Sarkisyan Azərbaycana `hücum` etdi

Sarkisyan Azərbaycana `hücum` etdi
  25 Sentyabr 2014    Oxunub:2304
Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 24-də BMT Baş Məclisinin 69-cu sessiyasında çıxış edib.
AzVision.az-ın “Media forum”a istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağ problemindən danışan Ermənistan prezidenti çıxışını Azərbaycana hücumlar üzərində qurub.

Azərbaycanı Qarabağ münaqişəsinin dinc yolla və ədalətli həllinə maneələrdə ittiham edən Serj Sərkisyan deyib ki, prezident İlham Əliyev erməni dövlətini bir nömrəli düşmən elan edib və dünyanın hər yerində cinayət sayılan əməllərə Azərbaycanda şücaət kimi baxılır.

BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə toxunan Ermənistan prezidenti həmin sənədlərdə Ermənistanı münaqişə tərəfi kimi tanıyan heç bir müddəanın olmadığını iddia edib. O, Dağlıq Qarabağı münaqişə tərəfi adlandıraraq Azərbaycanı bu rejimlə birbaşa təmasdan yayınmaqda günahlandırıb.

Bu yaxınlarda Şotlandiyada keçirilən müstəqillik referendumunu misal gətirən Serj Sərkisyan referendumu etnik münaqişələrin həlli mexanizmi kimi xarakterizə edib və deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də belə təklif irəli sürüb.

1988-ci ildə Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan ayrılması hərəkatı başlayıb. 1991-ci ildən bu münaqişə qanlı müharibəyə çevrilib. 1992-ci ildə ermənilər bütün Dağlıq Qarabağı və Laçın rayonunu, 1993-cü ildə Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı işğal ediblər. 1994-cü ildə atəşkəs müqaviləsi imzalanıb. 20 ildir aparılan sülh danışıqları bir qarış Azərbaycan torpağının azad edilməsinə gətirməyib.

İşğalçı müharibənin ən qanlı liderlərindən biri Ermənistanın indiki prezidenti Serj Sərkisyandır. O, 1989-cu ildən Dağlıq Qarabağ separatçıları hərbi qüvvələrinin komandanı, 1993-cü ildən isə Ermənistanın müdafiə naziri olub.

Hazırda Dağlıq Qarabağ danışıqları yenilənmiş Madrid prinsipləri üzrə aparılır. Madrid sənədinə görə, Ermənistan qoşunları ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan çıxmalı, Laçın və Kəlbəcər ikinci mərhələdə boşaldılmalıdır. Prinsiplər Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını, Dağlıq Qarabağın yekun statusunu həmin bölgədə keçiriləcək referendumda müəyyən etməyi də nəzərdə tutur.


Teqlər:  





Xəbər lenti