`Bank Standard` əmanətləri qaytarır
Məhz bu səbəbdən bankda yaranmış problemləri tənzimləmək üçün MBNP tərəfindən banka inzibatçı təyin edilmişdi və bankın likvid aktivlərinin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcmini müəyyənləşdirmək üçün məhkəmə qərarı ilə 3 may 2016-cı il tarixindən etibarən 1 ay müddətinə fiziki və hüquqi şəxslərin əmanətlərinin ödənilməsi dayandırılmışdı (moratorium qoyulmuşdu).
Ötən dövr ərzində müvəqqəti inzibatçı bankın aktivlərinin səfərbər edilməsi və likvidlik səviyyəsinin normallaşdırılması istiqamətində tədbirlər görüb.
Bu tədbirlərin nəticəsində toplanmış vəsaitlər hesabına 3 iyun 2016-cı il tarixindən etibarən fiziki şəxslərin “Bank Standard” KB-dakı 1,000 manata qədər olan xırda əmanətlərinin ödənişinə başlanılır. Bununla yanaşı, bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına əmək haqlarının ödənişi də davam edəcək.
Digər ödənişlər üzrə moratorium isə məhkəmənin qərarı ilə 1 ay müddətinə uzadılıb.
Müvəqqəti inzibatçı bankın borcları üzrə öhdəliklərin icrası ilə yanaşı, verilmiş kreditlərin qaytarılması üzrə fəaliyyətini davam edir. Bununla əlaqədar Palata bir daha bankın borclularını öz öhdəliklərini intizamla icra etməyə dəvət edir.
Maliyyə Bazarlarına Nəzarət Palatası QSC “Bank Standard” KB-dakı vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.
Aytən ZƏHRA
AzVision.az