`Azərbaycanda 3 ayda 8 uşaq intihar edib` - Müsahibə

`Azərbaycanda 3 ayda 8 uşaq intihar edib` - Müsahibə
  06 Mart 2016    Oxunub:2676
Son vaxtlar Azərbaycanda uşaqlar arasında intihar hallarının sayı artıb. İntihar hallarının gəncləşməsi, yəni uşaqlar və gənclər arasında daha çox baş verməsi hər kəsi narahat edir.

Uşaqlar niyə intihar edir? Onları buna vadar edən nədir? Yaxud bunun qarşısını almaq üçün hansı addımlar atılmaldır?

AzVision.az-ın suallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova cavablandrıb.

-Uşaqlar arasında intihar hallarının baş verməsi bu gün bütün dünyanı narahat edən məsələrdən sayılır. Buna görə də intihar hallarının qarşısının alınması, bu istiqamətdə maarifləndirici tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Son zamanlar isə intihar hallarının gəncləşməsi, yəni uşaqlar və gənclər arasında bu cür halların baş verməsi narahatedici məsələlərdəndir.

2013-cü ildə intihar edən uşaqların sayı 71, 2014-cü ildə uşaq intiharının sayı azalaraq 50, 2015-ci ilin ilk 3 ayında isə bu rəqəm 8 təşkil edib.

-Uşaq intiharlarının səbəbləri araşdırılırmı? Səbəblər arasında valideyin məsuliyyətinin rolu, sosial vəziyyət nə yerdədir?

-Komitə tərəfindən baş vermiş intihar halları ilə bağlı məlumatlar araşdırılır, səbəbləri öyrənilir. Həmçinin, uşaqlar arasında intihar hallarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin təşkilinə, xüsusilə uşaqlarla işləyən məktəb psixoloqları ilə işin aparılmasına xüsusi önəm verilir. Məlumat üçün bildirmək istəyirik ki, 2014-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə Bakı şəhəri üzrə hər rayondan iş təcrübəsi və peşəkarlığı ilə seçilən təhsil müəssisələrinin psixoloqları üçün “Müasir dövrdə uşaq psixologiyasının problemləri: ailə-məktəb” mövzusunda təlim keçirilib.

Təlimdə “Uşaqların intiharı” və “Risk qrupunda olan uşaqlar” mövzuları ətrafinda müzakirələr təşkil edilib. Təlimin əsas məqsədi təlim keçmiş psixoloqların gələcəkdə müvafiq materiallar üzrə təmsil etdikləri rayonun təhsil müəssisələrinin psixoloqları üçün eyni mövzuda təlimlərin keçirilməsi olub.

Bu istiqamətdə işin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Təhsil Nazirliyi və UNİCEF-in dəstəyi ilə Bakı şəhərinin rayonları üzrə orta təhsil məktəblərində psixoloqlar üçün “Uşaqların intiharı” və “Risk qrupunda olan uşaqlar” mövzusunda təlimlər keçirilib. Təlimlər Bakı şəhərinin hər bir rayonu üzrə məktəb psixoloqları üçün 19 fevral-18 mart 2015-ci il tarixlərində, 3-10 noyabr 2015-ci il tarixlərində isə Abşeron rayonunda müvafiq mövzular üzrə sertifikat almış 5 psixoloq tərəfindən aparılıb. Təlim zamanı aidiyyəti mövzular üzrə maarifləndirici və təlim vəsaitləri paylanılıb.



Təlimlərin nəticələrinin təhlili nəticəsində məktəb psixoloqlarının peşakarlığının artırılması istiqamətində tədbirlərin davam etdirilməsinə ehtiyac olduğu və təlimlərin əhəmiyyəti nəzərə alaraq bu istiqamətdə işlərin davam etdirilməsi məqsədə uyğun hesab edilib. Eyni zamanda, Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeçiliyində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Mərkəzlərdə sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmamış şəxslərə və onların ailələrinə, zorakılığa məruz qalmış şəxslərə xidmətlər göstərilir.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinə uyğun olaraq ölkəmizdə risk qrupu altında olan baxımsız, kimsəsiz, hüquq pozuntuları törətmiş, insan alverinin potensial qurbanları sayılan yetkinlik yaşına çatmayan şəxslərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq işlər görülməkdədir. Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində qeyd olunan kateqoriyay daxil olan uşaqlarla bağlı aidiyyatı şəhər/rayon İcra Hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaları ilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.

Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlığı çərçivəsində hazırlanmış “Valideyn qayğısı – uşaqların təhlükəsizliyi” mövzusunda elektron poster ictimai nəqliyyat vasitələrində və avtobus dayanacaqlarında mütəmadi olaraq yerləşdirilir.

-Son günlər az yaşlıların intiharında aiələrin maddi vəziyyətinin aşağı olması və bu kimi hallar səbəb kimi göstərilir. Bu nə dərəcədə doğrudur?

-Uşaqlar arasında intihar hallarının baş vermə səbəbləri müxtəlif ola bilər. Buna baxmayaraq, intihar faktlarının əsasında məişət zorakılığı zəminində yaranan psixoloji problemlər, uşağın əhatə olunduğu mühitin təsiri böyükdür. dayanır. Dünyada araşdırmalar göstərir ki, bu daha çox 16-18 yaş arası gənclər arasında baş verir ki, bunun da ən çox faizini oğlanlar təşkil edir.

Uşaqlar arasında intihar hallarının səbəbi kimi ailənin maddi durumunun aşağı olmasını göstəririk. Amma bu doğru deyil. Çünki, araşdırmalar zamanı müxtəlif səbəblərin ortaya çıxdığı məlum olur. Ola bilər ki, maddi vəziyyət bu hallara dolayısı yolla hər hansı bir təsir göstərsin.

-Məktəblərdə psixoloqların uşaqlarla işləməsi effektlidirmi? Bunu bir mütəxəssis olaraq necə qiymətləndirisiniz?

-Maarifləndirmə işlərinin valideynlər arasında aparılması sosial çarxların hazırlanması, telekanallarda yayımlanması əhəmiyyətlidir. Bu istiqamətdə də Komitə müvafiq işlər görür. Valideynlərə uşaqlarla davranış qaydalarını öyrətmək lazımdır.

Məsələn, uşaqlarda bəzən özünə qapanma halları olur. Valideyn bu halda dərhal övladı ilə maraqlanmalı, problemlərini dinləməli, məktəbdə müəllimləri, məktəb psixoloqu ilə danışmalı, ona hərtərəfli kömək etməlidir. Bu sahədə kompleks yanaşma vacibdir. Etinasız yanaşmaq sonda bədbəxt hadisə ilə nəticələnə bilər.

Bugün internetin mövcud olduğu bir dövrdə bütün məlumatlar hər kəs üçün əlçatan olmuşdur və yaş məhdudiyyəti olmadan hər bir şəxsin oraya giriş imkanları mövcudur. Bütün bunları nəzərə alaraq, düşünürük ki, televiziyalarda nümayiş olunan filmlərin hansı yaş kateqoriyası üçün uyğun olduğunu bildirən işarələrin əvvəlcədən verilməsi əhəmiyyətli olduğu kimi, valideynlərin də bu işə xüsusi diqqət ayırması, övladına nəzarət etməsi vacibdir. Bəzən uşaq baxdığı bir filmin və ya verilişin təsiri altına düşə bilər ki, bu da sonda pis halla nəticələnə bilər.

İntihar hallarının azalması üçün əsasən maarifləndirmə işlərinin əhəmiyyətini xüsusilə qeyd edirik. Burada, müxtəlif vasitələrdən istifadə oluna bilər. Uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların maraqlarına səbəb ola biləcək məşğuliyyətlərə cəlb edilməsi də bu cür hadisələrin baş verməməsinə müsbət nəticə verər. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün dövlət tərəfindən mühüm işlər görülmüşdür. Belə ki, Azərbaycanın hər bir regionunda yaradılmış Gənclər Evi, Heydər Əliyev Mərkəzləri imkan verir ki, uşaq və gənclər orada səmərəli vaxt keçirsinlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti