Alı Mustafayevin oğlu: “Atam həmin gün öləcəyini bilirdi” – MÜSAHİBƏ

Alı Mustafayevin oğlu: “Atam həmin gün öləcəyini bilirdi” – MÜSAHİBƏ
  20 Noyabr 2017    Oxunub:71090
“Turqut Özal atamdan xahiş edib ki, oğlun olsa, adını Özal qoyarsan”
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 26 il ötür. Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olub.



Qarakənd faciəsinin qurbanlarından biri məşhur telejurnalist, publisist-şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafa oğlu Mustafayev olub.

Alı Mustafayevin hazırda Türkiyədə yaşayan oğlu Özal Mustafayevun AzVision.az-a müsahibəsini təqdim edirik:



-Sizə təşəkkür edirəm ki, hər il belə günləri yad edirsiniz. Bu hadisə mənim 1 yaşım olanda baş verib. Yəni 26 il bundan qabaq. O vaxtlar mənim yadımda deyil. Bizə deyilən məlumatları xatırlayıram. Bu, bizim hamımızın kədəridir. Atamla birlikdə orada dəyərli jurnalistlərimiz həlak olub. Təəssüf ki, atamı heç vaxt görməmişəm. Biz atamızın yoxluğunu hiss etməmişik. Həmişə fəxr etmişik ki, bizim belə atamız olub. Azərbaycanda onun adını daşıyan məktəblər, küçələr var. Çox vaxt atam haqqında kitablardan məlumatlar oxuyuruq. Buna görə atamın yoxluğunu hiss etməmişik. Atam həmişə bizim ürəyimizdə yaşayıb. Təəssüf ki, onu görmək mənə qismət olmayıb.

- Atanızın faciə zamanı həlak olduğunu ilk dəfə necə öyərəndiniz?

-Uşaq vaxtı bilirdim ki, atam yoxdur. Sonralar mənə başa saldılar ki, atam dəhşətli hadisə zamanı həlak olub.



-Sizin fikrinizcə, Alı Mustafayev necə insan olub?

- Anam və qardaşlarımın dediyinə görə, mənim xasiyyətim eynilə atama oxşayıb. Mən daxilən atamın necə insan olduğunu hiss edirəm. Onlar mənə deyirdilər ki, atam çox ürəyi yumşaq insan olub, heç kəsi incitməyib. O, çox çalışqan olub. Axşamlar da işləyirmiş. Onlar anamla birlikdə Bakı Dövlət Universitetində təhsil alıblar.

- Atasız böyümək yəqin ki, sizin üçün də asan olmayıb...

-Anam və qardaşlarım sağ olsunlar, atamın yoxluğunu mənə hiss etdirməyiblər. Maddi olaraq heç vaxt atamın yoxluğunu hiss etməmişəm. Amma mənəvi olaraq atasızlığın nə olduğunu bilirəm. Türklərdə bir məsəl var: “Ata çinar ağacı kimdir. Meyvəsi olmasa da, kölgəsi yetər”. Buna görə həmişə həyatımızda bir əksiklik olub. Fikirləmişəm ki, mənim atam yoxdur. Onun yoxluğu ilə qarşılaşan zaman gözlərim yaşla dolur.



- Hazırda nə işlə məşğul olursunuz?

-Mən uzun illərdir ki, Türkiyədə yaşayıram. Burada diş texniki kimi çalışıram. Bir müddət əvvəl Azərbaycanla Türkiyə arasında lojistik şirkət açmışdım. Bundan əlavə musiqi ilə də məşğul oluram.

-Azərbaycana gəlirsinizmi?

-Sonuncu dəfə Azərbaycana böyük qardaşımın toyunda gəlmişdim. Təəssüf ki, tez-tez gələ bilmirəm.



- Adınınızın nə üçün Özal qoyulduğunun tarixçəsini bilirsinizmi?

-Atam o vaxtlar işə görə tez-tez xarici ölkələrə səfərlər edirdi. Həmin səfərlərin birində Türkiyənin prezidenti Turqut Özalla görüşüb. Turqut Özal atamdan xahiş edib ki, oğlun olsa, adını Özal qoyarsan. Atam buna görə adımı Özal qoyub.

-Azərbaycanda atanıza verilən dəyər sizi qane edirmi?

-Bəli, məni qanə edir. Dostlarım məndən çox sevinirlər ki, belə bir insanın övladıyam.



- Bəs, qardaşlarınız nə işlə məşğul olurlar?

-Biri Azərbaycanda çalışır. Digəri Türkiyədə yaşayır, ailə həyatı qurub. Mən isə bu yaxınlarda nişanlanmışam.



-Qarakənd faciəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Sizin bu barədə hansı məlumatlarınız var?

-Bəziləri deyirlər ki, həmin vertolyotu ermənilər vurmayıb, hadisə guya texniki nasazlıqdan baş verib. Amma biz bilirik ki, həmin vertolyot Qarakənddə ermənilər tərəfindən vurulub.

-Ailədə atanızın yolunu kimsə davam etdirirmi?

- Bildiyiniz kimi, atam həm də şair olub. Ortancıl qardaşım atam kimi yaradıcılıqla məşğul olur. Mən də arada şeirlər yazıram.



-Hansı mövzularda şeirlər yazırsınız?

-Atam həmişə Vətən, ana və yar həsərətli şeirlər yazıb. Mən isə daha çox öz həyatımla bağlı şeirlər yazıram.



-Atanızın həlak olduğu 20 noyabr 1991-ci il tarixi haqqında ananız sizə nələr danışıb? Atanız ora necə getmişdi, bunu bilirsinizmi?

- Hər şey telekanallarda göstərildiyi kimi deyil. Ailənin içində başqa hadisələr baş verə bilər. Mənim atam bir dəfə də vertolyot qəzasına düşmüşdü. Qarakənd faciəsi onun həyatında ikinci qəza idi. Atamın ürəyinə dammışdı. Deyib ki, “mən gedirəm, bir daha geri qayıtmayacağam”. Buna görə ailədə bir az narazılıqlar olub. Anam ona maneə olmağa çalışıb. Atam həmin gün öləcəyini bilə-bilə evdən çıxıb. Geri qayıtmayacağını şeirlərində də yazmışdı:

Mən ölsəm qəbrimin üstünə ancaq gül qoymayın,
Lalədən qeyri, qoy onu sinəmdə böyütsün torpaq.
Əzəldən sinəmdir lalənin yeri...




Bu şeiri oxuyanda həmişə gözlərimiz yaşla dolur. Atam getdi və bir daha qayıtmadı...

Uşaq vaxtı hər il 20 noyabr tarixində Şəhidlər Xiyabanına gedirdik. Atamın məzarı üstündə çıxışlar edirdik. Türkiyədə də Qarakənd faciəsi ilə bağlı tədbirlər keçiririk. Biz onları unutmamalıyıq. Keçmişini unudan insan gələcəyini qura bilməz.



Biz nələr yaşamışıqsa, vertolyot qəzasında həlak olan şəxslərin ailələri də bunu yaşayıb. Onlar çox şərəfli insanların ailələridir. Biz gənclər onları yaddan çıxarmamalıyıq. İndiki gənclər keçmişlərini çox vaxt yada salmırlar. O vaxlar bizim Vətənimiz indiki kimi gül-çiçəkli olmayıb. Vətənimiz üçün canını qurban verən şəxsləri heç vaxt unutmamalıyıq. Təkcə atamı yox, bütün qəhrəmanlarımızı unutmaq olmaz. İnsan gərək öz tarixini bilsin. Biz gənclər təhsil alıb, tariximizi yaxşı bilməlik. Vətənimizin başına gətirilən faciələrdən dərs çıxarmalıyıq. Dost və düşmənimizi yaxşı tanımalıyıq ki, Vətənimizin adı həmişə yüksəkdə dayansın.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Alı-Mustafayev   Qarakənd   Faciə  





Xəbər lenti