Ramil Usubov Qətər səfiri ilə görüşüb

Ramil Usubov Qətər səfiri ilə görüşüb
  20 Dekabr 2017    Oxunub:1626
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul edib.
DİN-in Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir Ramil Usubov onu həm bu təyinatı, həm də ölkəsinin Milli Günü münasibətilə təbrik edib, dost Qətər xalqına sülh və əmin-amanlıq, cənab səfirə isə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətlərimiz arasında qarşılıqlı etimadın yaradılmasında ümummilli lider Heydər Əliyevin və Qətər Dövlətinin sabiq Əmiri Əlahəzrət Şeyx Həməd bin Xəlifə Əl-Taninin xidmətləri xüsusilə vurğulanıb.

Son illər ikitərəfli əlaqələrimizin dinamik inkişaf etdiyi ölkələrdən birinin Qətər olduğunu qeyd edən daxili işlər naziri R.Usubov dövlət başçıları İlham Əliyev və Şeyx Təmim bin Həməd Əl-Tani arasındakı şəxsi dostluq münasibətlərinin əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verdiyini diqqətə çatdırıb, "Azərbaycan Respublikasının Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq haqqında" Sazişin imzalanmasını xatırladıb. Qarşılıqlı səfərlərin, yaradılan hüquqi-normativ bazanın daxili işlər orqanları arasında da əlaqələrin daha da genişlənəcəyinə xidmət edəcəyi vurğulanıb.

Daxili işlər naziri Ramil Usubov Qətər Dövlətinin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də, İslam Konfransı Təşkilatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini məmnunluqla xatırlatmış, buna görə Qətər Hökumətinə və xalqına minnətdarlığını bildirib.

Daha sonra nazir DİN-in fəaliyyət istiqamətləri və mövcud kriminogen durum barədə qısa məlumat verib. Qeyd olunub ki, müstəqilliyin ilk illərində ölkədə hərc-mərclik, anarxiya, cəzasızlıq mühiti hökm sürüb, cinayətkarlığın səviyyəsi kulminasiya nöqtəsinə çatıb. Yalnız xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, onun rəhbərliyi altında hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti ilə ölkədə sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarət altına alınıb.

General-polkovnik Ramil Usubov səfirdən səmimi salamlarını Qətər Dövlətinin Baş naziri – daxili işlər naziri Şeyx Abdullah bin Nasser bin Xəlifə Əl-Taniyə çatdırmağı xahiş edib və onun Azərbaycana səfərə gələcəyinə ümidvar olduğunu bildirib.

Səfir Yusif bin-Həsən Əl-Sain səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, bütün sahələrdə əməkdaşlığın gündən-günə inkişaf etdiyini, dövlət başçılarımızın qarşılıqlı səfərlərinin bu əlaqələrin daha da genişlənməsinə töhfə verdiyini, indiyədək Azərbaycanla Qətər arasında müxtəlif sahələri əhatə edən bir neçə beynəlxalq hüquqi sənədin imzalandığını, hər iki ölkənin daxili işlər orqanları arasında işgüzar əlaqələrin yaradılmasının əhəmiyyətini vurğulayıb, daxili işlər nazirlərinin də qarşılıqlı səfərlərinin polis təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Səmimilik və işgüzar şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

AzVision.az


Teqlər: DİN   Ramil-Usubov   Qətər   Səfir  





Xəbər lenti