Hərbi Prokurorluqda konfrans keçirilib - FOTO

Hərbi Prokurorluqda konfrans keçirilib - FOTO
  30 Noyabr 2017    Oxunub:4679
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-cı il 20 oktyabr tarixli Qanunun qəbulu ilə əlaqədar noyabrın 30-da Hərbi Prokurorluqda konfrans keçirilib.
AzVision.az xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamını ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə davam etdirilən müstəqil dövlət və hüquq siyasətinin, insan hüquq və azadlıqlarına verilən yüksək dəyərin növbəti təzahürü olduğunu və qanunvericilik sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatların yeni mərhələsi hesab edildiyini bildirib.

Diqqətə çatdırılıb ki, həmin Sərəncamın icrası ilə bağlı qəbul olunan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsini nəzərdə tutan bu qanun bir neçə cinayətin, xüsusilə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətlərin dekriminallaşdırılmasını, bir sıra cinayət hüquq normalarının sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunmasını, onların tətbiqi əsaslarının təkmilləşdirilməsini, yeni cəza növü kimi məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasının Məcəlləyə daxil edilməsini, zərərçəkmiş şəxslə barışıq institutunun daha da təkmilləşdirilməsini və digər məsələləri əhatə edib.



Hərbi prokuror qeyd edib ki, yeni qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edilərək 18 cinayət əməli dekriminallaşdırılıb, 24 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi, 25 cinayətə görə ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş edilməsi, 2 cinayətə görə məhkəmə qərarının icrası və ya əmək müqaviləsinin bağlanması şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunub.

Həmçinin bir cinayətə görə narkomanlıq xəstəliyinə düçar olmuş təqsirləndirilən şəxsin tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqindən sonra sağaldıqda cinayət məsuliyyətindən azad edilməsi, 152 cinayət hüquq normasının sanksiyasına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması və 36 cinayətə görə azadlıqdan məhrumetmə cəzasının müddətinin azaldılması nəzərdə tutulub.

İnformasiya-kommunikasiya texnologiyaları şöbəsinin rəisi, ədliyyə kapitanı Səməd Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-cı il 20 oktyabr tarixli Qanununun mahiyyəti, məzmunu, qanunun qüvvəyə minməsi ilə əlaqədar onu tətbiq edən orqanların, o cümlədən prokurorluğun üzərinə düşən vəzifələr, Kadrlar və hüquqi təminat şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Firad Əliyev bu qanunla dekriminallaşdırılmış əməllər və onların müqayisəli təhlili, Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, ədliyyə mayoru Fərəc Sayılov sözügedən qanunla müəyyən edilmiş bəzi konkret maddələr üzrə cinayət məsuliyyətindən müvafiq qaydada azad edilmənin əsasları və onların təcrübədə tətbiqi və Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri İsmayıl Əliyev adıçəkilən qanunla sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzalar əlavə edilmiş və azadlıqdan məhrum etmə cəzasının müddətləri azaldılmış maddələr və onların təcrübədə tətbiqi barədə çıxışlar ediblər.



Çıxışlardan sonra qanunun düzgün və dönmədən tətbiqi ilə bağlı konfrans iştirakçıları arasında geniş fikir mübadiləsi aparılıb. Konfransa yekun vuran Xanlar Vəliyev Prezident İlham Əliyevin verdiyi tapşırıqların, o cümlədən qeyd olunan Sərəncamın və qanunun vaxtında, tam və keyfiyyətli icrasını təmin etmək məqsədilə hərbi prokurorluq orqanları tərəfindən zəruri tədbirlərin görüldüyünü və onların davam etdiriləcəyini vurğulayıb.

AzVision.az


Teqlər: Hərbi-Prokurorluq  





Xəbər lenti