Tramp: "Kiyev danışıqlar aparmaq istəyirsə, seçkilər keçirməlidir"

      Tramp:    "Kiyev danışıqlar aparmaq istəyirsə, seçkilər keçirməlidir"
  19 Fevral 2025    Oxunub:506
ABŞ prezidenti Donald Tramp Floridadakı iqamətgahında keçirdiyi mətbuat konfransında diqqət çəkən açıqlamalar verib.
O qeyd edib ki, Kiyev münaqişənin həlli üçün danışıqlar masası arxasında oturmaq istəyirsə, gərək Ukraynada seçkilər keçirilsin.

Zelenski seçkilərin əleyhinədir
"Ukrayna lideri haradadır? Bunu demək mənim üçün xoş deyil. Amma Zelenskinin reytinqi 4%-ə düşüb. Ölkə parçalanaraq bölünüb. Bu, böyük bir söküntü ərazisinə bənzəyir. Məgər Ukrayna xalqı "bizdə çoxdandır seçki yoxdur?" deyə bilmir?",- Ağ Ev rəhbəri qeyd edib.

Respublikaçı siyasətçi xatırladıb ki, Ukraynada artıq uzun müddətdir ki, seçkilər keçirilmir.

Trampın sözlərinə görə, Ukraynanı danışıqlar proseduruna Rusiya deyil, ölkənin düşdüyü ağır durum sövq edir. ABŞ prezidenti həmçinin vurğulayıb ki, Zelenski ABŞ-nin Ukraynaya ayırdığı vəsaitlərin yarısının hara göndərildiyini bilmir.

Amerika lideri sülhməramlı məsələsinə də toxunub. O, Avropadan Ukraynaya ABŞ-nin iştirakı olmadan sülhməramlıların göndərilməsini dəstəkləyib.

"Döyüşlər başa çatdıqdan sonra Avropa qoşunlarının Ukraynaya göndərilməsi yaxşı qərar olardı. ABŞ-nin də qoşun göndərməsinə ehtiyac qalmaz. Çünki biz çox uzaqdayıq", - Tramp deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Seçki  





Xəbər lenti