Ollandın təklifinin arxasında nə gizlənib? – Millət vəkili açıqladı

Ollandın təklifinin arxasında nə gizlənib? – Millət vəkili açıqladı
  11 Mart 2017    Oxunub:2814
“Fransanın olub-keçmiş dövlət başçıları arasında özünün ən aşağı reytinqiylə fərqlənən və bu üzdən də ikinci dəfə seçkiyə getməyə cəsarət etməyən Fransua Hollandın ölkələrinin "kiçik bacısı" adlandırdıqları Ermənistanın prezidenti Serj Sərkisyanla keçirdikləri görüşdə səsləndirdiyi bəzi fikirlər ilk növbədə onun heç də parlaq görünməyən öz gələcəyinə hesablanıb. İstəyir bununla erməni diasporunun sözün hər anlamında hörmətini əldə etsin”.
Bu fikirləri millət vəkili, siyasi icmalçı Sahib Alıyev Fransua Ollandın Serj Sarkisyanla görüşdən sonar səsləndirdiyi fikirləri şərh edərkən deyib. O, bildirib ki, tutduğu postun məsuliyyətini dərk edən ciddi siyasətçi "bacı-bacı oyunu" oynamamlı, ölkəsinin imicinə zərər verən, onun vasitəçilik missiyasıyla bir araya sığmayan bu cür birtərəfli fikirlər səsləndirməməlidir:

- Fransa Minsk qrupuna həmsədrlik edən bir dövlət kimi Dağlıq Qarabağ probleminin həllini öz üzərinə götürüb. Cənab Hollandın cəbhədə nəzarəti təmin etmək üçün mexanizmlər yaratmaq və "hətta sülhü təhdid edən əməllərə qarşı sanksiyalar" haqda çağırışı isə problemin həllinə deyil, status-kvonun saxlanmasına xidmət edir ki, bu da onun ölkəsinin, eləcə də digər həmsədr dövlətlərin prezidentlərinin 2009-cu il Akvil və 2009-cu il Muskok bayanatlarıyla üst-üstə düşmür. Məhz həmsədr dövlətlərin prezidentləri verdikləri həmin birgə bəyanatlarda status-kvonun qorunub saxlanmasının yolverilməzliyi vurğulamışdı və 26 may 2011-ci ildə Fransanın Dovil şəhərində onlar yenidən öncə səsləndirdikləri təklifdən başqa ayrı çıxış yolu olmadığını dilə gətirmişdilər.

Millət vəkili xatırladıb ki, status-kvonu kimin qoruyub saxlamağa çalışdığı sirr deyil – bu, Ermənistandır. Və o da sirr deyil ki, cəbhədə nəzarət mexanizmini tətbiq etmək təkifi də Ermənsitan və onun havadarlarından gəlir. Bunun da arxasında duran əsas niyyət yenə məhz status-kvonun qorunub saxlanmasını təmin etməkdir: “Regionda yaranmış vəziyyətə görə, əlbəttə, sanksiyaya da, hətta güc arbitrajına da böyük ehtiyac var və həm də bu çoxdan tətbiq edilməli idi. Özü də Fransanın da daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsi yerinə yetirilmədiyi üçün. BMT nizamnaməsinin 7-ci bəndindəki 39, 41 və 42-ci maddələr işğalçı Ermənistana qarşı nəinki sanksiya, hətta birgə güc tətbiqini də nəzərdə tutur. Əgər Fransa kimi bir dövlət öz statusuna, tutduğu yerə və beynəlxalq normalara uyğun davransa, işğalçı Ermənistandan ali beynəlxalq sənəd olan BMT nizamnaməsinə, qurumun Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 822, 853, 874, 884 saylı qətnamələrinə əməl olunmasını tələb etsə, "cəbhədə nəzərət mexanizminin möhkəmləndirlməsi"nə ehtiyac qalmaz. Çünki onda cəbhənin özü olmayacaq. Cəbhədə "nəzarət mexanizmini möhkəmləndirmək" cəhdi isə ən yaxşı halda status-kvonun daha da uzadılmasını təmin etməkdən başqa bir şey deyil. Bu, eyni zamanda Ermənistanın işğal etdiyi torpaqların tərəflər arasında de-fakto sərhəd rolu oynadığının təsbiti demək olardı ki, Azərbaycan buna heç vaxt gedə bilməz və cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, getməsi də mümkün deyil”.



Teqlər: #Olland   #Qarabağ   #Fransa   #Cəbhə  





Xəbər lenti