Umayra Tağıyeva: “Bu il qış fəsli şaxtalı keçməyəcək”
Azvision.az xəbər verir ki bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Direktor qeyd edib ki, dekabr ayının birinci yarısında havanın temperaturu norma göstəriciləri ilə müqayisədə 2-3,3 dərəcə yüksək olub:" Yağıntının miqdarı isə iqlim normanın cəmi 33-48 faizini təşkil edib. İlkin proqnozlara görə ayın ikinci yarısında artıq hava şəraiti əlverişsiz olacaq. Ayın birinci yarısı ilə müqayisədə havanın temperaturu aşağı enəcək, yağıntılı və küləkli günlər daha tez-tez müşahidə olunacaq. Belə ki, ayın 16-da göndüz şimal küləyinin güclənməsi nəticəsində temperatur kəskin aşağı enərək dekabrın 17-də 4-6 dərəcə təşkil edəcək. Uçüncü ongünlükdə bəzi günlərdə yağıntıların intensiv olacağı ehtimal olunur.
Regionda bu ilin qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1,0 dərəcə yuxarı olacaq. Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır. Əlbəttə ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə arktik hava kütlələri daxil olacaq, temperatur aşağı nəcək. Amma bu dövrlərin çox davamlı olması pronozlaşdırılmır. Mülayim günlər soyuq və şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək"- deyə U.Tağıyeva qeyd edib.
Aytən Zəhra
Azvision.az
Teqlər: ETSN