Məmmədyarov Laosda görüşlərini davam etdirir

Məmmədyarov Laosda görüşlərini davam etdirir
  15 Sentyabr 2017    Oxunub:2597
Xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində Milli Assambleyasının Sədr müavini Vyenqlouanq Boufa ilə görüşüb.
XİN-dən AzVision.az-a verilən xəbərə görə, Milli Assambleyasının sədr müavini Vyenqlouanq Boufa Azərbaycan nümayəndə heyətini səmimiyyətlə qarşıladı və bu səfərin ölkələrimiz arasında dostluğun inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin təşviqi və inkişafı baxımından vacibliyini deyən Nazir Elmar Məmmədyarov 18-20 iyun 2017-ci il tarixində Laoslu həmkarının Azərbaycana rəsmi səfərini xoş təəssüratlarla xatırladaraq, Laosa ilk rəsmi səfərindən məmnunluq hissi keçirdiyini bildirdi.

Nazir Elmar Məmmədyarov parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik olduğunu qeyd edərək, qanunverici orqanlarda dostluq qruplarının yaradılmasının təşviq edilməsinə diqqəti çəkdi.

Görüşdə tərəflər humanitar sahədə, xüsusən də təhsil sahəsində hələ Sovet İttifaqı dövründən başlayan uğurlu əməkdaşlığın genişləndirilməsi, tələbə və tədqiqatçıların mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğuladılar. Qeyd olundu ki, 2000-dən artıq laoslu Azərbaycanda təhsil alıb və onlar müxtəlif sahələrdə Laosun inkişafında yaxından iştirak edirlər.

Elmar Məmmədyarov Azərbaycanın regionda rolu, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur və enerji layihələri barədə həmsöhbətə məlumat verərək diqqəti Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, münaqişənin həll edilməsi istiqamətində aparılan danışıqlar barədə danışdı.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndiriməsi, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikri mübadiləsi aparıldı.

AzVision.az


Teqlər: XİN   Laos  





Xəbər lenti