Həmsədrlər haqqında qəmgin siyasi şeir

Həmsədrlər haqqında qəmgin siyasi şeir
  22 Oktyabr 2016    Oxunub:19966
Vüsal Məmmədov

Həmsədrlər yenə gündəmdirlər: biri dəyişdirib, o biri isə dəyişdirilib. Dəyişdirilən fransalı həmsədrdir, dəyişdirən amerikalı – Con Kerrinin dediyi fikirləri dəyişdirib. Ərz edib ki, Kerri elə demirmiş.


Başlıqda söz verdiyim şeirin Kerri ilə birbaşa bağlılığı olmadığı üçün, əvvəl balaca bir rəsmi haşiyə çıxıb, sonra keçəcəyəm bədii hissəyə. 2013-cü ilin qızmar avqustu idi, beynəlxalq gündəm qaynayırdı, gözlənilirdi ki, ABŞ Suriyanı indi vuracaq, bu saat vuracaq. Yeni savaşa başlamaq üçün hərbi lobbinin Ağ Evə, Konqresə və Dövlət Departamentinə güclü təzyiqləri var idi.

Amma Barak Obama qəfildən fint edərək, bəyanatında bildirir ki, Suriyaya qoşun yeritmək üçün Konqresdən icazə istəyir. Bu, çox qəribə addım idi: çünki ABŞ prezidentinin Konqres ilə razılaşdırmadan hərbi əməliyyatların başlanmasına və 60 günə qədər davam etməsinə sanksiya vermək hüququ var. Aydın olur ki, Suriyanı vurub-vurmamaqla bağlı ABŞ-ın siyasi elitasında dərin ikitirəlik mövcuddur və Obama güc variantına əl atmaq istəməyənlərin arasındadır.

Bəs vətənin bu ağır günündə Kerri nə edirdi? Avqustun 21-də Londonda mətbuat konfransı keçirəndə jurnalistlər ona sual verirlər: “Bəşər Əsəd ABŞ raketlərinin zərbələrindən qurtulmaq üçün nə edə bilər?” Kerri belə cavab verir (dəqiq sitatı yazıram):

- Bunun üçün Əsəd bütün kimyəvi silahlarını bir həftə ərzində beynəlxalq birliyə təhvil verməlidir. Hamısını, biri də qalmamalıdır. Sonra da tam hesabat təqdim etməlidir. Amma o, əlbəttə ki, bunu etməyəcək, çünki bunu etmək heç mümkün də deyil.

What?! Bu, nə cavab idi? Aydın olurdu ki, Kerri, prezidentdən fərqli olaraq, Hərbi-Sənaye lobbisinin yanındadır və müharibə tərəfdarıdır. Amma yenə də, onun dediyinin mənası nə idi?

Reuters agentliyi izah üçün Kerrinin sözçüsü Cen Psakiyə müraciət edir (Əgər onun haqqındakı “Can, ay Cen” yazısını oxumamısınızsa, bunu etmək tövbə kimi bir şeydir, yəni heç vaxt gec deyil) . Sizcə, Cen Psakinin cavabı necə olur? Düz tapdınız: “O, bunu nəzərdə tutmayıb. Con Kerri əslində demək istəyib ki...”

Yəni bu, Kerrinin ən sevimli metodudur: Nəyisə səhv etdinmi? – Eybi yox, malala, getsin. Superdövlətin xarici siyasətinin başında duran adamsan, kimin nə həddi var, sənin sözünün başına ip salsın? Danışdığım epizodda Psaki malalamışdı, indi Uorlik malalyır. Zatən Kerrinin hansısa fatalist yanlışlıq üzündən diplomatiya kimi qəbul olunan mücərrəd fəaliyyətinin mahiyyəti dünya siyasətinin divarlarına anlaşılmaz sözlər yazıb, sonra üstünü malalamaqdan ibarətdir.

...Kerri məsələsi pis-yaxşı aydın oldusa, indi keçək həmsədrlərə. Bax, bu isə artıq doğrudan çətin mövzudur. Çünki mən 18 illik jurnalist fəaliyyətim ərzində onların haqqında azı 1800 yazı yazmışam; qələmlər qırılıb, mürəkkəblər bitib, klavişlər yeyilib, kubmetrlərlə kağız işlənib, serverlərdən o yan-bu yana giqabaytlarla informasiya axışıb... Tükənmişik, şair; daha bundan o yanasını sözlə demək olmur, gərək sazla deyim.

Amma nə deyim?

ATƏT-in Minsk qrupu yaradılandan ta bugünəcən biz düz-əməlli HƏMsədrlər heç görmədik ki…

Biz öz missiyasını ala-yarımçıq yerinə yetirən KƏM sədrlər gördük;
Biz Ermənistanda verdiyi bəyanatda zilə çıxıb, Bakıya gələndə zildən düşən BƏM sədrlər gördük;
Biz təyyarədə yaxşıca vurub, aeroportda jurnalistlərlə kefli görüşən DƏM sədrlər gördük;
Biz cavab tapa bilmədiyi haqlı suallar yağışının altında cumculuq islanan NƏM sədrlər gördük;
Biz HƏMsədr heç görmədik ki…

Biz hər dəfə bir ölkədə toplaşan CƏM sədrlər gördük;
Biz bir səfeh bəynatla milyonların qanını qaraldan QƏM sədrlər gördük;
Biz münaqişədə haqsız tərəfə HƏMDƏM sədrlər gördük;
Biz atdığı tvitlər ilə aranı qatan GÜNDƏM sədrlər gördük;
Biz HƏMsədr heç görmədik ki…


Teqlər:





Xəbər lenti