Paşinyanın "qırmızı xətləri"

   Paşinyanın    "qırmızı xətləri"
  05 İyul 2024    Oxunub:1283
Kürd əsilli erməni jurnalist Boris Murazi Ermənistanda dövlətçiliyin təhlükə altında olmasından gileylənib.
AzVision.az xəbər verir ki, o, "Mamul" nəşrində baş nazir Nikol Paşinyanın "qırmızı xətlərindən" yazaraq ölkə rəhbərliyini tənqid edib. Jurnalist Paşinyan üçün hazırda yeganə "qırmızı xəttin" onun kürsüsünün olduğunu deyib.

"Qarabağa 100 min yezidi kürd köçürəcəkdik" - Murazi
"2019-cu ildə Nikol Paşinyan Xankəndidə olarkən “Qarabağ Ermənistandır və nöqtə" demişdi. Bu bəyanatdan bir il sonra Ermənistan Paşinyanın komandanlığı altında biabırçı məğlubiyyətə uğradı. Müharibə zamanı isə Paşinyan başqa bir maraqlı bəyanat verdi. Ölkə rəhbəri dedi ki, "Dağlıq Qarabağ xalqı"nın (Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik erməniləri nəzərdə tutur-red.) öz müqəddəratını təyin etmək hüququ Ermənistan tərəfi üçün Qarabağ məsələsində “qırmızı xətt”dir və o, bundan geri çəkilməyəcək. "Qırmızı xəttin" bu yeni tərifindən 3 il sonra hazırkı baş nazir bəyan etdi ki, o hələ 2018-ci ildə “Qarabağ Azərbaycandır” deməli idi", - Murazi yazıb.

Məqalədə qeyd edilir ki, Qarabağ problemi həll olunduqdan sonra artıq cızdığı "xəttlərin" sayını itirən Ermənistan rəhbəri üçün yeni “qırmızı xətt” yaranıb: "Qarabağ tam şəkildə qaytarılandan sonra Paşinyan və onun silahdaşları alçaq səslə, çox vaxt isə açıq şəkildə bu ifadələri deməyə başladılar - Ermənistanın maraqları "Artsax" naminə (Separatçıların Qarabağ verdikləri qondarma ad-red.) qurban verilməməlidir.

Biz təbliğat meydanında da Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına dair müəyyən işlərin aparılmasını görürük. Bir sözlə, “qırmızı xətt”dən imtina ənənəvi prinsipsizliyi göstərdi. Hətta baş nazir üçün bir zamanlar dəhliz məsələsi də xətlər siyahısında idi. Dəhliz mövzusu Nikol Paşinyan üçün ona görə “qırmızı xətt”ə çevrildi ki, burada Rusiya sülhməramlı qüvvələrinin nəzarəti məsələsi var idi. Amma çox keçmədi o, Praqada Qarabağın Azərbaycanın bir hissəsi kimi tanımasını rəsmiləşdirdi".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Paşinyan   Dəhliz  





Xəbər lenti