10 yaşlı Nuray hələ də atası ilə görüşməyib

10 yaşlı Nuray hələ də atası ilə görüşməyib
  30 Yanvar 2017    Oxunub:4151
Bir müddət əvvəl ölkə gündəminin bir nömrəli mövzusuna çevrilən 10 yaşlı Nuraydan yeni xəbər var. Nuray Quluzadənin xalası Mehriban Eldarova AzVision.az-a bildirib ki, o, psixoloq nəzarətindədir, özünü yaxşı hiss edir.

“Əvvəlki günlərə baxanda, Nuray yaxşıdır. Hətta məktəbdə bu ilin birinci yarısını əla qiymətlərlə başa vurub”.

M. Eldarovanın sözlərinə görə, hazırda Ədliyyə Nazirliyi tərəfindən xidməti yoxlama aparılır və araşdırmanın nəticəsini gözləyirlər. Nurayın xalası araşdırmalar başa çatandan sonra məhkəməyə müraciət edəcəyini deyib.

“Ədliyyə Nazirliyinin əməkdaşları Nurayın işi ilə bağlı araşdırma aparır. Araşdırmanın nəticəsini gözləyirik. Fikrim var ki, araşdırmadan sonra qəyyumluqla bağlı məhkəməyə müraciət edim. Atası Əvəz Bayramova gəlincə, Nuray hadisədən sonra onunla görüşməyib. Əvəz bizə zəng edib, qızı ilə maraqlanmayıb. Nuray yavaş-yavaş özünə gəlir. Dərslərini oxuyur, normal həyatını yaşayır. Nuray bu yaxınlarda şeir müsabiqəsində ilk onluğa düşüb”.

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən kobudluğa yol verilməsini əks etdirən videogörüntü yayılmışdı. Həmin görüntülər böyük rezonans doğurmuş, ölkə gündəminin əsas mövzusuna çevrilmişdi. Dövlət qurumlarının müdaxiləsindən sonra ailələr arasında razılıq əldə olunmuşdu.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti