"Övlad"ından qorxan laureat
// Fizika üzrə “Nobel” mükafatı "Süni İntellektin atası"na verildi
Atom fizikasındakı mexanizmlərin birindən ilhamlanan Con Hopfild 1982-ci ildə “Hopfild şəbəkəsi”ni yaradır. Bu, şəkilləri və şablonları yadda saxlamağı, sonra sıfırdan qurmağı bacaran neyron şəbəkəsi idi.
“Süni İntellektin atası” adlandırılan Cefri Hinton isə “dərin şəbəkə” adlandırılan sistemin qurucusudur. “Hopfild şəbəkəsi”ndən və statistik fizikanın alətlərindən istifadə edən Hinton yeni növ neyroşəbəkə - “Boltsman maşını” yaradır. Həmin neyroşəbəkə verilən məlumatlar bazasında xarakterik əlamətləri və elementləri tapmağı bacarırdı. Yadınızdadırsa, 2010-cu ilin əvvəllərində belə bir xəbər yayılmışdı ki, neyroşəbəkəyə çoxlu pişik şəkli göstərəndən sonra özü pişikləri tanımağa başlayıb. O, Cefri Hintonun yaratdığı neyroşəbəkə idi.
Maraqlıdır ki, özünün yaratmasına baxmayaraq, Hinton Süni İntellektdən ehtiyatlanan alimlərdəndir. O, yarım il əvvələ qədər “Google” şirkətinin vitse-prezidenti vəzifəsində çalışırdı. Həmin postda olarkən MİT-nin tələbələrinin qarşısında mühazirə oxuyanda dinləyənlərdən biri soruşmuşdu ki, Süni İntellektə qaydaları biz ozümüz qoyuruqsa, ondan niyə qorxmalıyıq?
- Təsəvvür et ki, sənin iki yaşında oğlun gəlib deyir: “Ata, sənin davranışların mənim xoşuma gəlmir. Mən sənin özünü necə aparmalı olduğunu bu kağızda yazmışam”. Bizim Süni İntellektə qaydalar qoymağımız da belə bir şey olacaq. Biz Süni İntellektə qaydalar qoymaq fürsətinin olduğu dövrü əldən buraxdıq,- Hinton cavab vermişdi.
Tariyel Həsənov
AzVision.az
Bu materialları da tövsiyə edirik:
Süni İntellekt necə işləyir və əslində nə qədər ağıllıdır? – ELMİ CAVAB (VIDEO)
“Azərbaycan Süni İntellekt yarışında uduzur” | VİDEOMÜSAHİBƏ
İnformasiya müharibəsinin yeni Sİ-lahı: Süni İntellekt | VİDEOMÜSAHİBƏ
Teqlər: Süni-İntellekt Nobel