Cinayət törədən Əhməd hansı halda cəzasız qalacaq? - Vəkildən açıqlama

   Cinayət törədən Əhməd hansı halda cəzasız qalacaq? -    Vəkildən açıqlama
  19 Fevral 2024    Oxunub:1541
Ailəsinin 5 üzvünü faciəvi şəkildə öldürməkdə şübhəli bilinən Əhməd Əhmədova hansı cəza veriləcəyi ilə bağlı müzakirələr səngimək bilmir. Onun cinayəti anlaqsız vəziyyətdə etdiyi sübuta yetirilərsə, doqquz aylıq məcburi müalicədən sonra sərbəst buraxıla biləcəyi ilə bağlı fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə olan Əhmədin yenidən cinayət törətməyəcəyinə kim zəmanət verəcək?
Müzakirələrdə Əhmədin 17 yaşında idman yoldaşına 18 bıçaq zərbəsi vurduğu, hətta ona beşbarmaqla xələl yetirdiyi deyilir. Məlumatlara görə, ailəsi Əhmədin yaşını 15 yaşa qədər azaldıb və “xəstəlik” kağızı alıblar ki, cinayət işini üzərindən götürsünlər. Hətta onun başqa bir şəxsi də boğmağa çalışdığı iddia edilir. Əhmədin əvvəlki cinayətləri yenidən araşdırılarsa, onu hansı cəza gözləyəcək?

Vəkil Sadiq Əfəndiyev AzVision.az -a açıqlamasında bildirib ki, Əhmədə hansı cəzanın verilməsi cinayət əməlinin hallarından asılıdır. Bu isə araşdırma tələb edən məsələdir:
“Birinci cinayətini 17 yaşında törətdiyi deyilir. Qeyd edilənlərə əsasən demək olar ki, bu, həyat və sağlamlıq əleyhinə cinayətdir. Onun beşbarmaqdan istifadə etməsi də cinayət qanunvericiliyinə görə məsuliyyət yaradır. Araşdırmalıdır ki, Əhməd bıçaq zərbələrini şəxsin həyati əhəmiyyətli nahiyyələrinə, yoxsa, 18 bıçaq zərbəsini ancaq ayağına vurub? Əgər həyati vacib orqanlara zərbə vurubsa, burada ölümə cəhddən söhbət gedir. Bu hal 14 yaşdan ağır cinayət məsuliyyəti yaradır və Əhmədin yaşının 17-dən 15-ə salınması heç nəyi dəyişə bilməzdi”.

Vəkil qeyd edib ki, bu iş yenidən qaldırılmalıdır, çünki detallı məlumat yoxdur. O vurğulayıb ki, təkcə sağlamlıqla bağlı alınan tibbi arayış şəxsi cinayət məsuliyyətindən azad edə bilməz: "Bu zaman icraat dayandırılmır, ibtidai istintaq davam etdirilir, ekspertiza təyin edilir. Şəxs cinayəti anlaqlı vəziyyətdə edibsə, ittiham aktı tərtib olunub məhkəməyə göndərilir. Anlaqsız vəziyyətdə edibsə, o zaman məhkəmə məcburi tibbi xarakterli tədbirlərin görülməsi qərarını verir".

Hüquqşunasın sözlərinə görə, son hadisədə Əhmədin əməli Cinayət Məcəlləsinin 120-ci maddəsinin müvafiq maddələri ilə əməli qiymətləndiriləcək və burada ən ağır cəza ömürlük azadlıqdan məhrumetmə ola bilər. Lakin şəxsin psixoloji cəhətdən sağlam olmaması vəziyyəti dəyişə bilər.

S.Əfəndiyev bildirib ki, əgər şəxsin psixoloji sağlamlığının yerində olmamasına dair əsaslı şübhələr olarsa, onun barəsində məhkəmə tərəfindən psixiatrik ekspertiza təyin olunur.

“Ekspertizanın rəyi bir neçə formada ola bilər. Şəxsin psixoloji xəstə kimi cinayət məsuliyyətindən azad olunması üçün əsas şərt onun anlaqlılığını istisna edən vəziyyətdə olmasıdır. Şəxs ola bilər ki, psixoloji xəstə olsun, amma hərəkətinin mahiyyətini başa düşsün. Ancaq şəxs anlaqlılığını qəbul etmirsə, yəni cinayəti şüurlu şəkildə etdiyini və sonradan törətdiklərini unudursa, cinayət məsuliyyətindən cəlb olunmadan söhbət gedə bilməz. Onun barəsində məhkəmənin qərarı ilə tibbi xarakterli məcburi tədbirlər həyata keçirilir. Məcburi tibbi müalicə alan şəxs sağaldıqdan sonra cəmiyyətə buraxılır və ona heç bir cəza verilmir".

Bəs onun cəmiyyətdə eyni hadisələri törətməyəcəyinə kim zəmanət verəcək?

- Cinayəti anlaqsız törətdiyi sübut edilən şəxsin məcburi tibbi müalicə üçün göndərildiyi müəssisədən buraxılışı yalnız o sağaldığı halda baş verə bilər. Bu da həkim komissiyasının rəyinə əsasən edilir və bildirilir ki, şəxs sağalıb, cəmiyyət üçün təhlükəli deyil. Və yaxud da müalicəsini davam etdirmək üçün evə buraxılır. Burada söhbət cəzadan deyil, məcburi müalicədən gedir. Anlaqsız şəxsi cəzalandırmağın heç bir əhəmiyyəti yoxdur. Cəzanın məqsədi islah etməkdir. Şəxsdə ağıl, şüur yoxdursa, hansı islahdan söhbət gedə bilər? Buraxılandan sonra yenidən həmin vəziyyətə düşüb, cinayət törədib-törətməyəcəyi sağlamlığından asılıdır. Çünki davamlı müalicə üçün evə buraxılan şəxsə nəzarəti kimin edəcəyi də önəmlidir. Bizdə bu məsuliyyət yaxın qohumların üzərinə qoyulur. Lakin dövlət orqanları onu ciddi nəzarətdə saxlamalı, müalicəsi ilə maraqlanmalıdır. Çünki Əhmədin dərmanlarını içməyəndə ətraf üçün necə təhlükəli olduğunu hər kəs gördü, deyə hüquqşunas əlavə edib.

Xatırladaq ki, Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb , Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Cinayət   Cəza  





Xəbər lenti