`Qazancımı gözəlçələrə xərcləyirdim` - Azərbaycanlı `avtoritet`in xatirələri

`Qazancımı gözəlçələrə xərcləyirdim` - Azərbaycanlı `avtoritet`in xatirələri
  07 Mart 2016    Oxunub:82875
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

Mən `Krasavçik`lə dəfələrlə tet-a-tet oturub, onun məhbəs həyatı haqqında söhbətlərini yazmışam...

Dosye

Ağakərim Zeynalabdin oğlu Babayev. Ləqəbi: “Krasavçik”. 1935-ci ildə Bakıda anadan olub. İlk məhkumluğunu 1961-ci ildə Stalin rayon xalq məhkəməsinin hökmü ilə (möhtəkirlik) çəkib.
1964-cü ildə yenidən barmaqlıqlar arasına düşüb. Oktyabr rayon Xalq Məhkəməsi onu 4 il müddətinə azadlıqdan məhrum edib. 1971-ci ildə 3 il islah olunacağı barədə qərarı Nəsimi rayon Xalq Məhkəməsində elan ediblər.
1978–ci ildə yenidən barmaqlıqlar arasında oturmalı olub. 3 il 6 ay - balıq alverinə görə 6-cı kolona göndərilib. 1990-cı ildə `Krasavçik`i sonuncu dəfə tutublar. Bu dəfə 1 il 6 ay islah olunacağını eşidib.
Üst-üstə 18 il qazamatda oturan Ağakərim cəza müddətlərinin əksəriyyətini balıq alverinə görə alıb.


- Mən lotu olmamışam, qərdeşım,- deyirdi Krasavçik, - prosto, üst-üstə çoxlu sroklarım olub, oturmuşam, çıxmışam, yenə tutulmuşam. Mən kefinə qul adam olmuşam. Yaxşı qazanırdım, yeyib-içirdim, gəzib-dolanırdım... bir də çalışırdım ki, kasıb-kusuba bacardığım yaxşılığı edim.

On dörd-on beş yaşımdan “Təzə bazar”da fırlanır, yaxşı da kuş vururdum. Balıq alverinə girişmişdim – osetrina, beluqa, qırmızı-qara ikra...!!! Allahın dənizi, Allahın bəndəsi ... Bütün dünyada dənizdən balıq ovu kasıb zümrənini acından ölməməsi üçün stimul olub. Mən də xoruz banında şirin yuxudan durub gəlirdim bazara, Maştağadan, Nardarandan, Coratdan, Novxanıdan... olan qohum-əqrəba, dost-tanış gətirdikləri balıq məmulatlarını Keçəl Ağasəlimin kafesinə təhvil verərək gedirdilər. Xırıd eləmək mənim vəzifəm idi.

Səhər tezdən beluqa-osetranın kilosunu bircə manata satırdıq. Günortadan sonraya qalan balığı tələbələrə, kasıb-kusuba ikiqat ucuz verirdik. Hər gün iki vedrə kürü də satılırdı. Müştərilərimin əksəriyyəti sistem işçiləri, zavmaqlar, taksimatornının şoferləri - o vaxt vodilalar günə yeddi-səkkiz çervona pul demirdilər - və artist-müğənnilər idilər. Yaxşıca qazanırdım və hamısını gözəlçələrə xərcləyirdim. Aşnalarımın hamısı armyaşkalar, ruslar, xoxluşkalar, kazaşkalardı. Bir də görərdim ardımca Bakıya gəliblər. İki-üç gün gəzdirərdim şəhərimizdə, plyajlara aparardım. Hamısı Xəzərə və mənə vurulardı. Xalyava, yəni müftə istirahətə kim vurulmaz? Sonra biletlərini alardım obratnı. Tutulandan sonra ardımca qazamata gələnlər də olurdu.

Ağakərim tilli daş stəkana özünün dediyi kimi “kupeçeski” çay süzüb, zorla ovcuma dürtüşdürdü:
- O vaxt Sovet məkanını o başdan bu başadək gəzmişdim və hər dəfə iri şəhərlərdə olanda təəccüblənirdim. Gedirdim səhraların ortasındakı Daşkəndə və mağazalarına girəndə heyrətimdən donurdum. İri, şüşə akvariumlarda üzən diri balıqlar nə vaxt tərəziyə qoyulacaqları zamanı gözləyirdilər. Moskvada diri balıq, Leninqradda diri balıq, Tiflisdə, Aşqabadda, Rostovda, Kiyevdə və hətta üzdəniraq qonşularımız yaşadığı Yerevanda da diri balıq... Bakida isə heç zamorojennisini də tapmaq mümkün olmurdu.

25 yaşımda, yəni 1960-cı ilin dekabrında, təzə ilə iki gün qalmış daimi müştərim olan kapitan Gülməmmədov məni əlimdəki qara kürü dolu vedrə ilə birikdə göy zolaqlı “Qaz -69”- a oturdub, “Gedək, orada bizim əməkdaşlara satarsan”, – deyərək, birbaşa qorotdelə gətirdi. Əvvəl elə bildim zarafat eyləyir... Amma məni rəisin kabinetinə gətirəndə işlərin fəna olduğunu anladım. Otaqda altı-yeddi nəfər iri ulduzlu, zərli poqonlu zabitlər əyləşmişdi. Rəisin kreslosunda isə daxili işlər naziri, general Əli Kərimov oturmuşdu. Polkovnik Teymur Bünyadov, Xəlil Məmmədov, Baxış Mehdiyev və daha bir-iki yüksək rütbəli milis zabitləri... Əlimdəki kürü vedrəsini qapıdan sallanan pərdənin arxasına qoyub, kamali- ehtiramla:
- Salam, hər vaxtuvuz xeyirli olsun, - dedim...
Gülüşdülər...

Məhbəsdə insanları daha tez tanımaq olur

1961-ci ildə 6-cı kolonda balanda yeyir, bit əzirdim. Mənimlə bahəm Sanka Zver – Zığlı Cabir, Çil Ənvər, Nardaranlı Mirsəməd, Məşədi Səfər oğlu Cavanşir kimi lotular və bir çox cayıllar, mujiklər srok sarıyırdılar.

Qazamatda istər professor ol, istər adi fəhlə, istər jurnalist, istərsə də kolxoznik - hamı birdir: "türemşik", – deyir Krasavçik. "Stukaç"ları "zibil", yaxud "qırmızı" adlandırırlar. Belələrinə hamı nifrət edirdi. Şestoyda belələri kifayət qədər çox idi. Amma elə adamlar var ki, onun yanında dayananda belə, özündə qürur hissi duyursan, öz-özünə inanmırsan ki, sən "Sanka-Zver"lə, Məşədi Səfər oğluyla, Masazırlı Dilavərlə, Mir Səmədlə yanaşı dayanmısan.

Sanka-Zveri xatırlayanda başımdakı tüklər papağımı yuxarı qaldırır. O, bizim kalona gəlndə gözlərimə inanmırdım ki, belə izvestnı "vor zakon"u görürəm, mənə nə isə deyir, onun səsini eşidirəm.

Çox bacarıqlı natiq idi və həddindən artıq zəngin, pafoslu diksiyası vardı Cabirin. Kimi nəyə isə inandırmağa çalışardısa, elə ibarələr tapar, elə sözlər işlədərdi ki, söhbət qurtarandan sonra da fikirləşərdin harada oxuyub, harada öyrənib bunları? Tər-təmiz rus dilində danışardı.

Həmişə son dəbdə, mövsümə uyğun geyinərdi. "Boston", "Kaverkot", "Kabardin" parçalardan yaz-payız kostyumları, eyni materialdan da kepka... Yayda "Çesunça" kostyumda "Rüstəmi-Zal" kimi gəzərdi. Yaraşıqlı, iri bədənində paltarları həmişə təmiz, ütülü olardı.

"Krasavçik" Ağakərim termosdan hər ikimizə tinli stəkanda çay süzərək yeganə konfetini yarı böldü... Böyük parçasını mənə uzadaraq:
- Amma danışmağı daha çox xoşlardı. İstər ədəbiyyatdan, istərsə də dini məsələlərdən söhbət etməkdən yorulmazdı, - deyərək söhbətin davamını gətirdi.

Cabiri hələ volyada olandan tanıyırdım. Onu gah "Kömürçü meydanı" bazarında, gah da Kubinkada Balaəli, Göygöz Sabir, Qədeşlə, gah da Bülbül, Seyid Şuşinski, Əbülfət Əliyevlə görürdüm. Həmin dəqiqə adamın nəzər-diqqətini özünə cəlb eləyən adam idi. Hündür boy-buxunu, pəhləvan bədəni və... ələlxüsus gözəl geyimi ilə hətta artistlərdən də seçilərdi.

1961-ci ildə 1 saylı İƏK-na gələndə Sanka-Zver orada idi. O vaxtlar kalonda zolaqlı pal-paltar deyil, hərə öz gətirdiyini geyinirdi. Kalonun naçalniki mayor Əkbər Əkbərovdan da qəşəng geyinərdi Cabir. Düzünü deyim ki, onunla yanaşı dayanmaq çoxları üçün şərəf sayılırdı.

Birinci kalonda ikimərtəbəli xəstəxana vardı. Çoxdan diş həkimi gəlmədiyindən bir gün elə həyətdəcə Cabir kalonun xozeyini mayor Əkbərovdan çox delikatnı xahiş elədi ki, sabah mütləq diş həkimi olmalıdır, dişimizə qara düşüb. Səhəri gün polkovnik rütbəsində diş həkimi gəldi - Timofeyev. Növbəyə düzüldük... və Cabiri gözlədik. Polkovnik xalatını geyinib qapını açdı:
- Kimin növbəsidir? Gəlsin - dedi.
Heç kəs yerindən tərpənmədi və pilləkənlə yenicə qalxan Sanka-Zver sakitcə gəlib kabinetə girdi, qapını polkovnik bağladı.
Beş dəqiqə keçdi, on dəqiqə keçdi içəridən çıxan olmayanda mən qapını araladım - polkovnik hər iki əlini yu-xarı qaldırmış, əlindəki kəlbətin və əyri güzgü ilə elə beləcə quruyub qalmışdı, Sanka-Zver isə danışırdı. Desəm ki, polkovnik aludəliklə ağzını da aralamışdı, inanın.

Çox böyük kruqozoru var idi Cabirin. O, kalonda qazosvarşik işləyirdi. And içirəm ki, injenerlə çertyoju qoyurdular qabaqlarına, möhkəm spor eliyirdilər, həmişə də bu mübahisədən Sanka qalib çıxırdı. Gülümsəyərək yekə ovucu ilə injenerin kürəyini döyəcləyib, "Molodets! Sən də çox bilikli oğlansan", - deyərdi.

Türmədə çoxlarına kömək etmiş, bəzilərini ölümün pəncəsindən almışdı. Bakıda qorotdelin Qəni Qəniyev adlı naçalniki var idi. Hansı işinə görə isə onun belinə 12, yaxud 13 il yükləyib göndərmişdilər Rusiyət zonuna ki, orada işini bitirsinlər. Türemşiklər belə adam, "qırmızı" görəndə sevinirlər. Həmin qnidanın nəfəsi kəsiləndə oturanlarda çoxdan ürəklərində düyünlənən ağrı bir balaca azalır.

Qəni müəllim zona gətiriləndə Sanka-Zver "on sutkalıq"da idi. Ona zapiska (malyava) göndərirlər ki, bir "poqon" gətiriblər, sənin həmyerlindir. Nə edək? İsladaqmı?" Cabir cavab göndərib ki, "mən gələnədək, sxodkaya gedənədək gözləyin, islatmaq asan işdir”.

Beş gündən sonra Cabir "sutkalarını" oturub karserdən çıxanda zakonniklər Qəni kişinin taleyini həll etmək üçün bir tərəfə (divarın dibində kurilka var idi) yığışıb "söhbət" edirlərmiş. Birdən "tarapp!" - yanlarına kağıza bükülü bir bağlama düşür... Açırlar bağlamanı, nə görsələr yaxşıdır? Böyük bir parça donuz salası, maxorka, şokalad plitkası və balaca bir zapiska - "Zakonnik Sankaya".

Cabir zəndlə ətrafına toplaşıb qərar çıxarmağa hazırlaşan otpetıy zeklərə, vorlara baxaraq öz qərarını verib: "Hələ gözləyək. Ola bilsin ki, pis oğlan deyil. İndidən bizə "qrev" göndərir".

Beləliklə, bir-iki ay ötüşür. Qəni müəllim gah bir neçə paçka papiros, gah hisə verilmiş balıq və bir neçə dəfə də "medisinki spirt" göndərir Cabirgilə.
- Qorxulu günlər ötüşəndən sonra mən Qəni müəllimlə balaca söhbət elədim, hadisələrin xronikasını soruşdum, - deyə Sanka Zver sonralar danışardı. - Sən demə, zonun naçalniki birinci üç gündən salamat çıxmış Qəni Qəniyevi yanına çağırıbmış, onun salamat qaldığına təəccübləndiyini bildirəndən sonra sorğu-suala başlayıb:
- "İsladılmağınıza" fitva verilməyibsə, deməli, zakonniklərdən bir neçəsi sizin tərəfədir, özü də sözü ötən avtoritetlərdir. Onu da bilirəm ki, sizə arxa duran Sanka Zverdir. Araba sürə bilərsinizmi?
O vaxtlar Tayqada, yaxud Rusiyanın ucsuz-bucaqsız meşələrində kəsilmiş ağacları atlarla dartıb sürüyürdülər. İri, çox güclü at cinsləri vardı...
Nə isə... Qəni müəllim başlayır gözdən iraq, qulaqdan uzaq "avtobazada" işləməyə və tez-tez əlinə düşən "əntiq şeylərdən" - sala, çay, hisə verilmiş balıq və papirosla Sankaya "qrev" göndərməyə.

Növbəti sxodkada Cabir qətiyyətlə Qəni müəllimin "isladılmasına" "yox!" deyir və izah edir ki, o “qnidyuk” deyil, “ment”dir və onu aradan götürməklə heç nə qazanmırıq, əksinə indi yüz-yüz gillətdiyiniz "odlu su", çəkdiyiniz "belomorina", hərdənbir daddığınız sala onun hesabınadır - "Pust dışet!" Mentlər bilərəkdən bizim yanımıza yollayıblar ki, zeklərin əlilə “Krıma”- həmişəlik istirahətə göndərsinlər. Nə isə, sxodka 5:3 Qəni müəllimin lehinə səs verir.

Demək lazımdır ki, bu adamların da Cabir qazamatdan qayıdandan sonra ona böyük köməkləri olub. O adamlar ki, ölüm rişəsi içində bir gün, bir saat yaşayıblar, onlar həmin dəqiqələri bütün ömürləri boyu yaddaşlarından silə bilməzlər. Ölüm xofunu onların canından yığışdıran adamı unutmaq olarmı?

- Cabirin çox böyük hörmət etdiyi bir şəxs vardı. Bu da maştağalı Ağasəlim Kişidir. Ağasəlimin Cabirdən asılacağı yox idi. Amma zonlarda Sanka-Zverin həmvətənlərinə elədiyi yaxşılıqlardan çox eşitmişdi. Ağasəlim Kişi Cabirin onların dalında qaya kimi durduğundan xəbərdar idi.
- Kişi olmaq üçün təkcə kişi cinsinə mənsub olmaq azdır, - deyirdi Cabir. - Hər şalvar geyinib, başına papaq qoyana kişi demirlər. İnsanlar arasında əsl kişiləri iki əsas xüsusiyyətlərinə görə ayırmaq lazımdır. Birincisi - onun ağlı, biliyi, peşəkarlıq dərəcəsi. İkincisi - onun insanlığı - mərdlik, səxavət, dəyanət, sözü və əməlində bütövlüyü... Bu iki amili kim qaynaq edib, keyfiyyətli bir ərinti yarada bilirsə, həmin adam kişidir.

“Qorbatıy Yura”

Sirkin restoranında işləyirdim. Sanka Zver də burada kafe-restorana nəzarət edirdi. Bir gün gördüm ki, Sanka Zver ən yaxşı kostyumunu geyinib və cins şalvarda, hisli-paslı kurtkada olan rus kişi ilə söhbət edir, yeyib-içirlər. Yaxınlaşdım. Cabir israrla onlarla oturmağımı xahiş etdi. Bilirdim ki, yüzcə qram vurdusa, bircə kəlmə deyirdi. Oturdum. Mən də rus dilində pərgar danışıram, amma onların söhbətinə müdaxilə etmədim.

Nə isə incəsənətdən, ədəbiyyatdan, klassikadan, şəkillərdən, antikvariatdan söhbət gedirdi. Gözəllikdən danışırdılar. Daha doğrusu, Cabir danışırdı, rus kişi ağzını açaraq, heyran-heyran qulaq asırdı.. Cabir Leninqraddakı Ermitajdan söhbət başlasyanda rus kişinin üzündə əvvəlcə kinayəli təbəssüm sezilirdi. Lakin sonra əlini uzadaraq elə söhbət arasında Cabirin əlini sıxdı. Sanka Ermiiajdakı otaqların adlarını sadalayırdı; İtaliya otağında hansı tablolar, hansı büstlər olduğunu, onların hansının qarşısında nə qədər vaxt dayanıb tamaşa etdiyindən danışanda qonağı başa düşdü ki, Sanka-Zver bu an özünü həmin otaqda dayandığının zənnindədir, sanki həmin tablolara baxaraq söhbət edir.

Söhbət daha sonra "Cinayət və Cəza"dan, Roskolnikovdan, Dostoyevskidən gedirdi. Yenə Sanka-Zver danışırdı. Sonra Karamazovlardan, daha sonra Tolstoydan söhbət başladı. Qonağımız onun bir an fasilə verməsindən istifadə edərək:
- Bəs "Xaç atası”nı oxumusan? - deyə tələsik sual verdi.
- Yox... Onu hələ çap etməyiblər axı...
- Məndə "podpolnoe izdanie" (gizli çap) var, göndərərəm surətini oxuyarsan, əla şeydir...
- Çox sağ ol, sağ ol, Yurka, qardaşım olarsan, əgər belə şey eləsən.

Bu, Yurka Qorbatıy idi. Məşhur zakonnik.

Hələ zonda olanda Cabirin ədəbiyyat, daha doğrusu, şer həvəskarı olduğunu bilirdim. Saatlarla Füzulidən, Nizamidən, Səməd Vurğundan, Lermontovdan (Puşkini heç sevmirdi, deyirdi ki, Saşa müsəlman qanı daşısa da, yazılarında yekə bir səhv buraxıb – “çağrılmamış qonaq tatardan da pisdir” – deyib) danışar, şerləri əzbərdən söylərdi. Bir də Sabiri çox təriflərdi. Deyilənə görə, hərdən dəmi gələndə özü də şer, qəzəl yazırmış. Yalvarırdılar ona ki, bir dəfə öz yazdıqlarından oxu, oxumazdı.

...Cabirin qonağı iki gün qaldı Bakıda. Sirkin restoranında Cabirin sifarişilə Azərbaycanın milli xörəklərini Yurka Qorbatıya xüsusi cnfəşanlıqla, ayrıca qazanlarda bişirirdilər. Altdan-altdan qonağa göz qoyur, yeməklərin xoşuna gəlib-gəlmədiyini öyrənmək istəyirdik. Ağ ət qovurmasını yedikdən sonra Qorbatı barmaqlarını yalayırdı. Sanka-Zver qovurmanın ləzzətini tam duymaq üçün ona əllə yeməyi məsləhət görmüşdü.

Yura "Qorbatıy" da çox aristokrat kişi idi. İki gün Cabirlə antikvariat axtardılar. Biz də girişmişdik bu axtarışa, amma nə gətirirdilərsə Yurka bəyənmirdi. Axırda dedilər ki, Leytenant Şmidt küçəsində bir yəhudi injener yaşayır, belə şeyləri ondan tapmaq olar. Yurka Cabirlə oradan qayıdanda hiss elədik ki, hər şey qaydasındadır.


Teqlər:  





Xəbər lenti