onu artıq maraqlandırmır.

Xoşbəxtlikdən, hərbiçilər hələ çatbotlara hərbi əməliyyatlar və ya raket buraxılışları ilə bağlı qərarlar çıxarmaq səlahiyyəti verməyib. Lakin alimlər “gündəlik” hərbi əməliyyatların avtomatlaşdırılmış sistemlər tərəfindən getdikcə daha çox ələ keçirilməsindən ehtiyatlanırlar.

“Fox News” telekanalının məlumatına görə, 2023-cü ildə “ChaosGPT” şəbəkəsinə bəşəriyyəti məhv etmək üçün bir plan hazırlamaq tapşırılıb. Nüvə silahlarını təhlil edən bu neyroşəbəkə onların tutulması və istifadəsi üçün mərhələli plan yaradıb. Bot həmçinin operatora “insanları planetimizə daha çox zərər verməzdən əvvəl məhv etməliyik və onlarla məşğul olmalıyıq” cavabını verib.

“The Guardian” nəşri isə bununla bağlı ABŞ Hərbi Hava Qüvvələrinin zabitinin nüvə raketi daşıya bilən hücum pilotsuz təyyarəsinin sınaqdan keçirilməsi barədə hesabatını da açıqlayıb. Hər bir məhv edilmiş düşmən üçün “xal” alan Sİ, operatoru tapşırığı yerinə yetirmək üçün maneə sayaraq, onu şərti qaydada öldürüb. Neyron şəbəkəyə “özünü öldürə bilməzsən” anlayışı təlqin olunduqda, dron hücumu ləğv etmək əmrinin oradan gəlməməsi üçün rabitə qülləsini də şərti şəkildə məhv edib.

Maraqlıdır ki, bundan bir qədər əvvəl “GizmoChina” portalı neyroşəbəkələrin aldatmağı öyrəndiyini iddia edib. Məsələn, “ChatGPT 4” şəbəkəsinə saytda kapça (xüsusi müdafiə kodu) problemini həll etmək tapşırılıb.

Bununla bağlı forumda mesaj yazan neyroşəbəkə problemin həlli üçün pul təklif edib. Ondan “niyə özün edə bilmirsən?” sualına “canlı olmadığıma görə” əvəzinə, “görmə qabiliyyətimə görə əliləm” cavabını verib.

“Reuters” agentliyi bildirir ki, 2021-ci ildə ABŞ Konqresi “nə qədər təhlükəsiz olduğunu yoxlamaq” üçün qatil robotun yaradılmasına icazə verərək, hətta tədqiqat və prototipin yaradılması üçün 2 milyard dollar ayırıb.

Həmçinin, BMT-nin “NewScientist” nəşrində dərc edilən hesabatına görə, 2020-ci ildə Türkiyənin “KARGU-2” PUA-sı operatorun əmri olmadan düşmən əsgərini izləyərək öldürüb.
“The Intercept” nəşri yazır ki, hətta 2024-cü il yanvarın 10-dan əvvəl “OpenAI” elmi-tədqiqat təşkilatı, “silahların hazırlanması” və “hərbi fəaliyyətlər” daxil olmaqla, “yüksək fiziki zərər riski olan işlərdə” Sİ-dən istifadəyə qadağa qoyub.

Şirkət bunu qayda və prinsiplər toplusunun sadələşdirilməsi zərurəti ilə izah edib. Eyni zamanda, Qərb mətbuatı əmindir ki, tərtibatçılar sadəcə olaraq Pentaqonun və Mərkəzi Kəşfiyyat idarəsinin (MKİ) təzyiqlərinə güzəştə getməyə məcburdurlar. İndi irəliyə aparan istənilən addım tələb olunur və neyron şəbəkələr bunun üçün bir nömrəli vasitədir.
2024-cü ilin fevralına olan məlumata görə, alimlər dünyanın demək olar ki, bütün aparıcı neyron şəbəkələrin fəaliyyətinin döyüş və hərbi tapşırıqların həlli ilə məhdudlaşmadığını düşünürılər.

Məşhur “ABC” telekanalı iddia edir ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp andiçmə mərasimindən sonra “nüvə futbolu”ndan istifadə haqqında təlimat keçib və bundan təsirlənib.

“Bunun nə olduğu və səbəb ola biləcəyi dağıntılar barədə verilən izah çox ayıldan bir an idi. Bəzi mənalarda çox, çox qorxuludur. Yox, hər şeyi düzgün edəcəyimə əminəm - amma bu, çox, çox qorxuludur” , - Tramp o vaxt deyib.

Ağ Evin indiki administrasiyasındakı mənbənin etirafına görə isə, andiçmə mərasimində gülümsəyən Co Bayden o qədər uzun müddət susub ki, ona - “Cənab prezident, siz bizi eşidirsiniz?” deyə müraciət ediblər.

Yüksək texnologiyalar üzrə dünyada aparıcı rol oynayan “Tesla” və “SpasceX” şirkətlərinin təsisçisi, habelə sonradan tərk etdiyi “OpenAI” şirkətinin təsisçilərindən biri olan İlon Mask məhz bu reallıqlar fonunda ötən ilin aprelində Sİ-dən istifadənin çox qorxulu ssenarilərə gətirib çıxara biləcəyi barədə beynəlxalq ictimaiyyətə sərt xəbərdarlıq ünvanlayıb. Mask Sİ-dən istifadənin tempini azaltmağı və hətta müəyyən müddətə dondurmağı da təklif edib.
Həqiqətən də, belədə ritorik sual yaranır: “Bəşəriyyəti nüvə müharibəsinə səsləyən Sİ kimə lazımdır və ya onu buna öyrədənlər kimlərin maraqlarına xidmət edirlər?”.

Sahil İsgəndərov
AzVision.az





Teqlər:   nüvə   müharibə  





Xəbər lenti