Heydər Əliyev və iqtisadi islahatlar

Heydər Əliyev və iqtisadi islahatlar
  14 Aprel 2017    Oxunub:5908
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Ümumilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatı sahəsində verdiyi töhfələr deyəndə, ilk xatırladığım hələ uşaqkən televiziya kanallarında, reklam lövhələrində oxuduğum bu cümlədir.
26 il əvvəl müstəqilliyini yeni bərpa etmiş ölkə düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərlə boğulurdu. Ölkədə yaranmış xaos, hərc-mərclik məticəsində xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Müstəqil Azərbaycan dövlətinin xaosdan çıxarılması, günü-gündən möhkəmləndirilməsi, inkişaf edirilməsi, iqtisadiyyatının gücləndirilməsi istiqamətində vacib və təxirəsalınmaz addımların atılması lazım idi. Bu isə uzun illər Azərbaycan üçün çalışan, onu qabaqcıl ölkələrdən birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan bir şəxsiyyətlə-Heydər Əliyevlə mümkün olardı.

Hələ 1969-cu ildən Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə ölkənin iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verilib. Məhz iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılan addımlar bu gün Azərbaycanın dünya ölkələri sırasında yer almasına, dünyada vacib ölkələrdən birinə çevrilməsinə səbəb olub.

Dahi siyasət korifeyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılıb, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olunub, yeni sənaye sahələri yaradılıb, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırılıb, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqeyə yiyələnib, istehsal olunan məhsulların keyfiyyəti yaxşılaşıb. 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yaranıb. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılıb. Həmin vaxtlar Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Həmçinin 1970-ci ildən Azərbaycanda neft sənayesinin inkişaf etdirilməsi ilə “qara qızıl” Azərbaycan xalqına xidmət edən sahəyə çevrilməsinin əsası qoyulub.

Paytaxt Bakıya, Azərbaycanın rayonlarına gözəllik verən yüzlərlə yaşayış binası, mehmanxana, ölkə iqtisadiyyatında mühüm rol oynayan iri istehsal kompleksləri, su anbarları, yaşıllıq zonaları, istirahət ocaqları, yollar Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Ümummilli liderin həmin dövrü xatırlarkən dediyi sözlərə diqqət etmək yerinə düşərdi: "1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır".

Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində görkəmli şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ən böyük nailiyyət isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmasıdır.

Məhz ulu öndər Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi-siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi: "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi və s. tədbirlər aqrar bölmənin inkişafına təkan verib, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparılıb, yeni sahələr yaranıb, məzmunca fərqli münasibətlər formalaşıb.
Respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alınıb. Beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyulub.
Müəllifi Azərbaycanın görkəmli şəxsiyyəti Heydər Əliyev olan iqtisadi strategiyanın həyata keçirilməsinə 1994-cü ilin sentyabrında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın bir neçə ölkəsinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) arasında Xəzər dənizin Azərbaycan bölməsindəki "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlanıb.

Müstəqil Azərbaycanın yeni tarixinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr 1994-cü il bugünkü və gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq. "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

1997-ci ildən sənaye məhsullarının buraxılışında artım müşahidə edilib, bu sıradan neft emalı, metallurgiya, ağac emalı, şüşə və çini-saxsı məhsullar istehsalında artım daha yüksək olub. Digər istehsal sahələrində geriləmənin sürəti azaldılıb, bəzi hallarda isə bu meyl tamamilə dayandırılıb, hasilat sənayesi ilə yanaşı, qeyri neft sektoru da inkişaf etdirilib.
Ümummilli liderin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də ölkə regionlarının tarazlı və davamlı inkişafının təmin edilməsi olub. Heydər Əliyev Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Bu baxımdan, 1995-2003-cü illəri regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşər. Bununla belə, o dövrdə bazar münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, milli sahibkarlar sinfinin formalaşması regionların hazırkı inkişafına əlverişli zəmin yaradıb.

Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verib. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi beynəlxalq institutlarla səmərəli əməkdaşlıq yaradılıb.

Görkəmli şəxsiyyət Heydər Əliyev tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlanılıb və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanılıb. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkəmizdə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olunub.

Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlanıb. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artıb, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirilib. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olunub.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Bir sözlə, Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir.
Əsası ulu öndər tərəfindən qoyulmuş sosial–iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılmış nailiyyətlər daha da möhkəmləndirilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın şaxələndirilməsi təmin olunub, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.

Prezident İlham Əliyevin ümummili lider Heydər Əliyevin müəyyənləşdirdiyi startegiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanaqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb.

Aytən Bağırova
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.






Teqlər:





Xəbər lenti