Gürcü qanunundan kim narazıdır: xalq, yoxsa Qərb? | TƏHLİL

   Gürcü qanunundan kim narazıdır:    xalq, yoxsa Qərb?  | TƏHLİL
  02 May 2024    Oxunub:1071
Gürcüstan parlamentinin “Xarici təsirlərin şəffaflığı haqqında” Qanun layihəsini birinci və ikinci oxunuşda qəbul etməsi ölkə müxalifətini və onu dəstəkləyən xarici qüvvələrin ciddi narazılığına səbəb olub. Bu zəmində Gürcüstanda son 2-3 həftədə müxalifətin təşkil etdiyi mitinqlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalarda onlarla insan xəsarət alıb və xəstəxanalara yerləşdirilib.
Bu qəbildən olan bütün hadisələrdəki kimi Gürcüstanda da yaşanan qarşıdurmada hər tərəfin öz həqiqəti var. Hakimiyyət “Xarici təsirlərin şəffaflığı haqqında” Qanunun kənar aktorların ölkədəki destruktiv qüvvələrin əli ilə hökumətin daxili və xarici siyasətinə müdaxiləsi, habelə Gürcüstanda dövlət çevrilişi cəhdlərinin qarşısını almaq məqsədi ilə qəbul olunduğunu iddia edir.

Bu məsələdə güzəştə getməyəcəyini açıqlayan və sözügedən qanunun ölkədə demokratik təsisatların təqibinə, söz azadlığının boğulmasına yönəldiyini iddia edən Gürcüstan müxalifəti isə aramsız mitinqlər keçirir ki, nəticədə də etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında sərt toqquşmalar baş verir. Yeri gəlmişkən, qanun layihəsinin müzakirələri və qəbulu yalnız küçələrdə yox, parlament divarları arasında da ehtirasları qızışdırdığından deputatlar arasında əlbəyaxa davalar yaşanır.


Problemin müqəddiməsi
“Gürcü Arzusu - Demokratik Gürcüstan” hakim partiyası tərəfindən təqdim olunan bu Qanun layihəsi ilk dəfə “Xarici agentlər (müvəkkillər) haqqında” Qanun adı altında 2023-cü ilin martında parlamentə təqdim olunmuşdu. Həmin vaxt parlament onu birinci oxunuşda qəbul etsə də, vətəndaş fəallarının və müxalifət təmsilçilərinin etiraz mitinqləri fonunda hakim partiya onu geri çağırmaq qərarına gəldi.

Gürcüstanı qarışdıran "Rusiya qanunu" - Xalq niyə "xarici agent"ə qarşı çıxır?
Lakin yenidən qanunun əleyhinə qarşı müxalifətin toplaşdığı mitinqlərə baxmayaraq, Gürcüstan hökuməti bu dəfə mövqeyindən dönməyəcəyini bildirib. “Xarici təsirlərin şəffaflığı haqqında” Qanunun öz ölkəsinin Ukraynanın halına salınmasına qarşı yönəldiyini vurğulayan Gürcüstannı Baş naziri İrakli Kobaxidze, Qərbin faktiki olaraq, bu məsələdə tərəf kimi çıxış etdiyini açıqlayıb.

“ABŞ və Avropa İttifaqı ölkələri səfirləri “Xarici təsirlərin şəffaflığı haqqında” Qanuna qarşı protestləri aktiv şəkildə dəstəkləyir və faktiki olaraq Gürcüstan müxalifətini əvəzləyilər” , - İrakli Kobaxidze deyib.



Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də diplomatik korpusların bəzi təmsilçilərini və onları hətta bütövlükdə ölkənin daxili işlərinə həddən ziyadə qarışmaqda günahlandırıb.

Qanunun əleyhdarlarını dəstəkləyən Gürcüstan prezidenti Salome Zurabişvili bütün hallarda sənədə veto qoyacağını bildirərək, dəstək üçün fransalı həmkarı Emmanuel Makrona və Avropa Şurasının sədri Şarl Mişelə müraciət edib. Buna görə hökumət onu “xarici təsir agenti (müvəkkili)” adlandırıb.

Salome Zurabişvilinin harayına əlüstü cavab verən Emmanuel Makron və Şarl Mişel, habelə Avropa İttifaqının Xarici Siaysət və Təhülkəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel bu addımın Avropa Birliyinin əsas norma və dəyərləri ilə uzlaşmadığını, onun Tbilisinin bu istiqamətdə irəliləməsinə mənfi təsir göstərəcəyi barədə ciddi xəbərdarlıq səsləndiriblər.
Kollektiv Qərbin lideri olan ABŞ-nin Dövlət departamenti də bu gedişlə rəsmi Tbilisinin Gürcüstanın Avroatlantika məkanına inteqrasiya prosesini ciddi zərbə altına qoyduğunu bildirib.

Öz gözlərində tiri görməyənlər
Belə bəyanatlarla Gürcüstan hökumətinə təzyiq göstərməyə çalışan ABŞ və Brüssel əslində rəsmi Tbilisiyə qarşı siyasi şantaj metoduna əl atır. Onların sözügedən qanunun Gürcüstanda demokratik dəyərlərin və təsisatların işini məhdudlaşdırmağa rəvac verəcəyi barədə iddiaları isə, xaricdən birabaşa maliyyələşdirilən qüvvələrin Gürcüstanda destruktiv fəaliyyətinin yönləndirilməsini xeyli zəiflədəcəyi perspektivi ilə bağlıdır. Beləliklə də, Qərb bu məsələdə ilk növbədə öz geosiyasi maraqlarının zərbə altına düşəcəyindən narahatlığını açıq şəkildə nümayiş etdirir.

Halbuki, rəsmi Tbilisini tənqid edən ölkələrin bəzilərində xeyli əvvəldən və daha sərt analoji qanunlar fəaliyyət göstərir.

Məsələn, ABŞ-da “xarici agentlərin (müvəkkillərin)” faəliyyəti hələ 1938-ci ilin mayında qəbul edilmiş Xarici agentlərin qeydiyyatı Aktı (FARA) da daxil olmaqla bir neçə Qanunla tənzimlənir.
1. Xarici agentlərin qeydiyyatı Aktı (FARA Qanunu) Birləşmiş Ştatlarda xarici güclərin maraqlarını “siyasi və ya kvazi-siyasi keyfiyyətdə” təmsil edən xarici agentlərdən xarici hökumətlə münasibətlərini, onlarla əlaqəli fəaliyyətləri və maliyyə haqqında məlumatları açıqlamalarını tələb edir;
2. Qanunun məqsədi hökumətin və Amerika xalqının bu cür şəxslərin bəyanatlarına və hərəkətlərinə qiymət verməsini asanlaşdırmaqdır;
3. FARA-nın pozulması 250 min dollara qədər cərimə və ya 5 ilə qədər həbs cəzası nəzərdə tutur;
4. Qanun ABŞ Ədliyyə Departamentinin Milli Təhlükəsizlik şöbəsindəki (NSD) Əks Kəşfiyyat və İxracın Mühafizəsi bölməsi (CES) tərəfindən idarə olunur.


Son zamanlar Vaşinqtonun Çinin özəl şirkətinə məxsus “Tik-Tok” sosial şəbəkəsinin ya ABŞ-yə satılması, ya da bu ölkədə onun fəaliyyətinə qadağa qoyulması ilə bağlı irəli sürdüyü şərt də Ağ Ev administrasiyasının söz və mətbuat azadlığı fəaliyyətinə nə fərəcədə “hörmətlə” yanaşmasının göstəricisidir.

2018-ci ildən Avstraliyada Xarici Təsir Şəffaflığı Çərçivə Aktı qüvvədədir. Bu qanuna əsasən,
1. Xarici agentlər (müvəkkillər) - ölkədə xarici rəhbərlərin nəzarəti altında işləyən şəxslər, dövlət reyestrində qeydiyyatdan keçməli və fəaliyyətləri haqqında hesabat təqdim etməlidirlər.
2. Qanun ölkədə xarici təsirin xarakteri və miqyası haqqında məlumat əldə etmək üçün nəzərdə tutulub. Bu anlayış altına parlamentdə və mediada lobbiçilik fəaliyyəti, maliyyə resurslarının təminatı düşür.
3. Qeydiyyat olmadan fəaliyyət göstərmək, şəffaflıq öhdəliklərinə əməl etməmək, yalan və ya çaşdırıcı məlumat verməyə görə cərimə və ya 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.


Gürcüstan prezidentinin dəstək üçün müraciət etdiyi Fransanın Emmanuel Makron hökuməti də bu istiqamətdə sərt addımlar siyasətinin daşıyıcıları sırasındadır. Bu il martın 27-də Fransa parlamentinin aşağı palatası olan Milli Məclis “Xarici müdaxilənin qarşısının alınması haqqında” Qanun layihəsini qəbul edib. Bu qanuna görə,
1. Fransanın özünün “xarici agentlər (müvəkkillər)” reyestri yaradılmalıdır;
2. Sənəd “lobbiçilik, rabitə və ya pul toplama fəaliyyəti” ilə məşğul olan əcnəbilərin qeydiyyatdan keçməsini tələb edir. Öz şəxsiyyəti, fəaliyyəti, əlaqələri haqqında məlumatı təhvil verməkdən imtina edən şəxsləri üç il həbs cəzası və 45 min avro cərimə gözləyir.
3. Hüquqi şəxslər üçün daha ciddi cəzalar nəzərdə tutulur: 225 min avro civarında cərimə, dövlət yardımı almağa qadağa və s.


Avropa Parlamentinin yeni hesabatında isə, Avropa İttifaqından qrantlar alan QHT-lərin və benefisiarların öz fəaliyyətinin tam şəffaflığını, hesabatlılığını təmin etməli, ictimaiyyətə və Birliyə vəsaitlərin necə bölüşdürüldüyü barədə ətraflı məlumat verməli olduqları müddəaları öz əksini tapıb.

Ümumiyyətlə, son10 ildə dünyanın 60-dan çox ölkəsində qeyri-kommersiya təşkilatlarının fəaliyyətini bu və ya digər şəkildə məhdudlaşdıran qanunvericilik aktları hazırlanıb. 96 dövlət QHT-lərin tam gücü ilə fəaliyyət göstərməsinin qarşısını almaq üçün tədbirlər görüb. Xaricdən maliyyələşən qeyri-kommersiya təşkilatları üçün xüsusi hesabatların tətbiqi ideyası hətta Avropa İttifaqında da müzakirə olunur.

Bu qaydaları tətbiq edənlərin əsas arqumentləri, bir qayda olaraq, dövlət suverenliyinin və milli maraqların müdafiəsinə söykənir. Maraqlıdır ki, özünü demokratik dəyərlərin ən qızğın apologeti kimi dünyaya sırımağa çalışan ölkələr, elə ilk növbədə ABŞ-nin özü bu məsələdə ön sıralarda gedirlər.

Bu baxımdan, rəsmi Tbilisini Rusiyanın “Xarici təsir altında olan şəxslərin fəaliyyətin nəzarət haqqında” Qanununun analoqunu qəbul etməkdə günahlandıran ölkə müxalifətinin və onun xarici havadarlarının Gürcüstan hökumətini Moskvanın maraqlarına xidmət göstərməkdə günahlandırması ən azı absurd səslənir.

Təbii ki, sözügedən qanun zəminində Gürcüstanla Qərb arasında münasibətlərin gərginləşməsi Moskvanın geosiyasi maraqlarına tam cavab verir. Amma Gürcüstan-Qərb münasibətlərindəki soyuqlaşma bu günün məsələsi olmayıb, son bir neçə ildə Qərbin rəsmi Tbilisiyə təzyiq siyasətinin nəticəsidir. Belə ki, Gürcüstanın Rusiya ilə münasibətləri normallaşdırmaq yönündə apardığı siyasətdən narazılığını açıq-aşkar bildirən Qərb, hətta Tbilisini Ukraynaya hərbi yardım göstərməyə sövq etməyə çalışır. Təsadüfi deyil ki, Gürcüstan hökumətinin bununla bağlı nümayiş etdirdiyi inadkarlıq dəfələrlə Qərbin və Ukraynanın sərt tənqidinə məruz qalıb.

Lakin Gürcüstan hökumətinin bu məsələdə öz arqumentləri var. Rəsmi Tbilisi Ukrayna ilə bağlı Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən və Kiyevə gen-bol şəkildə 100 milyard dollarla hərbi yardım ayıran Qərbin Gürcüstana münasibətdə belə qətiyyət nümayiş etdirmədiyini dəfələrlə Vaşinqtona və Brüsselə irad tutub. Eyni zamanda, Ukrayna müharibəsi başlayandan sonra, Gürcstanın ərazi bütövlüyünün bərpasının Qərb üçün arxa plana keçdiyi açıq-aşkar görünür. Hazırda kollektiv Qərb “Hər şey cəbhə üçün, hər şey Ukrayna üçün” devizi çərçivəsində hərəkət edir ki, bu da Gürcüstan hökumətinin diqqətindən yayınmır.

Digər tərəfdən, Avroatlantika məkanına inteqrasiya məsələsində Qərbin Ukraynanın adını daha çox hallandırmasından rəsmi Tbilisi müəyyən nəticələr çıxarır. Həm də, Gürcüstana Avropa İttifaqına üzvlüyə namizəd statusu yalnız ötən il dekabrın ortalarında verildiyi halda, Ukrayna və Moldova bu “hədiyyə” 2022-ci ilin yayında təqdim olunub. Yeri gəlmişkən, məhz belə ayrı-seçkiliklə bağlı rəsmi Tbilisinin dəfələrlə səsləndirdyi iraddan sonra Brüssel bu addımı atıb. Gürcüstan hökuməti onun da yaxşı fərqindədir ki, bu status Avropa İttifaqına üzvlüyün reallaşacağına heç bir təminat yox, sadəcə, daha çox gəlişi gözəl səslənən vəddir. Bunun üçün Türkiyənin və bəzi Avropa ölkələri ilə bağlı vəziyyətə nəzər salmaq yetərlidir.

Tbilisinin Moskva ilə münasibətləri tənzimləmək siyasəti habelə Gürcüstanın iqtisadi maraqlarından, ilk növbədə isə Rusiya bazarlarının gürcü məhsullarının üzünə açılması reallığından irəli gəlir. Qərb isə Gürcüstanı öz iqtisadi maraqlarını qurban verərək, Rusiyaya qarşı sanksiyalar rejiminə qoşulmağa təşviq edir ki, bu da rəsmi Tbilisini heç cür qane edə bilməz.


Ən əsası isə, son zamanlar Rusiyanın dünyada ən böyük vassalı olan Ermənistanda Moskvanın nüfuzunu xeyli zəiflətmiş Qərbin belə bir əlverişli məqamda Gürcüstanı öz təsir zonasından buraxmaq istəmədiyi tam aydındır. Moskva isə Ermənistanı itirmək perspektinə kompensasiya kimi Gürcüstanla münasibətləri daha da möhkəmləndiməyə çalışır.

Sadalanan məqamlar bir daha sübut edir ki, bir sıra ölkələrdə maliyyələşdirdikləri 5-ci kolonun fəaliyyətinin məhdudlaşdırılması yönündə atılan qanuni addımlar Qərbdə böyük narahatlıq doğurur. Çünki bu ilk növbədə “inadkar” dövlətlərə təzyiq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Ona görə də, özlərinin və satellitlərinin gözündə tiri görmək istəməyən, amma müstəqil siyasət aparan ölkələrin gözündə hətta olmayan tükü belə seçən Qərbin aparıcı dövlətləri “dediyimi elə, etdiyimi eləmə” prinsipindən çıxış edirlər.

Sahil İsgəndərov, politoloq
AzVision.az



Teqlər:   Gürcüstan   etirazlar   Qərb  





Xəbər lenti