Dərsdən qaçan, müəllimi ilə dalaşan tanınmışların məktəb xatirələri

Dərsdən qaçan, müəllimi ilə dalaşan tanınmışların məktəb xatirələri
  05 Oktyabr 2017    Oxunub:6553
Bu günlə bağlı yazı hazırlayarkən yadıma bir neçə ay əvvəl oxuduğum yəhudi məktəb direktorunun müəllimlərə ünvanladığı məktub düşdü. Məktubun mətni təxminən belə idi:
“Mən konslagerlərdə çox savadlı peşə sahiblərinə rast gəldim. Ancaq təəssüf ki, onlar bu savadlarından, qazandıqları elmlərdən insanları öldürmək üçün istifadə edirdilər. Ona görə də sizə məsləhətim budur ki, şagirdlərinizə elm verməmişdən öncə, onları insan kimi yetişdirin”.

Bu mətndə nə qədər həqiqət var. Doğurdan da verilən elmin, biliyin paralelində mütləq insan amili dayanmalıdır. Əks halda pis insanın verdiyi elm tikanlı gül kimi olacaq. Hər toxunduqca əlinizə batacaq.

Bu gün Azərbaycanda Müəllimlər Günü qeyd olunur. Müəllim elə varlıqdır ki, illər ötsə də, onu unutmaq mümkün deyil.

AzVision.az tanınmışlar arasında sorğu keçirərək müəllimlərini necə xatırladıqlarını öyrənməyə çalışıb.



Jurnalist İbrahim Nəbioğlu qəlbində və düşüncələrində 3 müəllimin yaşadığını söyləyib:

“Orta məktəbdəki riyaziyyat müəllimim Valeh Hacıyev, elmi rəhbərim akademik Azad Mirzəcanzadə və atam – professor Nəbi Yaqubov.

Mənə riyaziyyat və fizikanı, ümumiyyətlə, dəqiq elmlərə olan sevgini atam yaradıb. Bir dəfə də olsun dərslərimlə məşğul olmaz, bir misal və məsələdə kömək etməzdi. Amma əvəzində mənə masa arxasında saatlarla oturmağı, zəhmət çəkməyi və öz üzərimdə çalışmağı öyrətdi. Çox böyük şəxsi kitabxanası vardı və mənə orada, o sehirli əhatədə uzun-uzun tək qalıb, kitabların içində vaxt keçirməyi sevdirdi. Mənim ədəbiyyata, kitaba olan marağım da atamdan keçib. Evimizdə kitab və kitabxana kultu var idi, bəlkə mənim Borxes ehtirasım da ordandır.

Orta məktəbin son 4 ilində Valeh müəllim riyaziyyat və həndəsə müəllimim olub. Çox gənc olmasına baxmayaraq, o qədər istedadlı və idealist idi ki, orta məktəblə bərabər Pedaqoji institutda da dərs verirdi. Mən orta məktəblə bərabər paralel musiqi məktəbinə də gedirdim. Orada da sevdiyim müəlliməm Svetlana Yefimovna Kundış idi. Amma indi anlayıram ki, əsil musiqi elə Valeh müəllimin riyaziyyatı idi.

Atamın məsləhəti və Valeh müəllimin təkidi ilə ‘’Tətbiqi riyaziyyatı’’ seçdim. Tələbəlik illərində Rəşid Məmmədov, Gümrah Cəfərli, Vaqif Pirməmmədov kimi nəhəng insanlar mənə dərs veriblər. Amma həyatımda ən böyük rolu görkəmli alim, akademik Mirzəcanzadə oynayıb. Mənə və aspirant dostlarıma elə bir düşünmə və çalışma metodları öyrətdi ki, hələ də onlara riayət edir, onun kimi ‘’İxtisasa giriş’’ etməyə cəhd edirəm.

Dünyasını dəyişmiş bütün müəllimlərimin ruhları qarşısında başəyərək onları sonsuz sevgi və hörmətlə anıram”.



Jurnalist Nəsimi Nəbizadə ilk sinif müəlliminin onun həyatında böyük rol oynadığını bildirib: “İlk sinif müəlliməmi hər il 25 mayda ziyarət edirdim, indi o, dünyasını dəyişib. Sonralar mən anladım ki, birinci sinif müəllimləri - yəni adama,ilk hərfi tanıtdıran, ilk hərfi yazmağı öyrədən şəxslər həm də təlimçidilər. Məsələn, sirkdə canlılara təlim keçən mütəxəssislər kimi… Çünki yaxşı müəllimlər elə ilk günlərdən nəinki yazıb-oxumaq, insana davranış qaydalarını da öyrədirlər”.



Millət Vəkili Aqil Abbas orta məktəb müəllimlərini xoş xatirələrlə anıb.

“Mənim Cəfər adlı fizika-riyaziyyat müəllimim olub. 8-9 cu siniflərdə bizə dərs deyib. O, sonradan bizim məktəbdən ayrılıb Xankəndində açılan Pedoqoji instituta dərs deməyə getdi. 4-5 il bundan öncə Ağcabədidə Pedaqoji universitetin filialında müəllim və tələbələrlə görüşümüz zamanı qarşılaşdıq. Orada dedim ki, mənim Cəfər adlı çox sevdiyim fizika-riyaziyyat müəllimim olub. Çox savadlı bir adam idi. Ancaq sonradan bizim məktəbdən ayrıldı deyə, ondan xəbərim olmadı. Neçə ildir görmürəm. Çox görmək istəyərdim, mənim üzərimdə zəhməti böyükdür. Bunları deyirdim ki, gördüm hamı mənə təəccüblə baxır.

Sən demə, Cəfər müəllim indi də burada dərs deyirmiş. O, mən danışdıqca kövrəlib ağlayırdı. Yanına gedib görüşdüm. Dedi, sənlə salamlaşmağa utandım. Dedim, mən xəcalət çəkirəm ki, müəllimimin burada olduğunu bilməmişəm. Ağcabədinin deputatıyam, neçə ildir ora gedib-gəlirəm. Amma onu görməmişdim.

Məktəbdə dərslərim yaxşı oxumuşam. Buna baxmayaraq, cəza da almışam, müəllimdən sillə də "yemişəm". Ancaq elə də dəcəl uşaq olmamışam. Leninin “oxumaq, oxumaq” prinsipinə əməl edirdim. Ancaq orta məktəbdə etmədiklərimin heyfini universitetdə çıxmışam. Dərsdən də qaçırdım, oxumadığım da olurdu. Arada dava da edirdim. Vilayət Quliyevlə, Teymur Kərimovla bir yerdə oxumuşam.

Qrupumuz çox güclü idi. Onların içində ərköyünlük edən, dərsdən qaçan mən idim. Vilayət Quliyev bir neçə dil öyrənmişdi. Onun xüsusi dil öyrənmə qabiliyyəti var idi”.



Xalq artisi Gülyanaq Məmmədov onu ilk dəfə səhnəyə çıxaran müəlliməni unutmadığını deyib:

“Sinif müəlliməm Xuraman xanımı heç vaxt yaddan çıxarmamışam. Məni ilk dəfə səhnəyə əlifba bayramında çıxartmışdı. “Nargilə” mahnısını öyrətmişdi mənə. Bundan sonra oxumağa həvəsim artdı. Elburus, Dilşad, Qərənfil, Oktay kimi müəllimlərimi də unutmamışam . Onların üzərimdə çox böyük zəhmətləri var. Hamısı deyirdi ki, “bala, sənin gələcəyin var, dərslərini yaxşı oxu”. Onların inamını doğrultduğum üçün çox xoşbəxtəm.

Kənd yerində yaşayırdıq, təsərrüfat işləri çox idi. Anama kömək etmək məqsədi ilə əmək və idman dərslərindən qaçırdım. Bununla belə gecə dərslərimi oxuyurdum. Bir dəfə Oktay müəllim məni cəzalandırmışdı. Buna görə ondan küsdüm, məktəbdəki tədbirdə oxumaq istəmədim. Evə adam göndərdilər, nənəm məni qabağına qatıb apardı məktəbə. Oktay müəllim gəlib başımı sığalladı, alnımdan öpdü, barışdıq.

Bir dəfə də başıma bağladığım lentim “jaket”imə ilişib, mən də elə bilmişəm ki, arxa partada oturan oğlan mənim saçımı dartır. Çönüb oğlana dərsin ortasında bir sillə vurdum. Uşaq səksəndi. Müəllim də mənimlə dalaşdı. Dedim ki, saçımı dartır. Oğlan da and içirdi ki, ”dədəmin canı üçün mən dartmamışam”. Sonra məlum oldu ki, oğlanı nahaqdan vurmuşam. Həmişə onu yadıma salanda utanıram”.



Aktrisa Firəngiz Mütəllimova da ilk müəllimi ilə bağlı xatirələrini bizimlə bölüşüb:

“Müəllimim Böyükağa Kazımov məni həddindən artıq çox istəyirdi. Aaktrisa olmağıma isə heç razı deyildi. Deyirdi, çətin sənətdir. Lakin gördü ki, bu sənətdən bərk yapışmışam, mənə dəstək olmağa başladı.

Tələbə olan zaman ilk dərs günü dərsə gecikmişdim. Çünki metroya səhv minib, depoya getmişdim. Dərsə gecikdiyimə görə müəllim məni danladı, mən də ağladım.

Məktəbdə oxuyanda bir dəfə ailəmizdən icazəsiz meşəyə gəzməyə getmişdik. Mən qardaşımla bir sinifdə oxuyurdum. Buna görə məktəbin direktoru Xavər müəllimə bütün valideyinləri bir yerə yığıb, icazəsiz meşəyə getdiyimizi dedi. Evdə bizi yaxşıca döydülər.

Çox vaxt dərsdə gülürdüm. Buna görə də müəllimə məni küncdə saxlayırdı. Ordada gülürdüm, dayanmırdım”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Məktəb   Müəllim  





Xəbər lenti