`Yarım saat vaxt tapıb, doğru seçim edin` - Xəbərdarlıq

`Yarım saat vaxt tapıb, doğru seçim edin` - Xəbərdarlıq
  15 İyul 2016    Oxunub:2371
“Çox zaman abituriyentlər ərizə qəbulunu və ixtisas seçimini “çoxbilmiş” şəxslərə həvalə edirlər. Bu da sonradan onlara problem yaradır”
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

DİM sədri ixtisas seçimi edərkən təqdim olunan plan yerləri, ixtisaslara ötən ilki keçid balları və abituriyentlərin topladığı balları nəzərə almalarını tövsiyə edib: “Bu il plan yerləri təqdim olunub. Hansı ixtisaslara dövlət tərəfindən nə qədər yer ayrıldığı müəyyən edilib. Lakin müşahidələr göstərir ki, imtahandan sonra çox zaman ixtisas seçimi məsələsi problem yaradır. Çünki ixtisası abituriyentlərin özlərinin istəklərinə yox, valideynlərin istəklərinə uyğun seçilir.

Valideynlərə müraciət edərək bildirirəm ki, yarım saat vaxt tapıb, doğru seçim etsinlər. İxtisasların ödənişli olub-olmamasını müəyyən etsinlər. Nə qədərki gec deyil, doğru seçim edilməsində övladlarına dəstək olsunlar. Bəzən valideynlər “çoxbilmiş” adamlara müraciət edirlər”.

M.Abbaszadə bildirib ki, artıq “Abituriyent” jurnalının 4-cü nömrəsi çapdan çıxıb. Həmçinin ötən il keçid balları da bu jurnalda əks olunub. “İxtisas seçimi edərkən yalnız keçən ilki ixtisaslar üzrə keçid balına əsaslanmaq lazım deyil. Diqqət etmək lazımdır ki, təhsil haqqı aşağı düşüb, yerlərin sayı az qalıbsa, demək keçid balı qalxacaq. Təhsil haqqı artıb, yerlərin sayı olduğu kimi qalıbsa, o zaman keçid balları aşağı düşəcək. Hər bir abituriyent 15 ixtisas seçimi edəcək. Heç kim 15 ixtisası seçməyə məcbur deyil. Ya da bütün proses başa çatandan sonra mən filan rayonda oxumaq istəmirdim demək doğru deyil”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti