Quqark faciəsi: “Azərbaycanlıları diri-diri yandırırdılar” (MÜSAHİBƏ)

Quqark faciəsi: “Azərbaycanlıları diri-diri yandırırdılar” (MÜSAHİBƏ)
  30 Mart 2017    Oxunub:24153
IX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər bölgəni sözün əsil mənasında “qan çanağı”na çevirdilər. Ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dəfələrlə təkrarlandı.

Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi ən amansız, dəhşətli cinayətlərdən biri Quqark qırğınıdır.

1988-ci ilin noyabrında erməni quldur dəstələri ilk soyqırımı aktını Quqark rayonunun Vartanlı kəndində törədib. Əvvəllər sırf azərbaycanlıların yaşadığı bu kənd Böyük Qarakilsə (sonralar Kirovakan, hazırda Vanadzor) şəhərinin inzibati-ərazisinə daxil olub. 1955-ci ildə kəndin adını dəyişdirərək Şaumyan qoyublar. 1964-cü ildə Quqark rayonu yaradılarkən Vartanlı kəndi həmin rayonun inzibati-ərazi bölgüsünə daxil edildi. Kirovakan şəhərinə bitişik, Kirovakan-Dilican magistral yolunun üzərində yerləşən bu kəndin yaxınlığında meşənin içərisində məktəblilər üçün istirahət düşərgələri salınıb. Yerli azərbaycanlılar və ermənilər bir qayda olaraq bu kəndin adını “Vartana” deyə çağırırdılar. Lakin rəsmi sənədlərdə kəndin adı “Vartanlı” kimi qeyd edilirdi. Kənddə beynəlmiləl məktəb vardı. Qırğınlar ərəfəsində məktəbin direktoru azərbaycanlı, kənd sovetinin sədri isə erməni idi.



Ulu babası Kərbalayi Mustafanın məzarı Vartanlıda yerləşən tarixçi-alim Nazim Mustafa AzVision.az-a müsahibəsi zamanı Quqark qırğını, Vartanlı faciəsi ilə bağlı gizli qalmış məqamlardan söhbət açıb:

“20- əsrin əvvəllərində tamamilə azərbaycanlılar yaşayan Vartanlı kəndində 1988-ci ilin sonunda ermənilər çoxluq təşkil edirdilər. Kirovakan erməniləri Edik Martirosyanın başçılığı altında noyabrın 26-dan 27-nə keçən gecə kəndə silahlı hücum edirlər. Həmin gün güclü qar yağır, boran əsirmiş. Azərbaycanlıların əksəriyyəti erməni silahlılarından ibarət maşın karvanının kəndə daxil olduğunu görüb, evlərini tərk edib, ətrafdakı meşələrə tərəf çəkilməyə məcbur olublar.

Erməni quldurları əvvəlcə kənddə rastlarına çıxan Mehralı İsgəndərovu ağaca bağlayıb, onun gözləri qarşısında arvadı Xanım İsgəndərovanın boynuna kəndir keçirib hər cür təhqir edərək, kəndin içində gəzdiriblər.

Onların 9-cu sinifdə oxuyan oğlu Alim hadisədən xəbər tutaraq ata-anasını xilas etmək üçün ov tüfəngini götürüb dağdan ermənilərə atəş açmağa məcbur olub. Ermənilər güllələri dolu kimi Alimin üzərinə yağdırıb. Yaralı Alimi ata-anasının gözləri qarşısında yanan tonqalın içinə atıblar. Bu dəhşətli mənzərəni görməmək üçün anası Xanım özünü Pəmbək çayına atıb ki, boğulsun. Ermənilər onu çaydan çıxarıb işgəncə ilə öldürüblər”.

Nazim Mustafanın sözlərinə görə, vəhşicəsinə döyülüb hər cür təhqirlərə məruz qalan Mehralı İsgəndərov oradaca dünyasını dəyişib:

-Noyabrın 26-da “Qarabaq” hərəkatı fəallarının təhrikci çıxışlarından qızışmış 500 nəfər Kirovakan sakini Şaumyan (Vartanlı) kəndinə doğru hərəkət edib. Vuruşma iki gün davam edib, silahlı atışma olub. Hadisə nəticəsində ölənlər olub. Bundan əlavə Kuybışev kəndində də qırğınlar törədilib, orada da tələfat olub. Hərəkatın fəallarının köməyi ilə yaradılmış “özünümüdafiə dəstələri” yollarda qoyduqları postlarda azğınlıqlar törədiriblər. Azərbaycanlı kəndlərinə ərzaq köməyi göstərən ermənilər döyülürdülər.



Həmin ərəfədə Ermənistan SSR Ali Sovetinin, Nazirlər Sovetinin və KP MK-nın orqanı olan “Kommunist” qəzeti “Fəlakət anı, məsuliyyət anı” adlı məqlədə dərc olunmuşdu. Ermənistan mətbuatı Şaumyan (əvvəlki adı Vartanlı) qırğınları haqqında yalnız “atışma olmuşdur, tələfat var” sözlərini qeyd etməklə kifayətlənmişdi.

Şaumyan (Vartanlı) kəndi Kirovakan şəhərinə bitişik olmasına baxmayaraq, inzibati-ərazi bölgüsünə görə Quqark rayonuna daxil idi. Şaumyan (Vartanlı) faciəsi öz ssenarisinə görə 1918-1920-ci illərdə Gümrü-Qarakilsə bölgələrindəki silahsız azərbaycanlılar yaşayan kəndlərə erməni quldurlarının hücumları zamanı törədilən vəhşiliklərin təkrarı idi. Təəssüf ki, dünya ictimaiyyəti Ermənistandakı nə 1918-1920-ci illər, nə də 1988-1989-cu illər qırğınları haqqında xəbər tutmayıb”.

Nazim Mustafa, həmçinin qeyd edib ki, ermənilər bir əsrdə Vartanlı kəndində iki dəfə azərbaycanlılara qarşı soyqırım törədiblər:

- Onlar “adımı sənə qoyaram, səni də yana-yana” prinsipi ilə Azərbaycan xalqını vəhşi kimi qələmə verməklə, ictimai rəy yaratmağa çalışıblar. Vartanlı qırğınlarının üstündən sükutla keçib, onu ört-basdır etməklə yanaşı, özlərinin törətdikləri Sumqayıt qırğınlarına siyasi qiymət verilməsini tələb etmək məhz ermənilərə məxsus həyasızlıq idi.

Ermənistan Respublikası Prokurorluğunun bu cinayət işi ilə bağlı SSRİ Prokurorluğuna göndərdiyi cavabında deyilir:

İsgəndərov Mehralı Həsən oğlu, 1938-ci ildə anadan olmuş, Vartanlı kənd sakinidir. 1988-ci ildə millətlərarası toqquşma nəticəsində öldürülüb, Vartanlı kənd qəbiristanlığında basdırılıb. Onun meyiti 1989-cu ilin sonunda qohumları tərəfindən çıxarılaraq Azərbaycanda yenidən dəfn edilib.

SSRİ Prokurorluğu cinayət işi qaldırıb. Cinayətkarlar tapılmayıb: “İsgəndərovların üçünün də haqqında verilən cavabın sonunda deyilir: “Cinayətkarlar tapılmayıbdır.” Görəsən, bütöv kənd camaatının gözü qarşısında baş verən qırğınların icraçılarını doğurdanmı SSRİ Prokurorluğunun işçiləri əlləşib aşkara çıxara bilməyiblər? 1941-1945-ci illər müharibəsində bir qolunu itirmiş 69 yaşlı Qərib Bayramovun evi kəndin yuxarı hissəsində olduğundan, İsgəndərovların faciəsindən geç xəbər tutub. Çayın kənarına enib meyitləri gördükdən sonra evə qayıdıb üstlərini örtmək üçün bir şey gətirmək istəyib. Bu vaxt arxadan onu balta ilə vurub yanan tonqalın içinə atıblar.

Ermənistan Prokurorluğunun cavabında isə deyilir: “Bayramov Qərib İsmayıl oğlu, 1919-cu ildə anadan olmuş, Şaumyan kəndinin keçmiş sakini, 1988-ci ildə Şaumyan kəndinin erməni əhalisi tərəfindən öldürülmüş, meyit yarı yandırılıb”



Öz qonşusunun başına arxadan endirdiyi zərbədən qanına qəltan edilən, kəndin ağbirçəyi Hüseynova Leyli haqqında göndərilən cavabda deyilir: “Hüseynova Leyli Həsən qızı, 1925-ci ildə anadan olub, Vartanlı kəndinin sakini, 1988-ci ilin noyabrında millətlərarası toqquşma nəticəsində öldürülüb və Vartanlı kənd qəbiristanlığında basdırılıb. 1989-cu ilin axırlarında onun meyiti qohumları tərəfindən Azərbaycana aparılıb yenidən dəfn edilib. SSRİ Prokurorluğu cinayət işi qaldırmış, cinayətkarlar tapılmayıb”.

Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılıb. Lakin Vartanlı erməniləri bu cür insani hisslərdən uzaq idilər. Onlar azğınlaşmış dəstənin önündə gedir, azərbaycanlıların sığındığı evləri nişan verirmişlər. Azğınlaşmış dəstəyə isə Şaumyan kənd sovetinin sədri C.Arakelyan bələdçilik edib. Süleyman Məmmədov qonşusu Mexaqın evində gizlənibmiş. Mexaq isə onu quldurlara təhvil vermiş, onlar isə maşın təkərlərini yandırıb S.Məmmədovu diri-diri odun içinə atmışdılar. Namərd qonşu isə tutduğu işdən həzz ala-ala, tükürpədici səhnəyə tamaşa etmişdi. Cinayətkarlar yenə də “tapılmayıb”.

Ermənistan Prokurorluğunun cavabı: “Məmmədov Süleyman Qənbər oğlu, 1938-ci ildə anadan olmuş, Vartanlı kəndi sakini, 1988-ci ilin noyabrında millətlərarası toqquşma nəticəsində öldürülüb və Vartanlı kənd qəbiristanlığında basdırılıb. 1989-cu ilin axırında qohumları tərəfindən Azərbaycanda yenidən dəfn edilib. SSRM Prokurorluğu cinayət işi qaldırmış, cinayətkar tapılmayıb.”



Ümumiyyətlə, təkcə noyabrın 26-27-də Vartanlı kəndində 14 nəfər azərbaycanlı vəhşicəsinə öldürülüb və yandırılıb. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə gündüzlər gizlənib yalnız gecələr yol gedərək 13-14 gün ərzində Azərbaycana çatıblar. Onlarca vartanlılar dağlarda itgin düşüblər. Toqquşma zamanı aldıqları bədən xəsarətindən, yollarda tutulduqları xəstəlikdən sonra Azərbaycana gələn onlarca vartanlılı vəfat edib, çoxları şikəst olub. Ümumiyyətlə, Quqark rayonunla ermənilərin törətdiyi qırğınlar nəticəsində 30-dan artıq azərbaycanlı qətlə yetirilibdir.

Quqark faciəsi Ermənistan rəhbərliyi tərəfindən ört-basdır edilib. Sonralar, yəni 1989-cu ildə Ermənistan KP MK bürosu Quqark rayon partiya komitəsinin birinci katibi LBağdasaryanı və RİK-nin sədri S.Kazaryanı işdən azad etməklə kifayətlənib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: #Quqark   #Soyqırım   #ErməniCinayətləri   #31mart  





Xəbər lenti