Prezident açılışlar etdi - FOTOLAR

Prezident açılışlar etdi - FOTOLAR
  08 Sentyabr 2016    Oxunub:3030
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, Yalama kəndindəki Heydər Əliyev adına parkın ümumi sahəsi bir hektardır. Parkın ərazisində Heydər Əliyev Mərkəzinin Yalama kənd filialı da fəaliyyət göstərir. Ümumi sahəsi 120 kvadratmetr olan mərkəzin binasının qarşısında Ümummilli Liderin büstü ucaldılıb. Prezident İlham Əliyev büstün önünə gül dəstəsi qoydu. Sonra dövlətimizin başçısı burada ləzgi icmasının nümayəndələri ilə söhbət etdi. Sonda xatirə şəkli çəkdirildi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev aqroparkda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.

Prezident İlham Əliyevə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara ödənilən güzəştli kreditlər barədə də məlumat verildi. İqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, indiyədək fond vasitəsilə Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2260-dək sahibkara 163,5 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 13 logistik mərkəz və 2 taxıl anbarı, 1 quşçuluq, 2 istixana, 7 intensiv bağçılıq və 4 üzümçülük təsərrüfatı, 3 meyvə-tərəvəz emalı, 2 çörək və 2 tara zavodu, eləcə də 7 digər istehsal və emal müəssisəsi olmaqla, ümumilikdə 43 müəssisənin yaradılmasına 107 milyon manat, həmçinin 1980-dək sahibkara 19 milyon manatdan çox kiçik həcmli güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş güzəştli kredit hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Xaçmaz rayonu üzrə isə 790 sahibkara 50,6 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 3300-dən çox yeni iş yeri açılıb. Prezident İlham Əliyev Yalama Aqroparkında yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, təsərrüfata “Aqrolizinq” ASC vasitəsilə “Simmental” cinsindən olan 1103 baş cins heyvan gətirilib və bu günədək 601 baş bala alınıb. Hazırda təsərrüfatda yüksək yağlılıqlı və keyfiyyətli süd istehsal olunur. Dövlətimiz başçısı aqroparkın ərazisindəki yem zavodunu işə saldı.Aqroparkla tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti