Azərbaycanın Multikulturalizm diplomatiyası

Azərbaycanın Multikulturalizm diplomatiyası
  19 Aprel 2016    Oxunub:9636
"Azərbaycan dünyəvi müsəlman ölkəsidir. Burada xalqın böyük hissəsi müsəlman, kiçik katolik və provaslav icmalardan ibarətdir. Bakıda müqəddəs Bartolomeyin məzarı, həmçinin Kristian Yevangellanın arxeoloji qalıqları aşkarlanıb. Tapılan dini qalıqlar həm dövlət tərəfindən, həm də millət tərəfindən qorunub saxlanır".
(Vatikanın dövlət kardinalı Tarçizyo Bertoni)


Multikuluralizm ölkə əhalisinin etnik, irqi və dini müxtəlifliyindən asılı olmayaraq, hər bir kəsin hüquq və azadlıqlarına hörmətlə yanaşır. Multikulturalizm cəmiyyətin formalaşmasında mühüm rol oynayır, yəni demokratiya multikultural cəmiyyətin təkamülü üçün əlverişli şərait yaradır.

Bu gün Azərbaycan dünyanın ən multikultural ölkələrindən biridir. Qazanılmış uğur istər beynəlxalq müstəvidə, istərsə də daxili siyasətdə məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu multikuluralizm dövlət siyasətinin nəticəsində baş tutub. Prezident İlham Əliyev bu, diplomatik dəsti-xətti davam etdirərək multikulturalizmin Azərbaycan modelini bütün dünyaya tanıtdırdı. Multikulturalizm artıq Azərbaycanın özünə məxsus diplomatiyası kimi status qazanıb.

Məhz Heydər Əliyev Azərbaycanda tolerantlıq mədəniyyətinin qorunmasında, eləcə də böyük islahatların aparılmasında əvəzsiz rol oynayıb. Ulu öndər bütün dinlərə dövlət tərəfindən bərabər diqqət və qayğı göstərilməsinin əsasını qoyub. Ümummilli liderin rəhbərliyi ilə multikulturlizm hüquqi-normativ sənədlərdə, o cümlədən konstitusiyada öz əksini tapıb.

Əslində Azərbaycanın multikulturalizm diplomatiyasının arxitektoru Heydər Əliyevdir. Ona məxsus “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq” ifadəsi Azərbaycan modelinə ən bariz örnəkdir. Heydər Əliyevin Roma Papası Bakıda olarkən ona xitabən "dinindən, irqindən və millətindən asılı olmayaraq, siz bütün insanların dostu, həmçinin dünyanın vətəndaşısınız" deməsi ilə, real Azərbaycan multikulturalizm ortamını dünyaya göstərmişdir.

2003-2015-ci illər ərzində multikulturalizmin qorunub saxlanması üçün Prezident İlham Əliyev bir sıra sərəncamlar imzalamış, dini azadlıqlarla bağlı çıxışlar etmiş, tez-tez dini icma rəhbərləri ilə görüşmüş, bir sıra dini məqbərə və məbədlərin təmirinə diqqət ayırmışdır. Prezident İlham Əliyev çıxışlarının birində söylədiyi kimi, "Biz bütün dini abidələri bərpa edirik. Azərbaycan elə bir ölkədir ki, orada müxtəlif dinlər mövcuddur, xalqlar həmişə sülh, həmrəylik, əməkdaşlıq şəraitində yaşayıblar. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir".

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyuldu. Azərbaycanın bir ölkə kimi tarixdə ilk dəfə olaraq, həmin toplantıya İslam Əməkdaşlıq Təşkilatının nazirlərini də dəvət etmişdi. Azərbaycan 2009-cu ildə yenidən nümunəvi addım ataraq, bu dəfə İƏT-in Bakıda keçirilən tədbirinə Avropa Şurasının mədəniyyət nazirlərini dəvət etdi. Dövlət başçısı ən yaxşı şəkildə dünyaya göstərdi ki, Azərbaycan çoxmillətli və fərqli dinlərin mehriban yaşadığı ölkədir.

Azərbaycanın sahib olduğu bir sıra multikultural keyfiyyətlər onun təşkilatçısı olduğu "Bakı prosesi"nin daha da geniş ampulada davam etdirilməsi üçün çox yaxşı perspektivlər açdı. 2011-ci ildə Bakıda keçirilən "Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"nun davamı kimi, 2013-cü ildə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" adlı Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Tərəfdaş qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi, İSESCO kimi beynəlxalq qurum və təşkilatların iştirak etməsi, Azərbaycanın günbəgün artan nüfuzundan xəbər verirdi.
2014-cü ildə Prezidentin Sərəncamı ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi, ardınca isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlərin davamı kimi qiymətləndirilməlidir.

2014-cü ildə ölkə başçısı İlham Əliyev AŞPA-nın sessiyasında çıxış edərkən də multikulturalizmə toxunmuşdu. O, bütün Avropaya üzünü tutaraq bir daha açıq şəkildə bəyan etmişdi: "Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində, qonşu bölgələrdə, Orta Şərqdə və Avropada müəyyən narahatlıq yaradan meyillərin şahidi oluruq. Təcridolunma və bəzən ədavət meyllərini görürük. İstəyirik ki, bütün xalqların, dinlərin nümayəndələri yaşayış tərzindən asılı olmayaraq, layiqli şəraitdə dinc həyat sürsünlər. Dini hisslərə əsaslanan gərginlik halları bütün ölkələr, o cümlədən çoxmillətli cəmiyyəti olan ölkələr üçün çox təhlükəlidir".

2015-ci ildə yenidən "Bakı prosesi" çərçivəsində Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Bu vaxta qədər təşkil olunmuş forumların bir çoxunda Azərbaycan dövləti dünyaya ünvanlanmış bütün müraciətlərində, müxtəlif mədəniyyət daşıyıcılarını qarşılıqlı hörmətə, əməkdaşlığa, ortaq dil tapmağa yönəlmiş xoşməramlı çağırışlar səsləndirib. Əlbəttə ki, Azərbaycanın irəli sürdüyü bu qlobal təşəbbüs artıq beynəlmiləl status qazanıb. Azərbaycan 2015-ci ildə də Bakıda keçirilən I Avropa Oyunlarının açılışında dünyaya böyük bir ismarıc verdi. Açılışda ifa olunan "Imagine" mahnısı bütün dünyaya ünvanlanmış növbəti çağırış kimi qiymətləndirmək olar. Bilindiyi kimi, həmin məşhur mahnı dini, irqi ayrı-seçkilik, milliyyətçilik əleyhinə ifa olunub. Təbii ki, məhz belə bir mahnın seçimi heç də əbəs yerə deyildi.

2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçiriləcəyini elan etməsi çox önəmli hadisədir. Habelə, 2016-cı ilin multikulturalizm ili elan olunması Azərbaycan dövlətinin bu məsələyə nə qədər diqqət və qayğı göstərməsinə dair əyani sübutdur. Bir neçə ildir keçirilməkdə olan Bakı Humanitar Forumunun hər dəfə gündəliyində mədəniyyətlərarası ünsiyyət, dünyadakı tolerantlıq mühiti əsas qayə kimi ön sırada olub.

Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilməsi onu göstərir ki, Azərbaycan dünyanın ən tolerant dövləti və dinlərarası mədəniyyət mühitinin bütün dünya üçün nümunə ola biləcək əvəzsiz modelidir.
Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında da Ölkə rəhbəri qeyd etmişdir ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. İmamzadə Kompleksinin açılışında da Azərbaycanda Prezident diqqətə çatdırdı ki, "Bu, ölkəmizdə işlərin necə aparıldığını göstərir. Bu, bizim dünyaya mesajımız idi. Azərbaycanın ən böyük məscidində ilk dəfə şiə və sünnilər birgə ibadət etdilər. Bütün bunlar bizim ən böyük zənginliyimizdir".

Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan Respublikası dünya çapında multikulturalizmin qorunub-saxlanması üçün ən yüksək səviyyədə əlindən gələni etməkdədir.

Fərrux Həsənov
AzVision.az

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icmalar arasında Ümummilli Lider Heydər Əliyevin 93 illiyimünasibətilə "Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında" mövzusunda məqalə müsabiqəsinə təqdim olunur.


Teqlər:





Xəbər lenti