Şəhid xanımın bacısı Natavan Cəlilova ilə həmin dəhşətli gecə barədə danışdıq.
- Gecə 2-yə 10 dəqiqə qalırdı. Bombanın düşməsinin səsini eşitdik. Oyandıq, hamı dedi ki, atdılar. Tüstü bacımgilin evi tərəfdən gəlirdi .Biz onlara yaxın qalırdıq. Ülviyə, daha sonra Ceyhuna zəng etdim. Zəng gedirdi, amma cavab vermirdilər. Daha sonra dedilər ki, raket o tərəfə düşüb. Qaçıb hadisə yerinə getdik. Ora çatanda gördüyümü sözlə ifadə etmək çətindir. Toz dumana qarışmışdı.Təcili yardım, fövqəladə hallar maşınlarının səsi ətrafı bürümüşdü. Hər yeri su basmışdı. Hamı kimi biz də dağıntılar altında bacımı, yeznəmi, Ülvini axtarmağa başladıq. Zərbə Ülvini evdən binanın arxasına- park tərəfə atmışdı. O, elə ordaca şəhid olmuşdu. Bacımgil səhəri gün, hardasa günorta 1 radələrində dağıntılar altından çıxarıldılar. Mənim yeznəm ağdamlı idi. O müharibəni görmüşdü. Hərdən deyəndəki belə bir şey olar, çıxaq gedək. Deyirdi ki, "mən Ağdamda hər şey görmüşəm. Erməni risk edib dinc əhaliyə heç nə edə bilməz". Axıra kimi deyirdi ki, "heç hara getməyəcəm". Qızları Ülviyyə ailə həyatı qurub, Bakıda yaşayırdı. O da zəng edib deyirdi ki, "ata gəlin", amma getmirdi. Bu da belə sonlandı.

Natavan xanım o anları xatırlayarkən bir anlıq udqunur. Səsi titrəyir.
- O anları yaşayan, görən biri kimi həmin anı sözlə ifadə etmək çətindir. Bir il əvvəl digər qardaşımın oğlu 25 yaşında rəhmətə getmişdi, anama bu hadisəni deyə bilmirdik. Basdırandan sonra dedik ki, əməliyyat olunub. Daha sonra şəhid olduqlarlarını dedik. Özünə yer tapa bilmirdi. O hadisədən sonra yaddaşını itirib. Bayaq qəbirüstü gedib gəldik, orada deyirdi ki, "bunlar nə zaman ölüb?".
Bacımın hansı daşı altında qaldığını bilmirdik, çox axtardıq. Hər oradan keçəndə onun səsi qulağıma gəlir. Biz 4 bacıyıq, hər şey üçün onların evinə yığışırdıq. Onlar bizim məsləhət yerimiz idi. Bacımgilin binasının qarşısında balaca yer var idi0 Hər oradan keçəndə elə bilirəm ki, bacım məni çağırır. Qulağıma səsi gəlir ki, "bizə niyə girmədin". Ona görə ora gedəndə evləri tərəfə də baş çəkirəm. Dağıntılara baxıram, daşdan belə bacımısın səsini umuram. Yalvarıram ki, bəlkə səsimə səs verər-, Natavan Cəlilova ağlayaraq davam edir:
- Onların evindən heç nə çıxmadı.Dağıntılardan bircə evlərinin dəhlizi durur, oradan çətir asılıb və başqa heç nə yoxdur. Bircə oradan çıxardığımız şəkillər, albom oldu, onun da çoxu yanmışdı.

Qeyd edək ki, düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 2020-ci ol oktyabrın 11-i gecə 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.
Hadisədə bir ailənin bütün - 3 üzvü (ata, ana, 30 yaşlı oğul ), ikinci ailənin 3 üzvü (nənə, ata, ana) həlak olub. Bu ailədən yeganə azyaşlı qızcığaz nişan qalıb. Üçüncü ailənin iki üzvü (ana və ata) həlak olub, həmin ailənin 14-15 yaşlarında iki övladı sağ qalıb, dördüncü ailədən 53 yaşlı xanım həlak olub, beşinci ailədən 62 yaşlı atanın həyatına son qoyulub.

Aytən Zəhra
AzVision.az